Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ekspertlər və media nümayəndələri iştirak ediblər.
Moderator qismində çıxış edən Medianın İnkişafı Agentliyi İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, müasir dövrdə artan regional və qlobal çağırışlar fonunda sülhün davamlılığı, təhlükəsizlik mühitinin möhkəmləndirilməsi və dayanıqlı inkişafın təmin olunması dövlətlərin əsas prioritetlərindəndir.
O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət regionda əməkdaşlıq əlaqələrinin genişlənməsinə, dialoqun güclənməsinə və etimad mühitinin formalaşmasına mühüm töhfə verir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və mövcud geosiyasi reallıqlar kontekstində regional təhlükəsizlik məsələlərinə toxunub. O vurğulayıb ki, regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin inkişafı və uzunmüddətli sabitliyə xidmət edən siyasi mühitin formalaşması hazırkı mərhələdə xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Fariz İsmayılzadə bölgədəki geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin önəmini qeyd edib. O bildirib ki, dialoqa əsaslanan, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə söykənən yanaşmalar regionda davamlı sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Milli Məclisin deputatı Rizvan Nəbiyev qlobal təhlükəsizlik sistemində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakını və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkənin balanslı və praqmatik siyasəti tərəfdaşlar arasında etibarlı münasibətlərin möhkəmlənməsinə və regional əməkdaşlığın genişlənməsinə xidmət edir.
Tarixçi-alim Rizvan Hüseynov isə qlobal təhlükəsizlik mühitinə təsir edən çağırışlardan bəhs edərək bildirib ki, beynəlxalq münasibətlərdə humanitar dəyərlərin, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi daha dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradır.
Tədbir çərçivəsində iştirakçılar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq proseslərinə təsiri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılmasında medianın rolu xüsusi vurğulanıb.