“Tıxacları ancaq yeni yol və tunellərlə həll etmək mümkünsüzdür” - Ekspertin İZAHI
162
15:58, Bu gün

“Tıxacları ancaq yeni yol və tunellərlə həll etmək mümkünsüzdür” - Ekspertin İZAHI

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Report” İnformasiya Agentliyi və “Xəzər” Televiziyasına geniş müsahibəsində bir neçə yol layihəsi barədə açıqlama verib.

A.Rzayev qeyd edib ki, bəzi yol layihələri şəhər daxilindəki “dar boğaz”ların aradan qaldırılmasına xidmət edir.

"Məsələn, “Excelsior Hotel” yaxınlığında mövcud olan sıxlıq probleminin həlli üçün yeni tunellərin tikintisi nəzərdə tutulur. Bu tunellər vasitəsilə avtomobillər birbaşa Ağaoğlu küçəsinə, ADA Universiteti istiqamətinə yönləndiriləcək və əsas tunelə düşən yük azalacaq", deyə AYNA sədri bildirib.


Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev Musavat.com-a şərhində bildirib ki, tunel və yeni yol bağlantıları müəyyən nöqtələrdə həqiqətən də vəziyyəti qısamüddətli və orta müddətli dövrdə yüngülləşdirə bilər. Onun sözlərinə görə, xüsusilə bir kəsişmədə “konflikt nöqtəsi” yaranırsa, axınlar bir-birini kəsirsə və ya avtomobillər dönmə səbəbindən əsas hərəkəti bloklayırsa, tunel texniki baxımdan effektiv həll sayılır: 

“Məsələn, bir istiqamətdə fasiləsiz hərəkət yaratmaq, svetofor sayını azaltmaq və tranzit axını yeraltına yönləndirmək müəyyən rahatlıq verir. Bakı kimi relyefi və tikinti sıxlığı mürəkkəb olan şəhərlərdə bəzi nöqtələrdə başqa alternativ də olmaya bilər. Amma dünya təcrübəsi göstərir ki, tıxac problemini yalnız yeni yol və tunellərlə tam həll etmək mümkün deyil. Çünki yollar genişləndikcə və hərəkət rahatlaşdıqca insanlar daha çox avtomobil istifadə etməyə başlayır. Bu proses nəqliyyat planlamasında “yaradılmış tələb” adlanır. Bir çox şəhərdə əvvəlcə yeni tunel və magistrallar sıxlığı azaldıb, amma bir neçə ildən sonra avtomobil sayı artdığı üçün eyni problem yenidən yaranıb. ABŞ-də Los-Anceles bunun klassik nümunəsidir. Şəhərdə çoxsaylı magistrallar və çoxsəviyyəli yol qovşaqları tikilməsinə baxmayaraq, bu gün də dünyanın ən sıx şəhərlərindən biridir. Türkiyənin İstanbul şəhərində də tunellər, körpülər və yeni magistrallar müəyyən rahatlıq versə də, şəxsi avtomobil asılılığı yüksək qaldığı üçün problem tam həll olunmayıb”.

A.Nəbiyev dünya təcrübəsinə diqqətə çəkərək söyləyib ki, Avropanın bir çox şəhəri son illərdə fərqli yanaşmaya keçib:

“Paris, Amsterdam, Kopenhagen, Vyana və London kimi şəhərlər əsas diqqəti avtomobillərin hərəkətini artırmağa yox, insanların alternativ nəqliyyata keçməsinə yönəldib: metro şəbəkəsi genişləndirilib, avtobus zolaqları fasiləsiz edilib, şəhərə giriş bəzi yerlərdə ödənişli olub, velosiped infrastrukturu yaradılıb və piyada mühiti gücləndirilib. Nəticədə insanlar avtomobildən daha az istifadə etməyə başlayıb çünki söhbət, təkcə tunellərdən getmir. Paralel olaraq, yeni metro stansiyalarından, şəhərətrafı dəmiryolundan, avtobus parkının genişləndirilməsindən və piyadalaşdırma layihələrindən də danışmaq lazımdır. Bu isə daha doğru yanaşmadır. Çünki müasir şəhər nəqliyyatında əsas məqsəd “maşınları daha sürətli hərəkət etdirmək” yox, “insanları daha səmərəli daşımaqdır”. Bir metro xətti saatda minlərlə insan daşıya bilir, amma eyni sayda insanı avtomobillərlə daşımaq üçün çox böyük yol sahəsi lazımdır".

Ekspert dedi ki, Bakının əsas problemlərindən biri də odur ki, şəhərin böyük hissəsi mərkəzə yönəlib: 

"Yəni insanlar iş, təhsil və xidmət üçün hər gün eyni istiqamətə axın edir. Bu səbəbdən yalnız bir küçədə tunel tikmək problemi kökündən həll etmir. Əgər şəhərsalma siyasəti dəyişməsə, yeni yaşayış massivləri ictimai nəqliyyat olmadan böyüməyə davam etsə və hamı şəxsi avtomobillə hərəkət etməyə məcbur qalsa, istənilən yeni yol bir müddət sonra yenidən dolacaq. Buna görə də ən effektiv model kompleks yanaşmadır: bəzi kritik nöqtələrdə tunel və yolötürücüləri tikilməli, amma paralel şəkildə metro genişlənməli, avtobus zolaqları fasiləsiz olmalı, şəhərətrafı elektrik qatarları işləməli, parklanma siyasəti düzgün qurulmalı və insanlar avtomobilsiz hərəkətin daha rahat olduğuna inanmalıdır. Dünya təcrübəsində uzunmüddətli uğur qazanan şəhərlərin hamısı məhz bu modeli tətbiq edib. Bakıda da yalnız tunellərə güvənmək yox, ümumi nəqliyyat balansını dəyişmək əsas məsələ olacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər