Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Ailə kişi ilə qadın arasında nikah ittifaqıdır. Nikah ailənin hüquqi əsasıdır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin qeydiyyat şöbələri tərəfindən bağlanmış nikah tanınır, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil.
Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilir, nikaha daxil olmaq istəyən şəxslər öz istəyi ilə seçdiyi yer üzrə, yəni Ədliyyə Nazirliyinin rayon qeydiyyat və ya ASAN xidmət mərkəzlərdəki qeydiyyat şöbələrinə müraciət edə bilərlər. Ailə məcəlləsinə uyğun olaraq nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına 18 yaşına çatmaları zəruridir.
Nikaha daxil olmaq istəyən şəxslər bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə nikah qeydiyyata alınır, üzrlü səbəb olduqda, nikahın bağlanma müddəti azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər və ya xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda nikah ərizə verilən günü bağlana bilər.
Bəzən elə hallar olur ki, vətəndaşlar işləri və ailə vəziyyətindən asılı olaraq, yaxud ölkə xaricində olduqları üçün qeydiyyat şöbəsinə müraciət edə bilmirlər. Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə xidmətlərindən daha asan və keyfiyyətli istifadəsi üçün vətəndaşlara ədliyyə xidmətlərindən istifadə etmək üçün Ədliyyə Nazirliyinin elektron xidmətlər bölməsində (www.exidmet.justice.gov.az) elektron qaydada müraciətlərin göndərilməsi imkanı yaradılmışdır.
Belə ki, vətəndaşlar elektron səhifəyə daxil olaraq, oradan dövlət xidmətlərini seçib, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı bölməsinə daxil olaraq nikahın qeydə alınması üçün elektron xidmətdən yararlana bilərlər. Nikahın qeydiyyatı üçün elektron müraciət doldurularkən əvvəldən nikaha daxil olmaq istəyən şəxslər nikahların hansı qeydiyyat şöbəsində keçiriləcək yeri müəyyən etməli, müvafiq xanaları doldurub müraciəti göndərməlidirlər. Sonra vətəndaşlara nikahın qeydə alındığı gün barədə onlara e-mail poçt və ya telefon nömrələrinə sms daxil olur. Həmçinin, nikaha daxil olmaq istəyən şəxslər nikah qeydə alınanadək qeydiyyat şöbəsinə digər sənədlərlə yanaşı, tibbi müayinədən keçmələri barədə arayışların əslini də təqdim etməlidirlər. Həmin arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun tərtib olunmalıdır.
Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində də qeydə alına bilər.
Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə nikahın toy mərasimində qeydə alınmaq istəyi barədə məlumat verirlər.
Nikahın bağlanması haqqında qeyd aparıldıqdan sonra vətəndaşlara nikah haqqında şəhadətnamə verilir.
Ər-arvadın hüquq və vəzifələri Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi