Vaşinqtonda siyasi alver: Konqresin müharibə icazəsi Trampın nüfuzunu, yoxsa imperiya imicini xilas edir?
Siyasət
286
19 May 2026 | 23:50

Vaşinqtonda siyasi alver: Konqresin müharibə icazəsi Trampın nüfuzunu, yoxsa imperiya imicini xilas edir?

“Konqres Trampın nüfuzunu deyil, Amerikanın imicini qorumaq üçün ona müharibə icazəsi verə bilər”

Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) Baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib.

Politoloq ABŞ lideri Donald Trampın İrana qarşı ikinci dalğa əməliyyatlarına başlayacağını və bu addımın Konqres tərəfindən təsdiqlənəcəyini istisna etməyib. N. Orduxanlı İran əhalisinin böyük hissəsinin türk mənşəli olmasını əsas gətirərək, mümkün müharibənin yaradacağı ağır fəsadlardan danışıb:

“Biz arzu edərdik ki, Azərbaycanla sərhəddə yerləşən İran İslam Respublikası növbəti dəfə Amerikanın zərbələrinə və raket hücumlarına tuş gəlməsin. İran əhalisinin 50%-dən çoxu türk kökənlidir, 40 milyondan artıq vətəndaşı isə Azərbaycan türküdür. Ümumiyyətlə, biz heç bir müsəlman ölkəsində müharibə getməsini istəmirik. Təbii ki, burada Trampın mövqeyi həlledici rol oynayır. Onun son açıqlamaları İranın raketlərlə vurulacağına eyham vurur və növbəti müharibənin anonsu hesab oluna bilər. Hesab edirəm ki, İran raket zərbələri ilə deyil, Pakistan vasitəsilə ABŞ ilə dialoq qurmalıdır. Münasibətlərin tənzimlənməsi istiqamətində hər iki tərəf addım atmalıdır. Unutmamalıyıq ki, ABŞ dünyanın bir nömrəli hərbi qüdrətinə malik, hərbi büdcəsi trilyon dollarla ölçülən nəhəng dövlətdir. Son qısamüddətli müharibədə İrana 6 mindən çox raket zərbəsi endirilib; nəticədə ölkənin hərbi sənayesi, zavodları, sənaye obyektləri və mülki binaları ciddi zərər görüb, minlərlə vətəndaş həyatını itirib. Düşünürəm ki, tərəflər arasında aparılacaq danışıqlar bu müharibənin davam etdirilməsinin qarşısını ala bilər.”

Siyasi şərhçi İran və ABŞ arasındakı gərginliyin “Epşteyn sənədləri”nin ortaya çıxdığı dövrə təsadüf etməsini qanunauyğun sayır və Trampın bu əməliyyatlarla özünü sığortaladığını qeyd edir:

“ABŞ prezidenti Tramp İranla müharibə məsələsini məhz ölkədə ‘Epşteyn sənədləri’ ətrafında qalmaqalın pik həddə çatdığı vaxtda gündəmə gətirdi. Həmin vaxt Trampa qarşı ağır ittihamlar var idi, onun impiçmentindən tutmuş həbsinə qədər olan ehtimallar müzakirə olunurdu. Noyabrda keçiriləcək aralıq seçkilərini də nəzərə alsaq, Trampın bu gərginliyi süni şəkildə artırması konqresmenlərin diqqətini dövlət imicinin qorunmasına yönəltdi. Doğrudur, əməliyyatlar üçün verilən vaxt bitib, lakin Amerikanın strateji maraqları çərçivəsində Konqresin növbəti dəfə icazə verməsi və İranın raketlərlə vurulması mümkündür.

Görünən odur ki, aralıq seçkilərində Trampın mövqeyini gücləndirmək üçün bu hərbi gərginlik ön plana çıxarılıb. Digər tərəfdən, İran əhalisinin böyük bir qismi yoxsulluq içində yaşayır. Tehran rəhbərliyi nüvə dövlətinə çevrilmək hədəfindən daha çox, öz xalqının rifahını və dövlətin gələcək taleyini düşünərək real addımlar atmalıdır.”

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər