"Bu model Avropanın təhlükəsizlik arxitekturasında yeni mərhələ kimi qiymətləndirilir..."
Emmanuel Makron və Donald Tusk arasında əldə olunan razılaşmalar Fransa ilə Polşa arasında hərbi əməkdaşlığı yeni mərhələyə çıxarır.
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Wirtualna Polska" nəşri yazıb.
Fransa və Polşa "nüvə çətiri"ni genişləndirir
Yaxın vaxtlarda Baltik regionu və Polşanın şimalı üzərində genişmiqyaslı təlimlər keçiriləcək. Bu addım Fransanın "nüvə çətiri"nin Şərqi Avropaya yayılması planının bir hissəsi hesab olunur.
Ssenariyə görə, Polşa aviasiyası hədəfləri müəyyənləşdirəcək və ilkin zərbələr endirəcək, Fransa isə nüvə başlıqlı raketlərlə təchiz olunmuş təyyarələri ilə simulyasiya edilmiş zərbələr həyata keçirəcək. Bu modelin əsas fərqi isə onun NATO mexanizmlərindən kənarda qurulmasıdır ki, bu da qərarların daha operativ qəbuluna imkan verir.
"Hərbi atom" müqabilində "mülki atom"
Mənbələrin bildirdiyinə görə, Fransanın nüvə başlıqları Polşada daimi yerləşdirilməyəcək, lakin vaxtaşırı "Dassault Rafale" təyyarələri ilə ölkəyə gətiriləcək. Təlimlərdə Polşa pilotları əsasən uzaq kəşfiyyat və adi silahlarla, xüsusilə JASSM-ER raketləri ilə zərbələr endirəcək.
Fransa isə nüvə zərbələrinin tətbiqini imitasiya edəcək. Bu çərçivədə onların təyyarələri Avropanın mərkəzinə qədər uçaraq Rusiya və Belarus istiqamətində təlim hücumları həyata keçirə bilər.
Bu əməkdaşlıq yalnız hərbi deyil, iqtisadi məna da daşıyır. Makron Polşaya "nüvə çətiri" təklif edərkən, qarşılığında EDF şirkətinin Polşada atom elektrik stansiyası layihəsində iştirakını və Fransadan silah alışının artırılmasını gözləyir. Bu yanaşma "hərbi atom müqabilində mülki atom" prinsipi kimi qiymətləndirilir.
Regionda güc balansı və eskalasiya riski
Bu planlar regionda qüvvələr balansını dəyişir. İndiyədək Rusiya öz təlimlərində Varşavaya nüvə zərbələrini məşq edirdisə, NATO buna adekvat cavab vermirdi. Yeni Polşa-Fransa əməkdaşlığı bu boşluğu qismən doldurmağa yönəlib.
Eyni zamanda, Vladimir Putin tərəfindən Belarusda nüvə silahının yerləşdirilməsi və Aleksandr Lukaşenko ilə əməkdaşlıq Qərbdə narahatlıq yaradıb. Vladimir Zelenski isə bu silahların yerləşdiyi məntəqələrin müəyyən edildiyini bildirib.
ABŞ isə indiyədək Polşanı nüvə paylaşımı proqramına daxil etməyib. Nə Co Bayden, nə də Donald Tramp bu məsələdə aktiv mövqe tutub. Bu isə Kremlin daha sərt ritorikasına və nüvə təhdidlərinin artmasına şərait yaradıb. Nəticədə, Fransa ilə Polşa arasında formalaşan bu model Avropanın təhlükəsizlik arxitekturasında yeni mərhələ kimi qiymətləndirilir.