Paşinyanın Qarabağla bağlı etdiyi sensasion açıqlamaya deputat münasibət bildirdi
Ekskluziv
545
17:36, Bu gün

Paşinyanın Qarabağla bağlı etdiyi sensasion açıqlamaya deputat münasibət bildirdi

Paşinyan Ermənistan daxilində keçirilən mitinqdə Qarabağ məsələsi ilə bağlı əvvəlki mövqeyindən imtina etdiyini bildirərək, “Artsax Ermənistandır” kimi şüarların 30 il ərzində cəmiyyətə yanlış ideoloji təsir altında aşılandığını və bu xəttin Ermənistanı ciddi strateji səhvlərə sürüklədiyini qeyd edib. O, çıxışında bu yanaşmanı “tələ” adlandıraraq, “mən o tələni gördüm” ifadəsi ilə keçmiş siyasi kursdan uzaqlaşdığını vurğulayıb. Baş nazir həmçinin “Qarabağ hərəkatı”nın davam etdirilməsinin yeni müharibələrə, böyük itkilərə və dövlətçiliyin təhlükəyə düşməsinə səbəb ola biləcəyini bildirib. 

Maraqlıdır, Paşinyanın vaxtilə səsləndirdiyi "Artsax Ermənistandır və nöqtə" şüarından imtina edərək "bizi 30 il yalanla bəslədilər" və "Qarabağ hərəkatı tələ idi" deməsi Ermənistanın dövlət ideologiyasında və Qarabağ məsələsinə yanaşmasında köklü dönüşün göstəricisidir, yoxsa seçkiqabağı dövrdə cəmiyyətə və beynəlxalq ictimaiyyətə hesablanmış siyasi mesajdır?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Rasim Musabəyov açıqlama verib.

Deputat bildirib ki, Paşinyan və onun tərəfdarları nəhayət ki, Qarabağ hərəkatının Ermənistana və ümumilikdə bölgəyə vurduğu zərbəni anlayırlar:

"Bu hərəkat olmasaydı, üç Cənubi Qafqaz respublikası müstəqilliyini elan edərək əlbir şəkildə inkişaf edə bilərdi və heç də Baltikyanı respublikalardan geri qalmazdılar. Çünki sovet dövründə mövcud olan kölgə iqtisadiyyatı Cənubi Qafqazda — Ermənistanda, Gürcüstanda və Azərbaycanda bazar iqtisadiyyatına keçid üçün müəyyən zəmin yaratmışdı.

Azərbaycanın təbii sərvətləri, Gürcüstanın limanları, Ermənistanın isə diasporadan aldığı maliyyə dəstəyi elə bir imkan yarada bilərdi ki, bölgəmiz indiki vəziyyətlə müqayisədə iki dəfə daha yaxşı yaşaya bilərdi. Ancaq Qarabağ hərəkatı demək olar ki, bütün Cənubi Qafqazı, sonda isə Ermənistanı da inkişafdan kənarda saxladı. Bunu anlayırlar. Anlayırlar ki, müharibə uduzulub, itirilənləri qaytarmaq qeyri-mümkündür. Eyni zamanda anlayırlar ki, Ermənistan üçün yeganə yol qonşularla barışıq və əməkdaşlıqdan keçir. 

Bu istiqamətdə hiss olunur ki, təkcə Nikol Paşinyan deyil, onun tərəfdarları da həm seçkilərə müraciətlərində, həm də gələcək fəaliyyət proqramı kimi bunu qəbul edirlər. Və təbii ki, belə olduğu halda kənar qüvvələrin gəlib bölgədə təsir göstərmək imkanları da azalır. Ona görə də bildirirlər ki, Qarabağ hərəkatı bir tələ idi və Ermənistan artıq bu tələdən çıxıb, geri qayıtmaq istəmir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər