242
13:12, Bu gün

"Saatlar həlledici mərhələyə işləyir: Tramp həm danışığa, həm zərbəyə hazırdır" - "The New York Times"

 
"İran razılaşmasa, yeni bombardmanlar başlaya bilər..."
 
ABŞ ilə İran arasında mümkün razılaşma ətrafında gərgin gözlənti davam edir. Tehran yaxın saatlarda Vaşinqtonun təkliflərinə cavab verməlidir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, Ağ Ev isə bir tərəfdən diplomatik mesajlar verir, digər tərəfdən Yaxın Şərqdə hərbi mövcudluğunu daha da gücləndirir.
 
Yaxın Şərqdə 50 minlik hərbi hazırlıq
Nəşr yazır ki, prezident Donald Tramp bölgəyə artıq 50 minə yaxın hərbçi göndərib. ABŞ-ın aviadaşıyıcıları, esminesləri, dəniz piyadaları və xüsusi təyinatlı qüvvələri Hörmüz boğazı ətrafında yüksək döyüş hazırlığı vəziyyətində saxlanılır.
 
Məqalədə qeyd olunur ki, Vaşinqton İranın əsas neft ixrac marşrutlarından biri olan bölgəyə nəzarəti gücləndirib. ABŞ hərbi dəniz qüvvələri İran limanlarına giriş-çıxış edən gəmilərə qarşı blokada tədbirlərini davam etdirir. Eyni zamanda, bölgədəki qüvvələr mümkün hücum və ya sürətli əməliyyat ssenarilərinə hazır saxlanılır.
 
"Razılaşma üçün yaxşı şans var"
 
Donald Tramp isə açıqlamalarında hələ də diplomatik razılaşma ehtimalının yüksək olduğunu bildirir. Onun sözlərinə görə, Tehran artıq əsas tələblərdən biri ilə - nüvə silahından imtina məsələsi ilə razılaşıb.
 
ABŞ prezidenti bildirib ki, mümkün sazişin əsas şərtlərindən biri İranın yüksək zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməsi və yeraltı nüvə obyektlərindən istifadəyə son qoymasıdır. "Əgər razılaşma alınmasa, əvvəlki üsullara qayıdacağıq", - deyə Tramp bildirib. O əlavə edib ki, Vaşinqton yaxın günlərdə yekun nəticənin əldə olunacağına ümid edir.
 
Tehran hədələyir, Vaşinqton təzyiqi artırır
 
İran tərəfi isə ABŞ-ın şərtlərini "Amerikanın arzular siyahısı" adlandırıb və geri çəkilməyəcəklərini bəyan edib. İran parlamentinin nümayəndələri Vaşinqtonu yeni təxribatlardan çəkinməyə çağıraraq "İranın barmağı tətikdədir" mesajını veriblər.
 
Bununla yanaşı, ABŞ regionda hərbi təzyiqi azaltmır. Ekspertlərin fikrincə, Vaşinqton hazırda həm diplomatik danışıqlar, həm də sərt güc nümayişi vasitəsilə Tehrana maksimum təzyiq göstərməyə çalışır. Hazırda əsas sual İranın hansı şərtlərlə cavab verəcəyi və mümkün razılaşmanın bölgədə yeni eskalasiyanın qarşısını alıb-almayacağıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər