Ekskluziv
212
15:12, Bu gün

"Trampın səbri tükənir: İran ətrafında yeni müharibə təhlükəsi artır" - "Fox News"

 
"Netanyahu yaxın hərbi əməliyyatlara hazırlaşır, Hörmüz boğazı ətrafındakı gərginlik isə neft bazarını silkələyir..."
 
ABŞ prezidenti Donald Tramp İrana münasibətdə səbrinin tükəndiyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində deyib.
 
Pekin danışıqları nəticə vermədi
 
Tramp bildirib ki, Tehran artıq razılaşmaya getməlidir və Vaşinqton əvvəlki kimi gözləmə mövqeyində qalmaq niyyətində deyil. Tramp bu açıqlamanı Çinə səfərindən sonra verib. Ağ Evin məlumatına görə, Tramp və Çin lideri Si Tszinpin Pekində keçirdikləri danışıqlarda Hörmüz boğazının açıq saxlanmasının vacibliyi barədə razılığa gəliblər. 
 
ABŞ prezidenti həmçinin İran personalının BƏƏ sahilləri yaxınlığında bir gəmini ələ keçirməsi barədə xəbərlərin vəziyyəti daha da gərginləşdirdiyini vurğulayıb.
Tramp İranın zənginləşdirilmiş uran ehtiyatları barədə danışarkən bildirib ki, ABŞ üçün əsas məsələ bunun "ictimai əlaqələr baxımından" nəzarətdə saxlanılmasıdır. Onun sözlərinə görə, Vaşinqtonun əsas tələbi Tehranın razılaşmaya məcbur edilməsidir.
 
Netanyahu müharibəyə hazırlaşır
 
Bu fonda İsrail ordusu hazırlıq səviyyəsini artırıb. Yerli mənbələrin məlumatına görə, ABŞ prezidentinin Çin səfərinin başa çatmasından sonra Vaşinqtonun qarşısında iki əsas seçim var: qısa müddətli hərbi zərbə və ya İrana qarşı təzyiq siyasətinin davam etdirilməsi. İsrail Müdafiə Qüvvələri hesab edir ki, müharibə yenidən alovlanarsa, İsrail birbaşa döyüş əməliyyatlarına cəlb olunacaq.
 
İsrailin baş naziri Benyamin Netanyahu isə yaxın aylarda İranla qarşıdurmanın yenidən başlayacağına inanır. Məlumata görə, o, sentyabrda mümkün növbədənkənar seçkilərin keçirilməsinin əleyhinə çıxır və hesab edir ki, hərbi uğur onun siyasi mövqelərini gücləndirə bilər.
 
Bununla yanaşı, İsraildə hökumət daxilində narahatlıq artır. Çünki nə Qəzza bölgəsində HAMAS tam məğlub edilib, nə də Livanda "Hizbullah"ın fəaliyyəti dayanıb. İsrail mənbələri iddia edir ki, İran İnqilab Keşikçiləri Korpusunun raket potensialının böyük hissəsi hələ də qorunub saxlanılır və Tehran nüvə proqramından imtina etmək niyyətində deyil.
 
Neft bazarı yenidən silkələndi
 
Trampın açıqlamaları dünya enerji bazarına da dərhal təsir göstərib. "Brent" markalı neftin qiyməti yenidən yüksələrək bir barel üçün 108 dolları keçib. Analitiklər bildirir ki, bazarlar hazırda əsas diqqəti Hörmüz boğazının mümkün blokadasına və regionda hərbi eskalasiya riskinə yönəldib.
 
Ekspertlərin fikrincə, əgər Yaxın Şərqdə genişmiqyaslı münaqişə başlasa və neft qiymətləri 150-200 dollar həddinə yüksəlsə, bu, qlobal iqtisadiyyat üçün ciddi zərbə ola bilər. ABŞ fond bazarında son aylarda müşahidə olunan rekord artımın da belə ssenaridə dayanacağı ehtimal edilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər