"Ukrayna hakimiyyəti Putinin və Rusiya rəhbərliyinin məsuliyyətdən yayınmayacağını bildirir..."
Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətini araşdıracaq Xüsusi Tribunalın yaradılması ilə bağlı implementasiya sazişi təsdiqlənib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Andrey Sibiqa bəyan edib. Məlumatı "glavred.info" nəşri yayıb.
Xüsusi tribunal hüquqi reallığa çevrildi
Məlumatda deyilir ki, beləliklə, Rusiya prezidenti Vladimir Putin və onun rejiminin nümayəndələrinin məsuliyyətə cəlb olunması istiqamətində mühüm hüquqi mərhələ keçilmiş sayılır.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, qərar Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında qəbul edilib. İclas zamanı 37 dövlət Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın Rəhbər Komitəsinin yaradılması haqqında Genişləndirilmiş Qismən Sazişi təsdiqləyib. Bu sənəd tribunalın üçüncü təsis sənədi hesab olunur.
"Bu tribunal ədaləti bərpa edəcək"
Ukrayna xarici işlər naziri Andrey Sybiqa bildirib ki, tribunalın yaradılması Rusiyanın Kiyevə son hücumu fonunda xüsusi əhəmiyyət daşıyır. Həmin zərbə nəticəsində 24 nəfər, o cümlədən üç uşaq həlak olub.
Nazirin sözlərinə görə, 80 il əvvəl yaradılan Nürnberq Tribunalı kimi, Haaqada fəaliyyət göstərəcək yeni tribunal da müharibənin yaratdığı dağıntılar içərisində ədaləti bərpa etməlidir.
Sibiqa vurğulayıb ki, Avropa və dünyanın mənəvi dayaqları yalnız Ukraynaya qarşı təcavüz cinayəti cəzalandırıldıqdan sonra tam bərpa oluna bilər. Onun fikrincə, bu məsələ həm həqiqətin, həm ədalətin, həm də beynəlxalq etimadın qorunması ilə bağlıdır.
"Putin tarixə cinayətkar kimi düşəcək"
Ukrayna XİN rəhbəri bildirib ki, tribunal artıq geri dönüşü olmayan mərhələyə keçib və hüquqi reallığa çevrilib: "Putin həmişə tarixə düşmək istəyirdi. Bu tribunal ona bunu etməyə kömək edəcək. O, tarixə cinayətkar kimi düşəcək".
Nazir əlavə edib ki, söhbət yalnız Putindən getmir. Onun sözlərinə görə, Sergey Şoyqu, Valeri Gerasimov, Alexandr Bortnikov, Dmitri Medvedev, Nikolay Patruşev, Alexandr Lukaşenko və digər şəxslər də gələcəkdə tribunal qarşısında cavab verə bilər. Sibiqa hesab edir ki, implementasiya sazişinin cəmi bir il ərzində hazırlanıb təsdiqlənməsi beynəlxalq cinayət hüququ sahəsində rekord sürət sayılır.
Tribunalın fəaliyyəti 2027-ci ildə başlaya bilər
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Irina Mudra bildirib ki, tribunalın 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Onun sözlərinə görə, növbəti mərhələdə hakimlərin seçilməsi, prosedur qaydalarının hazırlanması və istintaq mexanizmlərinin qurulması həyata keçiriləcək. İlk mərhələdə "Skeleton Tribunal" adlandırılan hazırlıq formatının yaradılması nəzərdə tutulur.
Mudra qeyd edib ki, ilk məhkəmə qərarlarının 2028-ci ildən tez çıxarılması gözlənilmir. Bununla belə, Ukrayna tərəfi hesab edir ki, təcavüz müharibəsini başladan şəxslərin məsuliyyətə cəlb olunması artıq qaçılmaz prosesə çevrilib.