Azərbaycanın gənc diplomatlardan ibarət növbəti qrupu NATO-nun mənzil-qərargahına səfər edib. Bu barədə Azərbaycan NATO yanındakı Nümayəndəliyi məlumat yayıb. Məlumata görə, gənc diplomatların Alyansın qərargahına səfər etməsi artıq bir ənənəyə çevrilib. Nümayəndəlik bu ənənəvi səfərlərin davam etməsindən məmnunluğunu ifadə edərək, göstərilən dəstəyə və yaradılan şəraitə görə NATO rəhbərliyinə və qurumun heyətinə minnətdarlığını bildirib. Səfər proqramı çərçivəsində azərbaycanlı diplomatlar üçün NATO-nun fəaliyyətinin müxtəlif aspektlərinə dair genişmiqyaslı brifinqlər təşkil olunacaq. Diplomatlar Alyansın tərəfdaşlıq siyasəti, tərəfdaş ölkələrlə həyata keçirilən praktiki əməkdaşlıq mexanizmləri və qurumun cari gündəliyində duran əsas məsələlər barədə ətraflı məlumatlandırılacaqlar. Eyni zamanda, görüşlərdə NATO-nun ictimai mesajları, enerji təhlükəsizliyinə müasir yanaşması, eləcə də müasir çağırışlara qarşı dayanıqlığın artırılması istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bu cür təmaslar, alyansla artan əlaqələrin məramı nədir?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Azərbaycanın gənc diplomatlarının NATO qərargahına növbəti səfəri sıradan protokol hadisəsi deyil. Bu, Bakının uzunmüddətli strateji hazırlığının və yeni geosiyasi mərhələyə uyğunlaşma siyasətinin bir hissəsidir. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan enerji ixrac edən və ya regional münaqişələrlə gündəmə gələn ölkə kimi yox, təhlükəsizlik arxitekturasının iştirakçısına çevrilmək istəyir: “NATO ilə münasibətlər Azərbaycan üçün yeni mövzu deyil. Bakı uzun illərdir Alyansla əməkdaşlıq edir. Azərbaycan ordusu Kosovo, Əfqanıstan kimi missiyalarda iştirak edib, NATO standartlarına uyğunlaşma istiqamətində addımlar atılıb, hərbi təhsil və qərargah idarəçiliyi sahəsində əməkdaşlıq qurulub. İndi isə diqqət yalnız hərbçilərə yox, diplomatik kadrlara yönəlir. Bu da təsadüfi deyil. Çünki müasir müharibələr səngərləri aşır. Diplomatik masa artıq döyüş meydanının davamıdır. NATO qərargahına göndərilən gənc diplomatlar sabah Azərbaycanın təhlükəsizlik siyasətini formalaşdıracaq şəxslərdir. Onlar Alyansın necə işlədiyini, qərarların hansı mexanizmlərlə qəbul edildiyini, informasiya müharibəsinin necə aparıldığını öyrənirlər”.

Hərbi ekspert deyib ki, burada mühüm məsələlərdən biri də enerji təhlükəsizliyidir:
“NATO son illərdə enerji məsələsinə klassik iqtisadi mövzu kimi baxmır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra enerji infrastrukturu təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan isə Avropanın enerji xəritəsində strateji oyunçulardan biridir. Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr iqtisadi layihə olmaqla yanaşı geosiyasi təhlükəsizlik xəttidir. NATO-nun bu məsələyə xüsusi diqqət ayırması Bakının rolunu daha da artırır. Burada başqa bir incə məqam da var. Azərbaycan balans siyasəti yürüdür. Bakı NATO ilə əməkdaşlıq edir, amma Alyansa üzvlük məsələsini gündəmə gətirmir. Bu fərq çox vacibdir. Azərbaycan çalışır ki, Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirsin, amma regionda əlavə gərginlik yaratmasın. Çünki Cənubi Qafqaz onsuz da kifayət qədər mürəkkəb bölgədir. Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız tank və raketlə ölçülmür. Kadr hazırlığı, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, diplomatik çeviklik də ən az hərbi güc qədər önəmlidir. NATO qərargahında keçirilən brifinqlər də məhz bu istiqamətlərə hesablanıb. Xüsusilə dayanıqlılıq məsələsinin ön plana çəkilməsi təsadüfi deyil. Çünki artıq dövlətlərə qarşı hücum yalnız hərbi yolla edilmir, kiberməkanda, enerji xətlərində, informasiya sahəsində də təzyiqlər artır. Digər tərəfdən, bu cür səfərlər Azərbaycanın beynəlxalq siyasi çəkisinin artmasının da göstəricisidir. Bir vaxtlar postsovet məkanının sıravi ölkəsi kimi görünən Azərbaycan indi həm Türkiyə ilə hərbi müttəfiqlik qurur, həm İsraillə təhlükəsizlik əməkdaşlığı aparır, həm də NATO platformalarında aktiv görünür. Bu isə regionda yeni güc balansının formalaşdığını göstərir”.
Hərbi ekspert bildirir ki, Bakının əsas məqsədi isə aydındır: “Azərbaycan gələcək risklərə hazırlaşır. Dünyada təhlükəsizlik sistemi sürətlə dəyişir və rəsmi Bakı anlayır ki, qapalı qalmaq artıq mümkün deyil. Ona görə də həm orduda, həm diplomatiyada, həm də təhlükəsizlik düşüncəsində NATO təcrübəsini öyrənməyə çalışır. Əslində söhbət Azərbaycanın öz təhlükəsizlik modelini gücləndirməsindən gedir. Bu isə yaxın illərdə həm hərbi, həm diplomatik, həm də geosiyasi müstəvidə Bakının daha aktiv oyunçuya çevriləcəyini göstərir”.