"Görünməyən, eşidilməyən bir amil insanın hisslərinə təsir edərək paranormal təəssürat yarada bilər..."
İllərdir insanları düşündürən sual var: doğrudanmı ruhlar mövcuddur? Yeni araşdırma bu məsələyə fərqli - daha elmi yanaşma təqdim edir və göstərir ki, bir çox "sirli" hadisələrin arxasında əslində fizioloji və psixoloji amillər dayanır.
Moderator.az xəbər verir ki, bu barədə "daily.mail.ru" nəşri yazıb.
Qorxunun görünməyən mənbəyi
Alimlərin fikrincə, "paranormal" kimi qəbul etdiyimiz hisslərin arxasında infrasəs dayanır. İnfrasəs insan qulağının eşidə bilmədiyi, çox aşağı tezlikli səs dalğalarıdır. Bu dalğalar xüsusilə köhnə binalarda - köhnəlmiş borular, ventilyasiya sistemləri, hətta zirzəmilərdəki texniki qurğular vasitəsilə yaranır və yayılır.
Mütəxəssislər qeyd edir ki, bu cür dalğalar yalnız qapalı məkanlarda deyil, həm də yol hərəkəti, sənaye avadanlıqları və iri mexanizmlərin fəaliyyəti nəticəsində də meydana çıxa bilər. Yəni insan gündəlik həyatda belə təsirlərlə tez-tez qarşılaşa bilər, sadəcə bunun fərqində olmur.
Beyin necə "oyuna gəlir"?
Professor Rodni Şmalts izah edir ki, insan "mistik" hesab olunan bir məkana daxil olduqda səbəbsiz narahatlıq, gərginlik və ya izaholunmaz həyəcan hiss edə bilər. Halbuki o, nə qəribə bir şey görür, nə də eşidir.
Əgər həmin şəxsə əvvəlcədən "burada ruhlar var" deyilsə, beyin bu izah olunmayan hissləri avtomatik olaraq fövqəltəbii hadisə ilə əlaqələndirə bilər. Bu isə insan psixikasının boşluğu "hekayə" ilə doldurmaq meyli ilə bağlıdır.
Alimlər bildirir ki, infrasəs insanın emosional vəziyyətinə təsir edərək narahatlıq, qorxu, hətta bəzən panika hissi yarada bilər. Bu zaman orqanizm stres reaksiyasına keçir və insan baş verənləri yanlış interpretasiya edir.
Təcrübə və nəticələr
Alimlər bu ehtimalı yoxlamaq üçün 36 nəfərin iştirakı ilə eksperiment aparıblar. İştirakçılar əvvəlcə analiz üçün tüpürcək nümunəsi veriblər, daha sonra isə otaqda tək-tək oturaraq müxtəlif - sakit və ya narahat musiqilər dinləyiblər.
Onların bir hissəsinə gizli şəkildə 18 Hz tezlikli infrasəs təsir etdirilib. Bu səs xüsusi sabvuferlər (ingiliscə "subwoofer" - çox aşağı tezlikli səsləri, yəni "bas" səsləri xüsusi olaraq gücləndirib verən dinamikdir - red.) vasitəsilə verilib və iştirakçılar tərəfindən şüurlu şəkildə eşidilməyib.
Nəticələr göstərib ki, infrasəsə məruz qalan şəxslərdə stres hormonu - kortizolun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Onlar özlərini daha əsəbi, gərgin və maraqsız hiss etdiklərini bildiriblər, eyni zamanda dinlədikləri musiqini daha kədərli və ağır kimi qiymətləndiriblər.
Ən maraqlısı isə budur ki, iştirakçıların böyük əksəriyyəti infrasəsin mövcudluğunu ümumiyyətlə hiss etməyib və onun təsirinə məruz qaldığını anlamayıb.
Beləliklə, alimlər hesab edir ki, "ruhlar" barədə qorxulu hekayələrin arxasında çox vaxt mistika deyil, görünməyən fiziki amillər dayanır. Araşdırmalar davam edir və gələcəkdə infrasəsin müxtəlif tezlik və müddətlərdə insan psixologiyasına necə təsir etdiyi daha dərindən öyrəniləcək.