Bizi sosial şəbəkələrdən izləyin:
“Ən əsası, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsinə şərait yaradanlar vaxtında sərt cəzalandırılmalıdır...”
“Aprelin 21-də Bakı metropolitenində baş verən qəza səbəbindən fəaliyyətini saat 3-dək dayandırması və sərnişinlərin tuneldə qalması növbəti dəfə göstərdi ki, hər il dövlətdən ayrılan milyonlarla vəsait ayrılmasına və gediş haqlarının artırılmasına baxmayaraq ciddi problemlər qalır. Təəssüf ki, şəhərin ən vacib nəqliyyat strukturu təhlükəsiz və etibarlı deyil. Məlumdur ki, metro yalnız sərnişin daşıma vasitəsi deyil, həm də fövqəladə durumlarda strateji dövlət obyekti, eyni zamanda paytaxt sakinləri üçün sığınacaqdır. İndiki dünyadakı qeyri-stabilliyi, həmçinin qonşuluğumuzda gedən müharibələri nəzərə alsaq, bu strateji obyektin necə əhəmiyyət daşıdığı və güvənli olması diqqətdən qaçmamalıdır.”
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov ifadə edib.
“Bakı metrosu hər gün on minlərlə sərnişin daşıyır. Qısa bir dayanma paytaxtın yerüstü nəqliyyatının yükünü hədsiz dərəcədə artırır. Bu da nəticə etibarilə ümumi ahəngi pozur, insanlarda narahatlıqlar və haqlı narazılıqlar yaradır. Düşünürəm ki baş verən nasazlığı görə mütləq məsuliyyət müəyyənləşməli və sərt cəzalar tətbiq edilməlidir”, - deyə davamında siyasi şərhçi bildirib.
Həmsöhbətimiz bir daha vurğulayıb ki, metroda sərnişinlər üçün gediş haqqının artırılması da problemlərin həlli üçün çıxış yolu deyil.
“Yeri gəlmişkən, ötən illərin audit palatasının yoxlamaları Bakı metropolitenində milyonlarla dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyini və şiçirtmələrə yol verildiyini üzə çıxarsa da, buna görə hələ də heç kim cavab verməyib və cəzalandırılmayıb. Bu cür cəzasıqlıq da nəticə etibarilə gec tez öz fəsadlarını göstərməli idi və göstərdi də... Bir daha vurğulayıram ki, metroda sərnişinlər üçün gediş haqqının artırılması da problemlərin həlli üçün çıxış yolu deyil. Baş verənlər başlıcası səriştəsizliyin, korrupsiyanın doğurduğu nəticələrdir. Odur ki, ən əsası dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsinə şərait yaradanlar vaxtında sərt cəzalandırılmalıdır”, -deyə Əli Orucov diqqətə çatdırıb.