“Yaz allergiyası astmaya keçə bilər?” – AÇIQLAMA
147
15:51, Bu gün

“Yaz allergiyası astmaya keçə bilər?” – AÇIQLAMA

“Yaz aylarının gəlişi bir çox insan üçün xoş əhval-ruhiyyə ilə yanaşı, müxtəlif sağlamlıq problemlərini də özü ilə gətirir. Xüsusilə polenlərin (bitki tozcuqlarının) havada artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur”.

Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva açıqlayıb.

Onun sözlərinə görə, bu allergiyalar bəzən sadəcə burun axıntısı və asqırma ilə məhdudlaşsa da, bəzi hallarda daha ciddi tənəffüs problemlərinə, o cümlədən astmaya gətirib çıxara bilər: “Yaz allergiyası əsasən allergik rinit kimi özünü göstərir. Bu zaman burun selikli qişası iltihablaşır, asqırma, burun axıntısı, qaşınma və gözlərdə sulanma müşahidə olunur. Lakin bu proses yalnız yuxarı tənəffüs yolları ilə məhdudlaşmır. Müalicə olunmadıqda və ya nəzarətsiz qaldıqda iltihab aşağı tənəffüs yollarına – bronxlara yayıla bilər. Bu zaman bronxlar həssaslaşır, daralır və nəticədə astma inkişaf edə bilər. Tibbdə bu proses “allergik marş” və ya “allergik yürüş”kimi tanınır. Araşdırmalar göstərir ki, allergik riniti olan insanların əhəmiyyətli hissəsində zamanla astma riski artır. Tez-tez asqırma, şəffaf burun axıntısı, burun tutulma, burunda və gözlərdə qaşınma allergik rinitin əsas əlamətləridir”.

Pulmonoloq Günay Əliyeva qeyd edib ki, astma isə daha çox aşağı tənəffüs yollarını əhatə edir və nəfəs darlığı, sinədə sıxılma hissi, xırıltılı nəfəs, xüsusilə gecə artan quru öskürək, fiziki fəaliyyət zamanı nəfəs çatışmazlığı əlamətləri olur: “Əgər simptomlar yalnız burun və gözlərlə bağlıdırsa, bu daha çox allergiyanı göstərir. Lakin nəfəsalma çətinliyi və öskürək də qoşulursa, artıq astma ehtimalı nəzərə alınmalıdır. Əgər şikayətlər mövsümi xarakter daşıyır və əsasən burun-göz əlamətləri ilə məhdudlaşırsa, allerqoloqa müraciət etmək məqsədəuyğundur. Allerqoloq səbəb olan allergenləri müəyyənləşdirə və uyğun müalicə planı tərtib edə bilər. Lakin nəfəs darlığı, uzun müddətli öskürək, sinədə sıxılma və ya xırıltı varsa, pulmonoloq müayinəsi vacibdir. Bu hallarda tənəffüs yollarının funksional vəziyyəti yoxlanmalı və astma ehtimalı dəyərləndirilməlidir. Allergenlərlə təmas zamanı bronxlarda iltihab artır, selik ifrazı çoxalır və bronxlar daralır. Bu isə astma tutmalarının tezləşməsinə və daha ağır keçməsinə səbəb olur. Xüsusilə yaz aylarında polenlərin yüksək olduğu dövrlərdə astma xəstələrinin vəziyyəti pisləşə bilər”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər