Ağsaqqallar Şurasının sədri hesabat verdi
Cəmiyyət
246
13:37, Bu gün

Ağsaqqallar Şurasının sədri hesabat verdi

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdən öncə Qurultay iştirakçıları Fəxri Xiyabana gələrək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
 
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndlərinin iştirakı ilə keçirilən Qurultayda Dövlət Himni səsləndirildikdən, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir öz işinə başlayıb.
 
Əvvəlcə Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayına ünvanladığı təbrik məktubu oxunub.
 
Qurultayın gündəliyi səsə qoyularaq təsdiq edildikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb və Şuranın 5 illik fəaliyyətinə dair hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Qurultayda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, akademik Ziyad Səmədzadə, professor Aqiyə Naxçıvanlı, professor Vaqif Şadlinski, eləcə də Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, professor Fuad Məmmədov, gənc fəal, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və başqaları çıxış ediblər.
 
Natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan, davamlı inkişaf prosesindən, əldə olunan uğurlardan, eləcə də möhtəşəm Zəfərdən, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın doğma torpaqlarına qayıdışından bəhs ediblər.
 
Bu davamlı inkişaf fonunda ölkəmizdəki ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edərək, dövlətimizin və xalqımızın milli mənafeyinə xidmət göstərən Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən söz açıblar.
 
Şuranın 81 şəhər və rayon təşkilatının 35 mindən çox üzvünün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətimizdə sağlam ictimai münasibətlərin formalaşdırılması istiqamətində bilik və təcrübələrini əsirgəmədiklərini vurğulayıblar. Ağsaqqalların və ziyalıların daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını qeyd ediblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər