Paytaxtın Nizami rayonunun sakini yaxınları tərəfindən təhdid edildiyini iddia edir.
Moderator.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə videomüraciət yayıb.
2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva iddia edib ki, yaxınları - atası və əmisi tərəfindən cinsi istismara məruz qalır və təhdid edilir.
Ailənin ikinci övladı olduğunu bildirən N.Şirəliyeva videomüraciətində bildirib ki, öz doğma əmisi, 1993-cü il təvəllüdlü Allahyar Qasımlı tərəfindən təhdid olunur. Eyni zamanda, öz doğma atası Daşqın Rafiq oğlu Şirəliyev onun dəli olmasına dair əsassız fikirlər irəli sürür.
"Məndən ekspertiza rəyi tələb edirlər. Aprelin 23-də İsmayıllı Rayon Polis Şöbəsinə cinsi istismara məruz qalmağım və təhdid edilməyimlə bağlı müraciət etmişəm", - deyə N.Şirəliyeva bildirib.
O qeyd edib ki, bundan sonra atası və əmisi tərəfindən yenidən təhdidlərə məruz qalıb və əmisinin onun köhnə e-mail hesabları, yazışmaları, şəxsi video və şəkillərini qanunsuz əldə edərək əleyhinə istifadə etməyə çalışdığını, atasının isə onu psixiatriya müəssisəsinə yerləşdirməklə hədələdiyini vurğulayıb.
N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumlara müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş edib və paylaşımından sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adlarını çəkdiyi şəxslərin məsuliyyət daşımalı olduğunu diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib. Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.