Ekskluziv
433
19:56, Bu gün

"Rusiya Rumıniyaya zərbədən öz maraqları üçün istifadə etməyə çalışır" - ISW

"Kreml Rumıniyadakı insident fonunda gələcəkdə Moldovaya edilə biləcək dron hücumlarına görə məsuliyyətdən yayınmağa zəmin hazırlayır..."
 
Kreml Rumıniyada yaşayış binasına düşən "Shahed" pilotsuz uçuş aparatının yaratdığı qalmaqaldan öz məqsədləri üçün yararlanmağa çalışır. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilnəsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Rusiya Moldovaya dair iddialar irəli sürür
 
Analitiklərin fikrincə, Moskva bununla gələcəkdə Moldovaya qarşı baş verə biləcək oxşar hadisələrə görə məsuliyyəti üzərindən atmağa çalışır.
 
ISW mütəxəssisləri Rumıniyadakı hadisədən sonra Rusiyanın Moldovadakı səfirliyinin yaydığı bəyanata diqqət çəkiblər. Həmin bəyanatda rus diplomatları iddia ediblər ki, Moldova hakimiyyəti və Qərb ölkələri Rumıniyadakı dron insidentinə bənzər hadisənin "səhnələşdirilməsini" hazırlayırlar.
 
Rusiya tərəfi həmçinin bəyan edib ki, guya Kişinyov Moskva ilə münasibətlərin daha da pisləşməsində maraqlıdır və bu məqsədlə müxtəlif təxribatlara əl ata bilər. ISW analitikləri hesab edirlər ki, bu açıqlamalar gələcəkdə baş verə biləcək hadisələr üçün əvvəlcədən informasiya zəmininin hazırlanmasına bənzəyir.
 
Kreml məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışır
 
Analitiklərin diqqət çəkdiyi digər məqam isə Rusiya rəsmilərinin Rumıniyadakı hücumun məhz Rusiya dronu tərəfindən həyata keçirildiyini inkar etməsidir. Moskva heç bir sübut təqdim etmədən NATO ərazisinə hücumu Ukrayna pilotsuz aparatının törətdiyini iddia edib.
 
ISW hesab edir ki, bu iki istiqamətli informasiya kampaniyası Kremlin gələcəkdə Rusiya dronlarının istər təsadüfən, istərsə də qəsdən Moldova ərazisinə zərbə endirməsi halında məsuliyyətdən yayınmaq niyyətini göstərir.
 
Hesabatda vurğulanır ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hücumları davam etdirərkən Rusiya pilotsuz aparatlarının NATO ölkələrinin və Moldovanın hava məkanına daxil olması riskini qəbulolunan nəticə kimi qiymətləndirir. Analitiklərə görə, Kreml artıq NATO ölkələrində mülki şəxslərin zərər görməsi ehtimalını da öz hərbi kampaniyasının qəbuledilən nəticələrindən biri hesab edir.
 
Rumıniyada baş verən hadisə
 
Mayın 29-na keçən gecə Rusiya istehsalı olan zərbə dronu Rumıniyanın hava məkanına daxil olaraq Ukrayna sərhədinə yaxın yerləşən Qalats şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb. Dron binanın dam hissəsinə düşərək partlayış və yanğına səbəb olub.
 
Hadisə nəticəsində iki nəfər yaralanıb. Sonradan Rumıniya Müdafiə Nazirliyi pilotsuz aparatın Rusiya mənşəli olduğunu təsdiqləyib. Dronun qarşısını almaq üçün F-16 qırıcıları havaya qaldırılıb, əhaliyə isə Ro-Alert xəbərdarlıq sistemi vasitəsilə məlumat verilib.
 
Buxarest sərt addımlar atdı
 
Bu hadisə Ukraynada genişmiqyaslı müharibənin başlanmasından bəri Rusiya dronunun NATO üzvü olan ölkənin ərazisində mülki şəxslərin yaralanmasına səbəb olduğu ilk hadisə kimi tarixə düşüb.
 
Rumıniya prezidenti Nikușor Dan Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rumıniya hakimiyyəti Rusiyanın ölkədəki səfirini izahat verməyə dəvət edib. Daha sonra isə Buxarest cavab tədbiri olaraq Rusiyanın baş konsulunu ölkədən çıxarmaq və Rusiyanın Konstansadakı konsulluğunu bağlamaq qərarı verib.
 
Analitiklərin qənaətinə görə, Rumıniyadakı insident təkcə təhlükəsizlik baxımından deyil, həm də informasiya müharibəsi müstəvisində yeni mərhələnin başlanğıcını göstərir və Kremlin oxşar hadisələrə dair gələcək mövqeyini anlamaq baxımından mühüm siqnal hesab olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər