Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur.
Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir.
Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətindən asılıdır: suyun təxminən 80%-i çaylar və yerüstü axınlar, həmçinin yağıntılar və yeraltı sular hesabına formalaşır.
Azalma isə daha çox buxarlanma hesabınadır. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizində suyun artıb-azalması təxminən 200 ildən bir baş verir və son illər azalma daha çox müşahidə olunur. Bunun isə təxminən 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Həmin tarixdən sonra isə prosesin əksini müşahidə edə bilərik.
Əmir Əliyev dənizin sahilində ev və ya hər hansı obyekt inşa edənlərə suyun səviyyəsinin artıb-azalmasını nəzərə almağı məsləhət görür. Çünki həmin tikililər bir müddət sonra su altında qala bilər.