“Gürcüstandan sonra növbədə Ermənistandır, Azərbaycan isə…” – Natiq Cəfərlidən ŞOK proqnoz
Müsahibə
166
14:00, Bu gün

“Gürcüstandan sonra növbədə Ermənistandır, Azərbaycan isə…” – Natiq Cəfərlidən ŞOK proqnoz

Moderator.az xəbər verir ki. Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Onunla söhbətimiz Ermənistanda seçkilərə kənar müdaxilə ehtimalı və 7 iyundan sonrakı Cənubi Qafqazla bağlı gözləntilərdir.

Müsahibəni təqdim edirik:

- Natiq bəy, erməni media resursları, QHT-lər israrla deyirlər ki, Rusiya seçkilərə müdaxilə edəcək. Bu, hansı formada baş verə bilər?

- Rusiyanın son günlər seçkilərlə bağlı ritorik olaraq səsləndirdiyi fikirlər həqiqətən də rezonans doğurur. Amma çox qəribə bir tendensiya formalaşır: Rusiya rəsmiləri o qədər ağılsız deyil ki, Paşinyanın reytinqini qaldırsınlar. Hazırda Rusiyadan hər bir sərt reaksiya baş nazirin reytinqinə müsbət təsir edir. Çünki ölkədə anti-Rusiya əhval-ruhiyyəsi var, ermənilər Qarabağda baş verənlərə görə Moskvanı günahlandırır. Bu nöqteyi-nəzərdən, Rusiya anlayır ki, Paşinyanın ruspərəst rəqibləri seçkilərdə qalib olmayacaq. Onun əsas rəqibi daha çox Qərbpərəst biri ola bilər. Ona görə Paşinyanın qalib gəlməsində ciddi problem görmürlər.
Sadəcə, Rusiya bir yandan Ermənistan hakimiyyətinə təzyiq edir, siyasi-hərbi, iqtisadi rıçaqlarını göstərir, digər tərəfdən isə Paşinyanın qələbəsində problem görmür. Ən əsası, Paşinyanın alternativləri seçki kampaniyasında ciddi proqramlar açıqlamayıb. Sadəcə, Qarabağ məsələsində Paşinyanı günahlandırır və Rusiya ilə münasibətlər korlanarsa ölkənin iqtisadi həyatına pis təsir edəcəyini deyirlər. Halbuki Paşinyanın idarəçiliyi, ölkədə sosial-iqtisadi vəziyyət, korrupsiya ilə bağlı heç nə demirlər, seçki platformalarında ciddi məsələlər qoymurlar. Onlardan fərqli olaraq, Paşinyan seçicilərə deyir ki, yollar açılacaq, ticarət artacaq, Avropa ilə inteqrasiya sürətlənəcək.

Yeri gəlmişkən, əgər onun partiyası seçkilərdə qalib gələrsə, çox güman ki, Ermənistan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişi ola bilər. Xüsusən də baş nazir bunu gənclərə xitab edərək vəd edir. Bu da erməni gənclərdə ümid yaradır və onlar seçkilərdə Paşinyanın partiyasını dəstəkləyəcək. Doğrudur, bəzi şəhərlərdə ruspərəstlər güclüdür. Məsələn, Gümrüdə Rusiyanın hərbi bazası var. Amma ora xidmətdə çalışan Ermənistan vətəndaşlardır. Bu yerlərdə Paşinyanın rəqibləri səs toplaya bilər, amma Azərbaycanla sərhədyanı regionlar və digər şəhərlərdə müharibə istəmirlər deyə Paşinyanın partiyasının qalib gəlmək şansı çoxdur.

- Siz ermənilərin Avropaya vizasız gediş-gəliş şansını qeyd etdiniz, doğrudur, gürcülərə də bu imkan tanınıb, amma Ermənistanı Qərb üçün bu qədər əhəmiyyətli edən nədir?

- Avropaya vizasız səfərlər təkcə Gürcüstanda deyil, həmçinin Moldova, Ukraynada var, Ermənistana da mümkündür. Buna qlobal qarşıdurmanın tərkib hissəsi kimi baxmaq lazımdır. Qərb postsovet məkanında təsirlərini artırmağa çalışır. Məsələn, Gürcüstanda vizasız-gediş gəliş var və hökumət Avropa ilə bağlı hər hansı əks-addım atanda insanlar küçəyə çıxır. Müxalifətin də əsas arqumenti budur ki, “Gürcü Arzusu” nə qədər iqtidardadır, onların siyasəti ucbatından hər an viza ləğv oluna bilər. Yəni belə bir narahatlıq var. Çünki əvvəllər gürcülər Rusiyaya işləməyə gedirdisə, indi Avropa bazarlarında pul qazanırlar. Eyni “yaşıl işıq” Ermənistan üçün də yaradıla bilər.

- Əgər Ermənistan üçün bu qərar qəbul olunarsa, Cənubi Qafqazda yeganə Azərbaycan qalır. Avropa Birliyi Azərbaycan vətəndaşlarına da vizasız gediş-gəliş imkanı yarada bilərmi?

- Əlbəttə, mümkündür. Düzdür, Azərbaycan Avropa Parlamenti ilə qarşı tərəfdən qaynaqlanan səbəblərdən əlaqələri dayandırıb. Ancaq günah da Avropa Parlamentindədir. Paşinyanın komandasının demədiyi sözləri onlardan eşidirik. Xüsusən də həbsdə olan erməni terrorçuları siyasi məhbus kimi tanıyırlar. Biz də onlara deyirik ki, Ukraynada eyni həbslər olsaydı, Avropa Parlamentinin yanaşması fərqlənərdi. Misal üçün Donetskdəki separatçını arzuolunmaz şəxs kimi tanıyırlar, Qarabağda eyni cinayətkar fəaliyyəti olmuş erməniyə oxşar münasibət sərgilənmir. Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə enerji layihələrində əlaqələri genişlənir. Bu mənada vizasız gediş-gəliş şansı ola bilər. Amma Azərbaycan tərəfinin də qarşılıqlı addımları olmalıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər