"Müasir dövrdə ənənəvi şəhər anlayışı aradan qalxır. Onun yerini iqtisadiyyatın, infrastrukturun və əmək bazarlarının bir-biri ilə sıx əlaqədə olduğu polisentrik regionlar tutur".
Moderator.az xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti İliyana Yotova WUF13 çərçivəsində təşkil olunan Liderlər Sammitindəki çıxışı zamanı deyib.
"Dünyanın öz gələcəyini müzakirə etdiyi bir məkana çevrildiyi üçün Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bəşəriyyət üçün ən mühüm məsələlərdən biri qlobal mənzil təminatıdır. Hazırda təqribən 2.8 milyard insan normal yaşayış şəraitindən məhrumdur, bir milyarddan çox şəxs isə qeyri-rəsmi yaşayış məskənlərində məskunlaşıb.
Artan qlobal tələbatı qarşılamaq məqsədilə onilliyin sonuna qədər dünyada hər saniyədə bir ev inşa edilməlidir. Mənzil əldə etmək imkanı təkcə bazar iqtisadiyyatı ilə deyil, həm də ədalət prinsipi ilə bağlıdır. Ev - sabit işin, təhsilin, səhiyyənin və cəmiyyətə aidolma hissinin təməlini təşkil edir. Ən inkişaf etmiş şəhər sadəcə yüksək texnologiyalara malik olan deyil, kiminsə özünü təcrid olunmuş hiss etmədiyi məkandır. Bu gün klassik şəhər modeli artıq mövcudluğunu itirib, onu iqtisadiyyat, infrastruktur və əmək bazarlarının dərin inteqrasiya olunduğu polisentrik bölgələr əvəz edir. Biz meqaregionları köhnə metodlarla idarəsini davam etdirərək onların niyə nəticə vermədiyinə təəccüblənə bilərik. Yaxud da yeni reallığı qəbul edib, bu miqyasa uyğun gələn - qarşılıqlı əlaqəli, çoxsəviyyəli və ortaq bir idarəetmə sistemi qura bilərik", - deyə o qeyd edib.