Yaşayış binaları, enerji infrastrukturu və paytaxtın müxtəlif rayonları hədəfə alındı, onlarla yaralı və dağıntılar var...
Mayın 14-nə keçən gecə Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirib. Əsas hədəf Kiyev olub.
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
Paytaxta kütləvi zərbə
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, son sutka ərzində ölkəyə 1560-dan çox dron və 56 raket buraxılıb. Paytaxtın Darniçki rayonunda çoxmərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb. Xilasedicilər dağıntılar altından insanları çıxarmağa davam edir.
İlkin məlumata görə, ölənlər və onlarla yaralı var, yaralananlar arasında azyaşlı uşaqlar da bulunur. Kiyevin müxtəlif rayonlarında yaşayış evləri, məktəb, baytarlıq klinikası, avtomobillər və digər mülki obyektlər zərər görüb. Şəhərin təxminən 20 nöqtəsində dağıntılar qeydə alınıb.
Kiyev vilayətində dağıntılar və enerji böhranı
Kiyev vilayəti də gecəboyu raket və dron hücumuna məruz qalıb. Borispol rayonunda beş nəfər, o cümlədən üç yaşlı uşaq yaralanıb. Fastov rayonunda isə iki qadın xəsarət alıb. Bölgənin altı rayonunda yaşayış evləri, avtomobillər, anbarlar və müəssisələrə ziyan dəyib. Bəzi ərazilərdə yanğınlar baş verib.
Ukrayna Energetika Nazirliyi bildirib ki, hücum nəticəsində Kiyev və daha 11 vilayətdə enerji infrastrukturu zədələnib. Minlərlə abonent müvəqqəti olaraq işıqsız qalıb. Energetiklər bərpa işlərinin fasiləsiz davam etdiyini açıqlayıblar.
Ukrayna HHM-i rekord yüklənmə ilə üzləşdi
Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat gecənin hava hücumundan müdafiə sistemi üçün "son dərəcə gərgin" keçdiyini bildirib. Onun sözlərinə görə, Rusiya "atəşkəs fasiləsindən" istifadə edərək böyük sayda raket və dron toplayıb.
Hücum zamanı "Kinjal", "İskander", "X-101" raketləri, həmçinin müxtəlif tipli zərbə dronları tətbiq olunub. Ukrayna tərəfi 693 hava hədəfinin vurulduğunu və ya zərərsizləşdirildiyini açıqlayıb. Zelenski isə hücumdan sonra Qərb tərəfdaşlarını Ukraynanın hava müdafiəsini daha da gücləndirməyə çağırıb: "Bu, müharibənin bitməsini istəyən tərəfin davranışı deyil".