“Zəli ilə müalicə üsulu təbabətdə hər zaman geniş yayılıb. Onunla böyrək, prostat, mədəaltı vəzi, şəkər, varikoz, qaraciyər, mədə problemlərində, qan dövranı durgunluğunda, oynaq ağrılarında, osteoxondroz, miqren, bronxial astma və sair xəstəliklərin kompleks müalicəsində səmərəli effekt verir. Amma belə getsə zəlilər yoxa çıxacaq. Sayları indidən azalıb. Buna səbəb zəlilərin kortəbii şəkildə ovlanmasıdır. Tibbi zəlilər alternativ təbabətdə geniş istifadə olunur. O cümlədən Azərbaycanda. Yaz-payız aylarında istifadəsi daha məqsədəuyğundur, yay aylarında isə məqsədəuyğun deyil. Allergiya, qaşınma verə bilər. Göllərdə, çaylarda, bulaqlarda, bataqlıq yerlərdə geniş yayılmışdır. Cənub zonasında, Naxçıvandan tutmuş digər yerlərdə daha çoxdur. Hardasa ölkədə 18 növə yaxın zəli var. Apteklərdə satılan zəlilərin mənşəyi məlum deyil. Mənşəyi bəlli olmaq üçün biofabrik olmaldır. Biofabrikdə artırılmalıdır, steril zəli ilə xüsusi sifarişlər əsasında təmin olunmalıdır. Bir biofabrik yoxdur ki, artırılsın, sertifikatlaşdırılsın, sterilliyinə məsuliyyət olsun. Ona görə də bugünki vəziyyətdə brokonerlik yolu ilə ovlanır. Kortəbii ovlanması zəlilərin tükənməsinə gətirib çıxara bilər”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev deyib.
O daha sonra bildirib ki, zəlilərin ovlanmaması üçün xüsusi cərimələr tətbiq olunmalıdır.
“Türkiyədə, Rusiyada, İngiltərə, Almaniya, Çin, hindistanda xüsusi biofabrika var, orada artırılır və baytar həkimlər zəlilərə xüsusi xidmət göstərirlər. Bizdə kortəbii ovlanır, onun gələcəkdə tükənməsinə səbəb ola bilər. Çox böyük iqtisadi əhəmiyyəti var. Almaniyada bir zəli 10, 20 avrodur, bizdə isə 2 manat, 2 manat 50 qəpikdir. 500 zəli 3 ilə 15 min olur. Bunun üçün də xüsusi, steril göllər yaradılmalıdır. Orada digər canlıların yaşamasına imkan verilməməlidir. Abşeron ərazisində Məhəmmədi kəndi ərazisində hazır göllər var, orada da artırıla bilər. Amma cənub zonası zəlilərlə daha zəngindir. Yaz aylarında bunların çoxalması artır. Balalar qoyurlar. O müddətdə zəlilərin ovlanmasına qadağa qoyulsa yaxşı olar”, - deyə o bildirib.