"Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri təkcə dağıdılmış şəhər və kəndlərin bərpası deyil, həm də regionda dayanıqlı sülhün, iqtisadi inkişafın və beynəlxalq bağlantılılığın möhkəmləndirilməsinə xidmət edir".
Moderator.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, şəhərsalma yalnız şəhərlərin fiziki inkişafı demək deyil:
"Bu proses eyni zamanda iqtisadi, rəqəmsal, institusional və sosial transformasiyanı əhatə edir".
Nazirin sözlərinə görə, Azərbaycan COP29 çərçivəsində şəhərləri qlobal iqlim gündəliyinin mərkəzinə çıxarıb:
"Biz hesab edirik ki, şəhərlər bir tərəfdən qlobal emissiyaların əhəmiyyətli hissəsini formalaşdırır, digər tərəfdən isə innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin əsas mənbəyidir".
C.Bayramov qeyd edib ki, Azərbaycan öz coğrafi mövqeyini strateji üstünlüyə çevirərək regional inteqrasiya və əməkdaşlıq mərkəzinə çevrilib:
"Biz özümüzü sadəcə tranzit ölkə kimi deyil, dayanıqlı şəhərsalma və regionlararası əməkdaşlıq üçün vacib platforma kimi görürük".
Nazir bildirib ki, bağlantılılıq təkcə nəqliyyat dəhlizləri ilə məhdudlaşmır:
"Bu anlayış sənaye inkişafını, əmək mobilliyini, investisiya axınlarını, mənzil tələbatını və iqlim dayanıqlılığını da əhatə edir".
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə doqquz şəhər, qəsəbə və kənd dayanıqlı tikinti, ağıllı idarəetmə, yaşıl enerji və insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur:
"Bu proses sadəcə, evlərin və yolların tikintisi deyil. Məqsəd keçmiş münaqişə zonalarını iqtisadi artım, bağlantılılıq və insan inkişafı mərkəzlərinə çevirməkdir".
C.Bayramov vurğulayıb ki, Azərbaycan bu məqsədlə indiyədək azad edilmiş ərazilərin bərpasına 15 milyard dollara yaxın vəsait ayırıb:
"Bu, Azərbaycanın regionda sülhə, sabitliyə və qarşıdurma səhifəsinin bağlanmasına səmimi şəkildə sadiq olduğunu göstərir".
Nazir bildirib ki, mina təhlükəsi yenidənqurma prosesinin qarşısında duran ən ciddi maneədir:
"Rəsmi hesablamalara görə, azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış sursat var. Bu təhlükə tikinti işlərinə, kənd təsərrüfatına, iqtisadi fəaliyyətə və insanların təhlükəsiz qayıdışına ciddi əngəl yaradır".
C.Bayramov qeyd edib ki, yeni dəmir yolları, avtomobil magistralları, enerji və rəqəmsal infrastruktur layihələri regionun daha geniş iqtisadi sistemə inteqrasiyasına imkan yaradır:
"Bu investisiyalar mobilliyi, ticarəti, turizmi və məşğulluğu təşviq etməklə yanaşı, Asiya ilə Avropa arasında əlaqələrin güclənməsinə də töhfə verir".
Nazir sonda bildirib ki, şəhərlər yalnız iqtisadi artımın mərkəzi deyil, həm də sülhün, dayanıqlılığın və uzunmüddətli rifahın əsas platformasıdır.