Kuba çöküş həddində: MKİ rəhbəri Havanaya gizli mesaj apardı -
Ekskluziv
274
14:34, Bu gün

Kuba çöküş həddində: MKİ rəhbəri Havanaya gizli mesaj apardı - "Deutsche Welle"

 
"Elektrik böhranı və etirazlar fonunda ABŞ-Kuba münasibətlərində yeni mərhələ başlayır..."
 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff gözlənilmədən Kubanın paytaxtı Havanaya səfər edib və yüksək vəzifəli Kuba rəsmiləri ilə görüş keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
MKİ rəhbərinin gözlənilməz Havana səfəri
 
Məlumata görə, görüşdə daxili işlər naziri Lasaro Alvares Kasas, Kuba kəşfiyyatının rəhbəri Eduardo Delqado Rodriges və Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro iştirak edib. Sonuncu Kuba hakimiyyətində ən nüfuzlu fiqurlardan biri sayılır.
 
Kuba hökuməti bildirib ki, görüş ABŞ və Kuba arasında siyasi dialoqu inkişaf etdirmək məqsədi daşıyıb. Havana Vaşinqtona təqdim etdiyi materiallarda adanın ABŞ üçün milli təhlükəsizlik təhdidi yaratmadığını vurğulayıb və ölkənin "terrorizmi dəstəkləyən dövlətlər" siyahısından çıxarılmalı olduğunu qeyd edib.
 
"Köklü dəyişikliklər lazımdır"
 
"Reuters"in məlumatına görə, Retkliff Kuba rəhbərliyinə ABŞ prezidenti Donald Trampın şəxsi mesajını çatdırıb. Mesajda Vaşinqtonun iqtisadiyyat və təhlükəsizlik məsələləri üzrə Havana ilə ciddi danışıqlara hazır olduğu, lakin bunun üçün Kubada "köklü dəyişikliklərin" vacibliyi bildirilib.
 
ABŞ mediası yazır ki, Ağ Ev Kuba hakimiyyətinə qarşı müxtəlif variantları müzakirə edir. "Politico" nəşri Tramp administrasiyasının adada hərbi əməliyyat ehtimalını da nəzərdən keçirdiyini, lakin hələlik diplomatik təzyiqə üstünlük verdiyini qeyd edib. Bununla yanaşı, ABŞ-ın Kuba yaxınlığında hava kəşfiyyatını artırdığı bildirilir.
 
Kubada yanacaq və elektrik böhranı dərinləşir
 
Retkliffin səfəri Kubada kütləvi etirazların başladığı vaxta təsadüf edib. ABŞ sanksiyaları və blokadası fonunda ölkədə yanacaq ehtiyatlarının demək olar ki, tam tükəndiyi bildirilir. Kuba energetika naziri Visente de la O Levi açıqlayıb ki, elektrik stansiyaları üçün yanacaq çatışmazlığı yaranıb. Nəticədə Havanada və ətraf ərazilərdə elektrik kəsintiləri sutkada 20-22 saata qədər davam edir.
 
Etirazçılar küçələrə çıxaraq "İşığı yandırın!" şüarları səsləndirib, yolları bağlayıblar. Xəstəxanalarda əməliyyatların təxirə salındığı, ərzaq paylanmasının çətinləşdiyi bildirilir. Kubada böhranı ağırlaşdıran əsas səbəblərdən biri də Venesueladan neft tədarükünün dayanmasıdır.
 
Martın sonunda Rusiyaya məxsus tanker adaya 100 min ton xam neft gətirsə də, bu ehtiyat yalnız aprelin sonuna qədər kifayət edib.
 
BMT isə ABŞ blokadasının Kuba xalqının inkişaf hüququnu pozduğunu və ərzaq, səhiyyə, təhsil sahələrinə ciddi zərbə vurduğunu bəyan edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər