Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Moderator.az xəbər verir ki, məhkəmə hakimin və müdafiə vəkilinin zərərçəkənin hüquqi varisi C.Ə-ə sualları və onun cavabları ilə davam edib:
"Oğlumla bu qadın gah dalaşırdılar, gah yaxşı olurdular. Samir əvvəl onu telefon üstündə vurmuşdu. Bunun da səbəbi Elmiranın xəyanəti idi. O, biri ilə gəzirdi. Sonra uşaqlara söz verdi ki, bir də bunu etməyəcək. Ata-anasının da bu xəyanətdən xəbəri vardı. Oğlum sonra o telefonu götürdü, bilmədim necə elədi. Samir ondan boşanmaq istəyirdi. Mən qoymadım ki, "Sənin evlilik yaşında olan qızların var. Sabah qapına gələn elçilərə nə deyəcəksən?". Sözügedən silahı da Samir idman institutunu qurtarıb əsgərlikdən gələndən sonra almışdı. Mənim oğlumun qanı təmiz çıxıb, o siqaret belə çəkmirdi. Elmira özü siqaret çəkirdi. Oğluma demədim, amma Elmiranın anasına xəbər verdim. Anası qayıtdı ki "Nə olsun, qoca arvadlar da siqaret çəkir da". Bu qadın evimin düzənini pozdu. Oğlum nə qədər sağ idi, övladlarına nəzarət edirdi. İndi qız nəvəmin ikisi də məni sayıb məsləhətləşmədən Türkiyədə evləniblər. Bu qadın uşaqlara oğlumu pisləyirdi, bütün gün beyinlərinə yeridirdi ki, atanız sizi atıb gedib".
Şahid Ə.A təqsirləndirilən E.Əliyevanı əvvəllər qızı kimi çox istədiyini deyib:
"Yoldaşımla Türkiyə getdik, bizi Samir yola saldı. İki gün sonra Elmira ağlaya-ağlaya zəng elədi ki "Papa, Samir yoxdur, gedib". Mən dərhal Azərbaycana qayıtdım, oğlumun evinə gəldim. Elmira dedi ki, "Samir axşam çox pis, gərgin gəldi. Silahını sökdü, yağladı, bir güllə də göyə atdı. Paltarlarını idman çantasına yığışdırıb çıxıb getdi. Gedəndə də dedi ki, səhərə yaxın gəlməsəm, çıxıb atanın evinə gedərsən. Mənə də 500 manat pul verdi ki, özümə telefon alım ki, əlaqə saxlayaq". Beynimdə o variant yarandı ki, bəlkə Samirin əlindən xəta çıxıb, ondan gizlənir. Getdik 13 polis bölməsinə, məsələni bildirdik. Sonra polis mənə dedi ki "Mən bu qızdan şübhələnirəm, qatil bu qadındır". Samir kriminal yönlü insan da olsa, çox mərhəmətli, yardım sevər insan idi. Müharibə vaxtı dost- tanışları ilə birlikdə əsgər ailələrinə yardımlar edirfi. 2013-cü ilə kimi hər şey yaxşı idi. Sonra hər şey Samirin onun telefonunda yad nömrəni tapmasından sonra pisləşməyə başladı. Elmira yalvarmağa başladı ki, "Papa, nəbadə o telefonu açdırasınız, yoxsa dünya dağılacaq". Sözügedən silahı da ancaq bayramlarda, özəl günlərdə tappatarap atırdı. Bir dəfə atanda qəza ilə çiynimi yaralamışdı".
Növbəti proses 30 aprel saat 15:30-a təyin olunub.
Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az/