Abşeron rayonunda 2008-ci il təvəllüdlü Sərxan yetkinlik yaşına çatmayana Səmayə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olmaqda ittiham edilib.
Moderator.az "Teleqraf"a istinadla xəbər verir ki, Bərdə rayon sakini Sərxan ötən il may ayının sonlarında Səmayəni Xırdalan şəhərində kirayə yaşadığı evə dəvət edib. Evdə heç kimin olmamasından istifadə edərək, qıza qarşı seksual xarakterli hərəkətlər edib.
O, qızı həmin ilin iyun və iyul aylarının müxtəlif günlərində dəfələrlə yaşadığı evə çağırıb, eyni əməllərini davam etdirib.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (təkrar on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Səmayə ilə tanış olduğu zaman ona 16 yaşı olduğunu bildirib: “Tanış olduqdan bir qədər sonra onun başqa oğlanlarla da danışdığını bildim. Amma ondan ayrılsam, evdən qaçacağını və digər qorxunc hərəkətlər edəcəyini dediyinə görə qorxdum. Buna görə ondan ayrılmadım. Səmayə ilə öz istəyimizlə səhv hərəkət etdik. Bunun cinayət olduğunu bilmirdim”.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, Səmayə ilə 2025-ci ilin may ayında gecə saat 11 radələrində onların məhəlləsində tanış olub: “Mən tutulandan sonra yaşının az olduğunu bildim. Onun telefonunda şəxsiyyət vəsiqəsi var idi və orada 2009-cu ildə doğulduğu yazılmışdı. Şəxsiyyət vəsiqəsi şəkilsiz idi və özünə məxsus olduğunu bildirdi. İttiham aktında seksual xarakterli hərəkətlərin vaxtı, yeri düzgün qeyd olunub. Bunlar öz razılığımızla baş verib”.
Sərxan deyib ki, ondan Səmayənin anası şikayətçi olub: “Bunu da polis bölməsində bildim. Səmayənin rəfiqəsinin aramızdakılardan xəbəri olub, anasına da o məlumat verib.
İlk dəfə Səmayəyə dostumla yaxınlaşdım və təsadüfən tanış olduq. Onu tanış olmamışdan əvvəllər də görmüşdüm. İlk dəfə cinsi əlaqədə olmağı o təklif etdi. Sevgililər arasında belə şey olduğunu və əvvəlki sevgilisi ilə də etdiyini dedi. Mən evdə idim, o, bizə gəldi və təklif etdi ki, münasibətdə olaq. Səmayə ilə 3 dəfə cinsi əlaqədə olmuşam. Aramızda ailə qurmaqla bağlı danışıq olub”.
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, gecə saat 11 radələrində Fəridə adlı rəfiqəsi ilə küçədə olduğu zaman Emin ona yaxınlaşıb və dostu Sərxanın ondan xoşu gəldiyini bildirib: “Sərxanla sevgili olduq, məni görüşə çağırdı. Görüşəndə mənə it saxladıqlarını və evlərində bacısının da olduğunu dedi, birgə onlara getməyimi istədi. Evlərində heç kəs yox idi. Mən iti yumaq istəyəndə dedi, lazım deyil və mənimlə öpüşdü. Daha sonra nənəm zəng vuraraq məni evə çağırdı”.
Səmayə qeyd edib ki, növbəti gün Xırdalan şəhərində Heydər Parkında olduğu zaman Emin ona yaxınlaşıb və Sərxanın şəkillərini yaydığını deyib: “Buna görə Sərxanla dalaşdım. Mənimlə yaxın olan şəxslərə videolarımızı yaydı. Sərxana 12 yaşım olduğunu demişdim, mənim harada oxuduğumu bilirdi.
O, məni görüşə çağırdı, ətrafımda kiminsə olmasını istəmədiyindən videoları yaydığını dedi. İkinci dəfə də məni evlərinə çağırdı, ona sistem asılacağını dedi. Evlərinə gedəndə heç kimin olmadığını gördüm, qapını bağladı və cinsi əlaqədə olmağı təklif etdi. Əlaqədə olmasam, məni qaçırdacağını bildirdi”.
Zərərçəkmiş bildirib ki, Sərxanı sevdiyinə görə ilkin istintaq zaman intim münasibətə məcbur etdiyini deməyib: “Mənə cinsi əlaqədə olmasam, videoları yayacağını söylədi. İkinci dəfə məcbur etdi. Amma üçüncü dəfə könüllü əlaqədə olduq. Ondan sonrakılar öz razılığımla olub”.
Zərərçəkmiş Səmayənin anası Nigar ifadəsində qızının evə gec gəlməsindən narahatlıq keçirdiyini və onu axtaranda işin üstünün açıldığını deyib: “Səmayə evdə deyildi, onu axtardıq və tapa bilmədik. Buna görə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdik.
Daha sonra baş verənlərlə bağlı mənə qonşular danışdı. Səmayədən bununla bağlı soruşdum, əvvəlcə inkar etdi. Daha sonra Sərxandan soruşdum. O da inkar etdi və Səmayəni tanımadığını bildirdi. Daha sonra dəqiqləşdirdim ki, həqiqətən qızımla münasibətdə olan Sərxandır. Polis idarəsində hər şeyi etiraf etdi. Bundan sonra qızımın məktəbini dəyişdim. O, hazırda orta məktəbdə oxuyur”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sərxan 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzasının əvvəlini isə ötən ilin avqustun 2-dən hesablanması qərara alınıb.