Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO
337
09:46, Bu gün

Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.
 
Bildirilib ki, məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "AZCON Holding" şirkətlərindən olan ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.
 
Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.
 
ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər