"Qarabağ" artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil.
Moderator.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözel klubun İdarə Heyətinin üzvləri, məşqçi və futbolçu heyəti ilə görüşü zamanı deyib.
Mövsümün yekunlarına həsr olunan tədbirdə çıxış edən klub rəhbəri "Qarabağ"ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyini bildirib:
"Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında mükəmməl oyunlar sərgiləyən bir "Qarabağ" izlədi. Komandamız il ərzində Azərbaycan Premyer Liqasında yüksək səviyyəli və sabit çıxışı ilə çempionatın ön sıralarında qərarlaşdı, ölkə futbolundakı lider mövqeyini bir daha təsdiqlədi. Bununla yanaşı, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı layiqincə təmsil etdik. Komandamız UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.
Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. "Qarabağ"ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdır. O, "Qarabağ"ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridir".
O, transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib:
"Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır. "Qarabağ" uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb.
Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda "Qarabağ"ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk".
Tahir Gözel gələcək mövsümə dair gözləntilərini də bölüşüb. O, "Qarabağ"ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib:
"Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırmışıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə "Qarabağ"ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm "Qarabağ" üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq.
"Qarabağ" olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm Premyer Liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. "Qarabağ" yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək, mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdır".
Klub funksioneri komandanın bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib:
"Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdır. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, komandamızı bir an belə yalnız buraxmayan azarkeşlərimiz bir daha "Qarabağ" ailəsinin gücünü göstərdilər. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atılması da klubumuz üçün xüsusi qürur mənbəyi oldu. İnanıram ki, qarşıdakı mövsümdə də birlikdə yeni rekordlara və yeni uğurlara şahid olacağıq. Əminəm ki, azarkeşlərimiz Avropada da bizi yenə tək qoymayacaq və "Qarabağ"ın ən böyük güclərindən biri olaraq komandamızın yanında olacaqlar. Bir daha futbolçularımıza, məşqçilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və hər zaman tribunada bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm".