“ABŞ hazırda müharibədə məğlubiyyətə alışma mərhələsini keçir...”-TƏDQİQATÇI
Ekskluziv
483
10:50, Bu gün

“ABŞ hazırda müharibədə məğlubiyyətə alışma mərhələsini keçir...”-TƏDQİQATÇI

“Sözsüz ki, mövcud vəziyyətdə geniş miqyası hava hücumlarını ağır tələfatsız keçirmək mümkün olmayacaq. Bu isə ABŞ üçün məqbul variant deyil...”
 
“Digər tərəfdən isə İranın geri çəkilməsi Rusiya və Çinə qətiyyən sərf etmir...”
 
Tanınmış tədqiqatçı Araz Şəhrili Moderator.az-ın “Bu günlərdə İran İsrailin Livana hücumları səbəbindən ABŞ-la danışıqları dayandırdığını bəyan edib. Hörmüz ətrafında isə ara-sıra atışmalar davam edir. Mövcud durumu necə şərh edərdiniz?..” sualına cavab olaraq “Livandakı atəş bölgəni yandıra bilərmi?” başlıqlı analitik yazısını təqdim edib:
 
“İsrailin Livanı belə amansız şəkildə bombalamasının bir neçə səbəbi var:
 
1. “Hizbullah” döyüşçülərinin fiber optik kabelli dronlardan get-gedə daha da artan bacarıqla istifadə etmələri İsrail ordusunu savaş meydanında aciz duruma salıb. Belə bir vəziyyətdə İsrail hərbçiləri mülki əhalini hədəf almaqla “hizbullah”çılara təzyiq göstərmək istəyirlər. Amma bəri başdan qeyd edək ki, kütləvi bombalama heç bir effekt verməyəcək. Əksinə, həm Livanda, həm də dünyada bu dövlətə nifrəti daha da artıracaq...
 
2. ABŞ-nin İranla mümkün razılaşması “Böyük İsrail” barədə bütün xəyallara son qoyacaq. Bununla barışmaq istəməyən İsrail rejimi üçün yeganə yol İranı müharibəyə cəlb etmək və ardınca elə bir şərait yaratmaqdır ki, ABŞ quru əməliyyatına başlasın. Lakin vurğulayaq ki, obyektiv səbəblərə görə həmin planın həyata keçirilməsi, demək olar ki, mümkünsüzdür. Əvvəla, ABŞ-yə “Perl Harbor” və ya “qoşa qüllə” faciəsi kimi bir zərbə dəyməlidir. İkincisi, ABŞ-də səfərbərlik sistemi yoxdur. Bu isə o deməkdir ki, zəruri sayda adamı müharibəyə cəlb etmək çətin olacaq. Üçüncüsü, amerikalılar birmənalı şəkildə quru əməliyyatının əleyhinədirlər...
 
3. İsrail rəhbərliyinə məlumdur ki, Livanın xüsusilə şiə məntəqələrinin müharibədən sonrakı bərpası İranın üzərinə düşəcək. Bu isə onsuz da ağır zərbələr almış İran iqtisadiyyatı üçün əlavə yük olacaq. Məhz buna görə İsrail Livana, əslində isə İrana bacardığı qədər ziyan vurmağa çalışır. İran da bombalamanın dərhal dayandırılması barədə ultimatumu verməklə zərərin miqdarını azaltmaq istəyir...
 
İsrailin Livan və Qəzzadakı fəaliyyəti düşdüyü İran girdabından çıxmaq üçün xaotik hərəkətlər edən Donald Trampın vəziyyətini daha da çətinləşdirir. ABŞ prezidentinin uğursuz cəhdlərini xatırlayaq:
 
1. Dəniz blokadası. 
 
Bu tədbir İran iqtisadiyyatı üçün çətin sınaq sayılır. Amma İslam Cümhuriyyəti müxtəlif üsullarla onun təsirini zəiflədir. Tarixdən də məlumdur ki, dəniz blokadası heç də həmişə əhəmiyyətli nəticələrə gətirib çıxarmır. Məsələn, II Dünya müharibəsi zamanı Almaniya Böyük Britaniyaya, Koreya müharibəsinin gedişində isə ABŞ Şimali Koreyaya qarşı bu tədbiri tətbiq etmişdi.
 
2. Vasitəli diplomatiya. 
 
Tramp Rusiya və Çinin köməyilə İranı güzəştlərə məcbur etmək istədi. Lakin onun diplomatik gedişlərinin heç bir xeyri olmadı. Əvvəla, İran nə Rusiyaya, nə də Çinə tabedir. O əslində, bu dövlətlərin bərabərhüquqlu müttəfiqidir. Digər tərəfdən isə İranın geri çəkilməsi Rusiya və Çinə qətiyyən sərf etmir...
 
3. Nüvə şantajı. 
 
ABŞ prezidenti və onun ruporları bir neçə dəfə həm pərdəli, həm də açıq şəkildə İranı atom bombası ilə təhdid etdilər. Ancaq İran bu hədələrə əhəmiyyət belə, vermədi. Zənnimizcə, bunun əsas səbəbi odur ki, İslam Cümhuriyyətinin özü də artıq həmin silaha malikdir. Digər tərəfdən, ABŞ-nin belə bir hərəkəti Rusiya üçün presedent yaradacaq. Ekspertlərin əksəriyyəti hesab edir ki, bu halda Ukrayna və Avropanın təhlükəsizliyinin qara qəpik qədər dəyəri olmayacaq...
 
4. “Qarşılıqlı güzəşt” çağırışları... 
 
İran, Türkiyə, Pakistan və ərəb ölkələrinə müraciət edən Tramp onların “İbrahim sazişi”nə qoşulmasını istədi. Bunun əvəzində İranla müharibəyə son qoyacağını bildirdi. Lakin həmin dövlətlərin hamısı Fələstinin müstəqilliyi məsələsini əsas şərt kimi irəli sürdülər. Pakistan isə bəyan etdi ki, İsraili bundan sonra da tanımayacaq. 
 
5. Hava zərbələrinin bərpası. 
 
Son günlərdə ABŞ İranın hava hücumundan müdafiə sistemini bir neçə dəfə test elədi. Ancaq nəticələr ürəkaçan olmadı ABŞ-nin çox bahalı PUA-ları vuruldu, radarlar üçün görünməz sayılan “F-35” təyyarəsi isə artıq neçənci dəfə İran radarının nişangahına düşdü. Müəyyən edildi ki, İranın sıradan çıxarıldığı iddia olunan hava hücumundan müdafiə sistemləri əvvəlkindən də effektli işləyir. Sözsüz ki, mövcud vəziyyətdə geniş miqyası hava hücumlarını ağır tələfatsız keçirmək mümkün olmayacaq. Bu isə ABŞ üçün məqbul variant deyil.
 
Beləliklə, İran körfəzi ətrafında vəziyyət gərgin olaraq qalmaqdadır. Yaranmış situasiya ABŞ üçün ürəkaçan hesab edilmir. Fikrimizcə, o hazırda məğlubiyyətə alışma mərhələsini keçir. Bu proses ağrılı olmaqla yanaşı, bir qədər uzun çəkə bilər...
 
Müəllif: tədqiqatçı Araz Şəhrili”
 
Təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər