“O halda bu, açıq şəkildə Roma statunu qəbul etmiş ölkələrə mesajdır ki, “əgər hansısa beynəlxalq tədbir çərçivəsində ərazinizə gəlsəm və məni həbs etsəniz, nəticəsi sizin üçün ağır olacaq...”
“Bu addım heç bir beynəlxalq hüquq normasına əsaslanmır və sadəcə qudurğanlıq və həyasızlıqdır, beynəlxalq hüquqa və dünyaya açıq meydan oxumaq cəhdidir...”
“Putinin imzaladığı bu son əndrəbadi qanun heç bir hüquq normasına və beynəlxalq prinsiplərə sığmayan növbəti sərsəm və avantürist addımdır. Əvvəla, rusların yaşadığı ölkələrdə heç kim onlara səbəbsiz yerə ziyan vurmaz. İkincisi də, tutaq ki, gerçəkdən hansısa bir ölkədə Rusiya vətəndaşlarına qarşı hansısa xoşagəlməz hadisə baş verərsə, bununla bağlı həmin dövlətin daxili qanunvericiliyi və hüquq-mühafizə orqanları mövcuddur ki, onlar həmin insidentə hüquqi qiymət verməlidir. Əgər doğrudan da ruslara qarşı haqsızlıq edilməsi təsdiqlənərsə, bunu edənlər qanunla cəzalandırılar. Yox əgər tərəflər qərardan narazı qalarsa, məsələ beynəlxalq məhkəmələrə, Haaqa məhkəməsinə və s. çıxarıla bilər. Yəni adi bir cinayət işi Rusiyanın başqa bir ölkəyə qoşun yeritməsinə səbəb ola bilməz. Buna hansısa hüquq normalarıyla don geyindirmək də, bəraət qazandırmaq da mümkün deyil. Bu addım heç bir beynəlxalq hüquq normasına əsaslanmır və sadəcə qudurğanlıq və həyasızlıqdır, beynəlxalq hüquqa və dünyaya açıq meydan oxumaq cəhdidir.”
Bu fikir və mülahizələri politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin imzaladığı ölkə vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi məqsədilə Rusiya ordusundan istifadə edilməsinə icazə verən əndrəbadi qanunu şərh edərkən səsləndirib.
“Üçüncüsü də, əgər hansısa ölkədə ruslar üçün iqtisadi, yaxud siyasi şərait münasib deyilsə, həmin şəxslər oranı tərk edib öz vətənlərinə qayıda bilərlər. Yox, əgər orada yaşayırlar və həmin ölkənin qanunlarına əməl edirlərsə, onlara heç kim heç nə edə bilməz. Məsələn, rusların kompakt halda yaşadığı postsovet ölkələrindən Azərbaycanda belədir, digər ölkələrdə də eyni vəziyyətdir. Ona görə də Putinin imzaladığı bu əndrəbadi qərar onun psixikasının tamamilə yerindən oynadğığını açıq şəkildə göstərir. Və bu qanun beynəlxalq səviyyədə heç kim tərəfindən təqdir və qəbul edilməyəcək.
O da sözsüzdür ki, bu qərar ilk növbədə postsovet ölkələrinə, o cümlədən Azərbaycana dolayı təhdid xarakteri daşıyır. Amma bununla da Putin, Kreml şovinistləri heç bir hədəfə nail ola bilməyəcək”, - deyə davamında politoloq diqqətə çatdırıb.
“Ola bilərmi ki, Putin bu qanunu imzalamaqla hansısa məcburi xarici səfər zamanı özünü də “qanunla” qorumağı nəzərdə tutsun? Məsələn, əgər o, Roma Statutunu qəbul etmiş hansısa dünya ölkəsinə getsə və həmin dövlət onu həbs etsə, buna görə həmin dövlətə qarşı güc tətbiq ediləcəyinə eyham vurur” fikrinə isə Qabil Hüseynli belə münasibət bildirib:
“Bəli, bu da mümkündür. O halda bu, açıq şəkildə Roma Statunu qəbul etmiş ölkələrə mesajdır ki, “əgər hansısa beynəlxalq tədbir çərçivəsində ərazinizə gəlsəm və məni həbs etsəniz, nəticəsi sizin üçün ağır olacaq”. Məsələn, Putin Monqolustana səfər etmişdi və Monqolustan zəif mövqe nümayiş etdirdi. Amma başqa bir dövlət Roma Statutunun tələblərinə uyğun şəkildə onu həbs edə bilər.
Onsuz da Putinin başı üzərində qara buludlar sıxlaşmaqda davam edir. Həm Rusiya, həm Moskva, Kreml daxilində, həm də beynəlxalq müstəvidə...”
Sultan Laçın