Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, mayın 18-də Sulxan Tamazaşvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanını da ziyarət edib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyaraq şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Həmin gün Azərbaycan daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.
O, iki ölkənin daxili işlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıq ilə mübarizə sahəsində səmərəli əməkdaşlığın xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyə xidmət etdiyi qeyd olunub.
Qonaq səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə mövcud sabitlikdən, Bakının dünyanın təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsinə baş çəkərək onun fəaliyyəti ilə tanış olublar.