Aprelin 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus KIA markalı avtomobildən sürücüyə aid qiymətli əşyalar oğurlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.
Onların maşından oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir KIA markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib.
Saxlanılanlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.