Kəlbəcərli gənc Barselonada Azərbaycan bayrağını zirvəyə qaldırdı - FOTO
İdman
305
21 May 2026 | 23:00

Kəlbəcərli gənc Barselonada Azərbaycan bayrağını zirvəyə qaldırdı - FOTO

Müasir dövrdə Azərbaycan gənclərinin beynəlxalq arenalarda qazandığı uğurlar ölkənin idman potensialının və milli ruhunun təzahürü kimi xüsusi diqqət çəkir. Xaricdə yaşayan, lakin milli kimliyinə və Azərbaycan dəyərlərinə sadiq qalan gənclərin nailiyyətləri cəmiyyət tərəfindən hər zaman qürur hissi ilə qarşılanır. Belə uğurlu gənclərdən biri də K1 döyüş növü üzrə beynəlxalq yarışlarda adından söz etdirən Front Anar oğlu Bayramovdur.

Moderator.az Subyekt.az-a istinadən xəbər verir ki, Almaniyada yaşayan azərbaycanlı gənc idmançı Front Bayramov növbəti dəfə beynəlxalq arenada uğura imza ataraq Barselonada keçirilən nüfuzlu idman yarışında birinci yerə layiq görülüb. Onun bu qələbəsi təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan idmanının beynəlxalq müstəvidə qazandığı növbəti uğur kimi dəyərləndirilir.

2009-cu il sentyabrın 19-da Bakı şəhərində anadan olan Front Bayramov təhsil həyatına 2015-ci ildə paytaxt məktəblərindən birində başlayıb. 2018-ci ildən ailəsi ilə birlikdə Almaniyaya köçərək təhsilini burada davam etdirib. Xaricdə yaşamasına baxmayaraq, milli kimliyinə və Azərbaycan dəyərlərinə bağlılığı onun həyat yolunda hər zaman özünü göstərib.

Gənc yaşlarından idmana böyük maraq göstərən Front Bayramov 2023-cü ildən etibarən K1 döyüş növü ilə peşəkar şəkildə məşğul olmağa başlayıb. Qısa müddətdə nümayiş etdirdiyi döyüş texnikası, yüksək fiziki hazırlığı və psixoloji dayanıqlığı idman mütəxəssislərinin diqqətini cəlb edib.

Onun ilk rəsmi qarşılaşması 24 may 2025-ci ildə keçirilən GMC Olimpiya turnirində baş tutub. Həmin döyüşdə inamlı qələbə qazanan Bayramov sonrakı mərhələlərdə iştirak etdiyi müxtəlif yarışlarda da uğurlu nəticələr göstərərək perspektivli döyüşçü kimi tanınmağa başlayıb.

Front Bayramovun peşəkar karyerasında diqqət çəkən uğurlardan biri də 28 aprel 2026-cı ildə Almaniyanın Frankfurt şəhərində keçirilən WFMC Deutsch Meisterschaft turnirində qeydə alınıb. O, italiyalı rəqibi Benedittis Francesco ilə gərgin qarşılaşmada rəqibini üçüncü raundda nokautla məğlub edərək mühüm qələbə qazanıb. Bu nəticə gənc idmançının peşəkar səviyyədə böyük potensiala malik olduğunu bir daha təsdiqləyib.

Bu gün Front Bayramovun beynəlxalq arenalarda qazandığı uğurlar həm ailəsinin, həm də Azərbaycan idman ictimaiyyətinin qürur mənbəyinə çevrilib. Onun əldə etdiyi nəticələr göstərir ki, Azərbaycan gəncliyi harada yaşamasından asılı olmayaraq milli ruhunu, iradəsini və qələbə əzmini qoruyub saxlayır. Gənc idmançının bugünkü nailiyyətləri gələcək peşəkar karyerası üçün böyük perspektivlər vəd edir, Azərbaycan idmanının gələcəyinə isə yeni ümidlər yaradır.

Qeyd edək ki, Front Bayramovun ailəsində peşəkarlıq və idarəçilik ənənələri də xüsusi yer tutur. Onun babası Front Bəhmən oğlu Bayramov uzun illər müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışaraq peşəkar idarəçi kimi böyük nüfuz qazanıb.

1941-ci ildə Kəlbəcər rayonunda anadan olan Front Bəhmən oğlu Bayramov ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda alıb. O, əmək fəaliyyəti dövründə müxtəlif sənaye müəssisələrində məsul vəzifələrdə çalışıb, xüsusilə 1980–1988-ci illərdə Kəlbəcər İstisu Zavodunun direktoru kimi uğurlu fəaliyyəti ilə yadda qalıb. Daha sonra, 2 aprel 1993-cü ildə erməni təcavüzü nəticəsində doğma yurdu Kəlbəcərdən məcburi köçkün düşən Bayramovlar ailəsi Bakı şəhərində məskunlaşıb. Front Bəhmən oğlu Bayramov Bakıda məskunlaşdıqdan sonra Bakı Pivə Zavodunda direktor müavini vəzifəsində çalışaraq istehsalat və idarəçilik sahəsində zəngin təcrübəsini davam etdirib.

Bu gün Front Bəhmən oğlu Bayramovun ruhu şaddır. Çünki adını daşıyan nəvəsi babasının adına layiq şəkildə Azərbaycanı Avropa idman meydanlarında şərəflə təmsil edir.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər