Ay-ulduzlu bayrağımızı yandıranlarla “ulduzumuz” barışa bilməz
Siyasət
225
12:31, Bu gün

Ay-ulduzlu bayrağımızı yandıranlarla “ulduzumuz” barışa bilməz

Tarixi Azərbaycan şəhərində - İrəvandakı o çirkin hadisənin kadrlarını – qardaş Türkiyənin bayrağına od vurulmasını görəndə ilk ağıla gələn “bunlar düzələn...deyillər”, ifadəsi oldu. Həmkarlarla müzakirələrdə də ilk səslənən, yazılan bu ifadə idi. Hətta gecənin bir aləmində bu görüntünü müzakirə etdiyim ünlü türk diplomatlarından birinin də reaksiyası olaya adekvat idi: “Bunlar adam olmaz. Düşmənliklə bəslənirlər. İt hürər, karvan keçər!”

Son illər bəzilər hayların islah olunduğunu zənn edirdilər. Hətta “dostluq təranələri”ni zümzümə edənlər də artmaqdaydı. Amma hayların “dabbaqda gönünə bələd olanlar” aldanmamağı tövsiyə edərək, təkcə son iki əsrdə başımıza gətirilənləri unutmamağı zəruri sayırdılar. Elə Azərbaycanın dövlət başçısının da dəfələrlə bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasından ötrü həm də tariximizi unutmamağı, qan yaddaşımızı diri saxlamağı önəmli tapşırıq olaraq diqqətimizə çatdırması təsadüf deyildi.

Budur, Ermənistandakı sülh nağıllarının ortaya çıxartdığı mənzərə hər kəsin gözləri qarşısındadır. Bu qədər görüşlər, təmaslar, Türkiyə və Azərbaycana ünvanlı hiyləgər ismarıclaq, sonra da saxta “soyqırım” gününə həsr olunan “məşəl yürüşü”ndə qos-qocaman dövlətin bayrağının yandırılması! Kim bilir, bəlkə elə Türk bayrağına Azərbaycandan göndərilən benzini səpib, odlayıblar. Azərbaycanın Ermənistan üçün tranzit yolu – taxıl yolu açmasına Ermənistandan ilkin reaksiyaları da unutmamışıq. Demişdilər ki, bu taxılı yesək, zəhərlənib, ölərik. Bir neçə il öncə Xankəndidəki separatçılar Azərbaycan dövlətinin Ağdam istiqamətindən guya “acından ölən” mülki ermənilərə un yollamaq istəyəndə də cavab belə olmuşdu: “Ölərik, türk çörəyi yemərik!” Hələ Əskəran qalası yaxınlığında yolu da kəsmişdilər, Azərbaycan TIR-ları Xankəndiyə ərzaq aparmasın deyə...Bu cür hikkələri gördük ötən illərdə...

Kimsə deyə bilər ki, yox, Nikol Paşinyan və komandası fərqli mövqedədir. Yaxasına “Real Ermənistan”ın xəritəsini sancıb hələ də sənədləşdiriməmiş ölkənin ərazisini qarış-qarış gəzib, seçki təbliğatı aparan baş nazirin durumu aydındır: indi o, öz aləmindədir, nəyin bahasına olursa – olsun, 7 iyun səddindən aşmağı, seçkilərdə qalib gəlməyi düşünür. Amma seçki platformasının əsas xəttini Azərbaycanla sülhün imzalanması, Türkiyə ilə normal münasibətlərin yaradılması müddəaları təşkil edən adam gərək seçki kampaniyası dövründə ölkəsində səliqə-səhman yaratsın. Sən necə Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsən ki, 1915-ci ildə olmayanlara görə yenə də izdihamlı aksiyaların keçirilməsinə, qonşu ölkə əleyhinə nifrət dolu çıxışların tribunadan səslənməsinə, həmçinin Türkiyə bayrağının yandırılmasına göz yumursan?! Necə olur, başqa bir halda erməni polisi, təhlükəsizlik xidməti dərhal baş verənlərə müdaxilə edir, amma burada kimsə gözə dəymir?

Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan vasitəsilə Türkiyə bayrağının yandırılmasını “açıq-aşkar təxribat və gərginliyi qızışdıran addım” adlandırması da gözdən pərdə asmaq cəhdidir. Bu, Nikolun yüngülvari ifadələrdən istifadə etdiyi kimi, təkcə “məsuliyyətsiz və qəbuledilməz” addım deyil, alçaqlıq, faşizm, həm də cinayət əməlidir! adlandırır. “Bu, açıq şəkildə təxribatçı və gərginlik yaradan davranış”ın sifariçiləri və icraçıları cəzalandırılmalıdır!

Həmçinin Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın reaksiyası da birmənalı qəbul oluna bilməz. “24 aprel ərəfəsində hər hansı bir ölkənin, xüsusən də qonşu ölkənin bayrağının yandırılması 24 aprelin mənasına kölgə salan mənasız, biabırçı və son dərəcə qınaq obyektidir. Söhbət yaddaşdan, birlikdən, həyatdan gedir və mən bu cür hərəkətləri sülhə və gələcəyə qarşı pafoslu və qəbuledilməz təxribat hesab edirəm”, - deyən Simonyan hansı yaddaşdan, hansı “24 aprelin mənası”ndan dəm vurur? Bunların hələ ağıllısı budursa, görün daşnakının beynində nələr dolaşır?

24 aprelin mənasımı var? Guya normal mövqedən çıxış edir, amma yenə də beyinləri zəhərləyir. Hələ bunların “konstruktiv” düşünənləridirlər guya...1915-ci ildə Osmanlının ermənilərə qarşı hər hansı soyqırım-zad həyata keçirmədiyini elə ötən əsrin əvvəllərində ABŞ-dən göndərilmiş araşdırma heyəti də təsdiqləmişdi, “yol boyunca erməni meyitlərinin səpələndiyi” barədə hay-küyün cəfəngiyyat olduğunu komissiya öz rəyində də yazmışdı. Amerika arxivlərin baş vurmaları kifayət edərdi hayların. Amma onlara tarixi həqiqət lazım olsaydı, elə Türkiyə arxivlərini ermənilərin üzünə açanda müsbət qarşılıq verər və bu nağılı bitirərdilər. Amma yox, onlara qondarma iddiaları davam etdirmək lazımdır. Özü də təkcə haylara yox, onlardan maşa kimi istifadə edənlərə də. Son günlər Belçika, Niderland parlamentlərində yenə də erməniləri revanşa sürükləyən qətnamələrin qəbul olunması, Fransanın ortalığı qarışdırmaq cəhdləri, digər ölkələrin bölgədə gərginliyi tətikləməkdən ötrü hərəkətə keçmələri fonunda saxta “erməni soyqırımı” şivəninin geniş şəkildə qoparılması təsüdüf deyil. Bütün bunlar hazırlanmış planın tərkib hissələridir və Nikol Paşinyan da öz komandası ilə bu planın içərisindədir!

Əks təqdirdə, gündə bir neçə dəfə canlı efir açan baş nazir İrəvandakı alçaqlığa şəxsən münasibət bildirərdi...Amma bu, ilk hadisə deyil axı. 2023-cü ildə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində də elə Paşinyan gözləri qarşısında Azərbaycan və Türkiyə bayraqlarına od vurulmuşdu.

Belə görünür ki, Nikol Paşinyan məmnunluqla əlini sıxdığı Prezident Rəcəb Tayyib Ərdoğanın kitabını alıb, sinəsinə sıxsa da, onu oxuyub, əxz eləməyib. Əks təqdirdə, siyasətində korrektələr edərdi. Elə bu gün, bayraq vandalizminə guya etiraz etdikdən sonra olmayan “soyqırım”a qoyulmuş abidənin ziyarətinə yollandı. Bu mənzərə Türkiyəyə qarşı ədavətin davam etdirilməsi siyasətinin təsdiqidir. Bütün bunlardan sonra Ermənistan rəhbərliyi “biz hazırıq, Ankaranın Əlican buraxılış məntəqəsini açmasını gözləyirik”, açıqlamalarını bir-birinə calayırlar. Bu, “açın qapıları, gələk, yenə sizə qarşı terror edək, konstitusiyamızdakı ərazi iddialarına uyğun şəkildə, Qərbi Ermənistan adlandırdığımız Türkiyənin vilayətlərində at oynadaq”, deməkdir, başqa adı yoxdur!   

23 aprel vandalizmi yalnız daşnakarın və elə Paşinyanın daşnak adlandırdığı Ter-Petrosyankimilərin mövqeyi olsaydı, Türk düşmənçiliyinin dövlət siyasətinə çevrildiyini müşahidə etməzdik. Amma...Aprelin 22-də Kiprdə ikitərəfli (Ermənistan-Kipr) və üçtərəfli formatlarda(Ermənistan-Yunanıstan və Kipr) müdafiə məsləhətləşmələrinin, görüşlərdən sonra tərəflər illik hərbi əməkdaşlıq proqramlarını da mövcud siyasətin tərkib hissəsidir. Türkiyə və Azərbaycanla dorğudan da normal münasibət qurmaq istəyirdilərsə, onda qonşuluqdakı bu, hərbi ittifaq nə deməkdir? Digər iki dövlətin də Türkiyəyə münasibəti bəllidir. Üstəlik, gələn ay Fransa prezidenti Ermənistana səfəri çərçivəsində bu ölkə ilə strateji müttəfiqlik sazişi imzalayacaq. Nə baş verir? Türkiyəni qapısının kandarında saxlayan Avropa İttifaqı Ermənistan uğrunda mübarizə aparmaqdadır, belə bir durumda anti-türk meylləri yenidən güclənib. İlana zəhər verən kərtənkələlər bölgədə sakitliyin mövcudluğunu istəmirlər və haylar da bu təhlükəli oyunda iştirak etməkdədirlər. Gələcəkləri varsa, görəcəkləri də var! Türkiyə və Azərbaycan bayraqlarına əl uzadanların əli, dil uzadanların dili qoparılacaq, necə ki, Qarabağda dərsləri verildi! Görək Ankaradan İrəvandakı vandalizmə reaksiya necə olacaq.




Türk bayrağına nə qədər önəm verildiyini bilməkdən ötrü İstiqlal Marşına diqqət yetirmək kifayətdir:

“Korkma, sönmez bu şafaklarda yüzen al sancak;

Sönmeden yurdumun üstünde tüten en son ocak.

O benim milletimin yıldızıdır, parlayacak;

O benimdir, o benim milletimindir ancak…”

Heç bir dövlətin bayrağına qarşı həqarətə yol vermək olmaz, xüsusən də ayaq altına düşmüş kağızın üzərində bayraq rəsmini görərkən əyilib, onu sayğı ilə götürən, əzizləyib, ürəyinin başına qoyan Liderlərin dövlətə qarşı belə alçaqlıq cavabsız qalmayacaq! Prezident İlham Əliyevin xəbərdar etdiyi kimi, “PEŞMAN OLACAQLAR!!! Bizim ay-ulduzlu, şəhid qanı ilə rənglənmiş bayraqlarımıza həqarət edənlərlə heç zaman “ulduzumuz barışa bilməz”, bunu da kimsə unutmasın!

Elşad PAŞASOY, Musavat.com

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər