Dünya
173
20:46, Bu gün

"Ukrayna müharibənin gedişini dəyişib, amma bu üstünlük uzun sürməyə bilər" - "The Hill"

"Dronlar Rusiyanın hücum potensialını zəiflədir, Ukrayna isə nadir strateji fürsət pəncərəsindən yararlanmağa çalışır..."

Dronların üstünlüyü Ukraynaya cəbhədə təşəbbüsü qaytarıb, bu fürsət pəncərəsi uzunömürlü olmaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Hill" nəşri yazıb.

Ukrayna təşəbbüsü ələ keçirir

Nəşr yazır ki, Ukrayna uzun müddətdən sonra ilk dəfə olaraq cəbhədə Rusiyadan daha çox ərazi geri qaytarmağa başlayıb. Hərbi ekspertlərin fikrincə, müharibə yeni mərhələyə daxil olur və 2023-cü ilin sonlarından bəri davam edən çıxılmaz vəziyyət tədricən dəyişir.

Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (lSW) analitiki Cors Barros bildirib ki, Ukrayna qüvvələri ilk dəfə olaraq rusların irəliləyiş tempini dayandırmaqla yanaşı, daha çox ərazi geri almağa nail olur. Onun sözlərinə görə, bu dönüş son aylarda Rusiya radarlarına, radioelektron mübarizə sistemlərinə və pilotsuz aparatlarına endirilən zərbələrin nəticəsidir.

Dronlar döyüş meydanını dəyişir

Ekspertlər hesab edirlər ki, Ukraynanın əsas üstünlüyü pilotsuz uçuş aparatlarının kütləvi və effektiv istifadəsidir. Qeyd edilir ki, dronlar cəbhə xətti boyunca "zərbə zonası"nı genişləndirərək Rusiya ordusunun böyük qüvvə və texnika toplamasını çətinləşdirib.

Bunun nəticəsində ruslar hücum üçün lazım olan qüvvələri cəmləşdirə bilmir, Ukrayna isə daha fəal əməliyyatlar aparmağa başlayıb. Eyni zamanda dronlar Rusiyanın dərinliklərində yerləşən neft obyektlərinə, hərbi bazalara və logistika mərkəzlərinə zərbələr endirməyə imkan verir.

Fürsət pəncərəsi uzun sürməyə bilər

Analitiklər hesab edirlər ki, Kiyev hazırkı üstünlükdən istifadə edərək həm döyüş meydanında, həm də mümkün sülh danışıqlarında mövqelərini gücləndirməyə çalışır. Lakin Barros xəbərdarlıq edir ki, bu vəziyyət daimi deyil və Ukraynanın tərəfdaşları yaranmış fürsətdən vaxtında yararlanmalıdırlar.

Bu arada "Forbes" nəşri yazır ki, Ukrayna Rusiyanın logistikasına qarşı mübarizəni daha da gücləndirib. Ukrayna dronları artıq yalnız yanacaq anbarlarını və təchizat karvanlarını deyil, həm də əsas hərbi marşrutları hədəfə alır, yollar boyunca minalar yerləşdirir. Ekspertlərin fikrincə, təchizatın ləngiməsi Rusiya ordusu üçün bəzən texnika itkisindən də daha ağır nəticələr yarada bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər