"Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-30-cu illər üçün Dövlət Proqramı"nın icrası aqrar sektorun daha sistemli və dayanıqlı inkişafına mühüm töhfə verə bilər".
Bu sözləri Oxu.az-a açıqlamasında İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Yunus Sadıqov deyib.
O bildirib ki, proqramın əsas müsbət tərəfi ondan ibarətdir ki, kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi deyil, istehsal, emal, saxlama, logistika və ixracdan ibarət bütöv bir dəyər zənciri kimi yanaşılır:
"Müsbət tendensiyalar ilk növbədə məhsuldarlığın artması istiqamətində görünə bilər. Müasir suvarma sistemlərinin tətbiqi, torpaq və su resurslarından daha səmərəli istifadə, keyfiyyətli toxum və ting materiallarının genişləndirilməsi istehsal həcminə və məhsulun keyfiyyətinə müsbət təsir göstərəcək. Bu, xüsusilə taxılçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıq sahələrində daha çox hiss oluna bilər.
İkinci mühüm istiqamət emal sənayesinin inkişafıdır. Kənd təsərrüfatı məhsulları xammal kimi deyil, emal olunmuş və daha yüksək əlavə dəyər yaradan məhsul kimi bazara çıxarıldıqda həm fermerlərin, həm də emal müəssisələrinin gəlirləri artır. Bu, regionlarda yeni iş yerlərinin yaranmasına və kənd sahibkarlığının genişlənməsinə də şərait yaradacaq.
Üçüncü istiqamət ixrac potensialının güclənməsidir. Qablaşdırma, sertifikatlaşdırma, soyuducu anbarlar və logistika imkanları yaxşılaşdıqca Azərbaycan məhsullarının xarici bazarlara çıxışı daha da genişlənə bilər. Xüsusilə meyvə-tərəvəz, fındıq, şərabçılıq, balıqçılıq və emal məhsulları üzrə müsbət nəticələr gözləmək mümkündür".
O əlavə edib ki, proqramın daha bir müsbət tərəfi balıqçılıq və akvakultura sahəsinin ayrıca inkişaf istiqaməti kimi götürülməsidir:
"Bu sahə həm ərzaq təhlükəsizliyi, həm də yeni sahibkarlıq imkanları baxımından əhəmiyyətlidir. Akvakulturanın inkişafı daxili bazarda balıq məhsullarının artmasına və idxaldan asılılığın azalmasına kömək edə bilər. Ümumilikdə, Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi, emal sənayesinin genişlənməsi, ixrac imkanlarının artması, regionlarda məşğulluğun güclənməsi və ərzaq təhlükəsizliyinin daha dayanıqlı təmin olunması kimi müsbət tendensiyaları görmək mümkündür. Əsas məsələ proqramda nəzərdə tutulan tədbirlərin regionlarda ardıcıl və praktik şəkildə icra edilməsidir".