“Sizin bu millətlə, biz - Azərbaycan xalqı ilə belə danışmağa, absurd anti-dövlət təbliğatı aparmağa nə haqqınız var?!.”
“Cəmiyyətimiz, analarımız, qadınlarımız, valideynlərimiz narahat və əsəbidir. Səbəb isə, xalqın hesabına yazıçı, millət vəkili, jurnalist populyarlığı qazanıb, xalqı aşağlayan, millətin gözünə ultimatum barmağı soxan, sadə və kasıb təbəqənin "yarasına" duz basan "ağ süddən çıxmış"lardı...”
“Demək istəyirəm ki, siz təkcə Günay Agamalının adının qarşısında "Ana" və "Qadın!" yazmayın. Azərbaycan qadını bu gün Cəmiyyətimizin 51 %-ni təşkil edir. Onlar həm gözəl Ana, həm öz mətbəxində bacarıqlı qadın, həm də yüksək kürsülərdən sözünü deyən Azərbaycan Qadınlarıdırlar!..”
“Rəhbəri olduğu kanala “Real” adı verib, qıpqırmızı yalan, təhqir və şantaj dolu materialları hər saat efirdən nümayiş etdirən Mirşahin Ağayev isə insanların səbr kasasını tamam daşırdı! Xalqa rəsmən "barmaq silkələdi...”
“Müəllim, ziyalı çörəyilə, sadə bir ailədə böyüyüb, təhsil alan və gənc yaşdan yüksək dövlət orqanlarında işləyən bir Azərbaycan qadını kimi Xalqıma uzadılan bu dillərə, barmaqlara, hikkəli "məsləhətlərə" etiraz edirəm...”
*** *** ***
“Mirşahin bəy, bizim Vətənimizə, Cəmiyyətimizə vurğuladığın o borc dəftərləri yaraşmır! İnsanları o dəftərlərə möhtac qoyan bəzi məmurlardan, az qala hər gün qiyməti yüksələn ərzaqlardan, apteklərdəki astronomik qiymətlərdən yazasan, bəlkə?”.
15 il Naxçıvan MR Baş nazirinin müavini işləmiş Təranə Quliyevanın Moderator.az-a verdiyi yazılı açıqlamad belə deyilir.
Son zamanlar Azərbaycan qadınının, anasının sistemli şəkildə aşağılanmasına etiraz edən müəllifin ürək ağrısı ilə yazdıqlarını nəzərinizə çatdırırıq:
“İki gündür ki, bir-neçə məsuliyyətsiz "başbilən"in özünəməxsus və özünəyaraşan fikirləri ucbatından ara qarışıb, məzhəb itib. Cəmiyyətimiz, analarımız, qadınlarımız, valideynlərimiz narahat və əsəbidir. Səbəb isə, xalqın hesabına yazıçı, millət vəkili, jurnalist populyarlığı qazanıb, xalqı aşağlayan, millətin gözünə ultimatum barmağı soxan, sadə və kasıb təbəqənin "yarasına" duz basan "ağ süddən çıxmış"lardı...
Saçı-saqqalı xalqın içində ağarmış yazıçımız Kamal Abdulla çıxıb deyir ki, Azərbaycan qadını işləyib, karyera qurmamalı, evində oturub bozbaşını bişirməlidir. Millətdən guya mandat alıb, ayda 10-12 min manatı qatlayıb cibinə qoyan millət vəkili, özü də bir qadın, bir ana çıxıb deyir ki, beş nəfərlik bir ailəyə ayda 800 manat tam yetərlidir ki, normal yaşasın və uşaq puluna ehtiyacı olmasın. Uşaq pulu verilsə, valideynlər tənbəlləşəcəklər (!)...
Bu gün isə bir vaxtlar özünü mill ruhlu kimi göstərən, çalışdığı “ANS” kanalının devizlərindən biri "qərəzsiz" olan, hazırda rəhbəri olduğu kanala “Real” adı verib, qıpqırmızı yalan, təhqir və şantaj dolu materialları hər saat efirdən nümayiş etdirən Mirşahin Ağayev isə insanların səbr kasasını tamam daşırdı! Xalqa rəsmən "barmaq silkələdi", açıq, mentor və biraz da əsəbi tonda dedi ki, ay millət, kasıbsansa, yerini bil, “doğub-törəmə”, get mağazalarda yazdırdığın borc dəftərlərinin və qapısında süründüyün apteklərdə “doğub tök”!
Müəllim, ziyalı çörəyilə, sadə bir ailədə böyüyüb, təhsil alan və gənc yaşdan yüksək dövlət orqanlarında işləyən bir Azərbaycan qadını kimi Xalqıma uzadılan bu dillərə, barmaqlara, hikkəli "məsləhətlərə" etiraz edirəm.
Sizin bu millətlə, biz - Azərbaycan xalqı ilə belə danışmağa, absurd anti-dövlət təbliğatı aparmağa nə haqqınız var?!.
Bu gün yazıçı Kamal Abdulla qadınlarımızı, xanımlarımızı, qızlarımızı ancaq mətbəxdə, xörək bişirən görmək istəyəndə, hər zaman Azərbaycan Qadınına yüksək dəyər vermiş Ulu Öndər Heydər Əliyevin sırf qadınların cəmiyyətdəki rolunu artırmaq üçün 1998-ci ildə imzaladığı və Dövlət Qadın siyasətinin əsasını qoymuş Fərmanı yadına düşürmü? Bəli, Heydər Əliyev siyasətinin əsaslarından biri də məhz Azərbaycan qadınlarının elm, təhsil, mədəniyyət, digər sahələr və dövlət idarəçiliyində bərabərhüquqlu təmsil olunmalarının dəstəklənməsidir.
Bu gün ölkəmizin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, uzun illər millət vəkili, YUNESKO VƏ İSESKONUN xoşməramlı Səfiri missiyalarını daşımış Mehriban xanım Əliyeva - bir Lider qadın obrazının simvoludur və həm də gözəl, fədakar anadır, həyat yoldaşıdır, valideyndir.
Eləcə də, başqa bir lider xanım obrazı - həm Heydər Əliyev Fondunun vitse-prezidenti, həm də ictimai fəal olan Leyla xanım Əliyeva. Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli naminə yaratdığı İDEA ictimai birliyin rəhbəri kimi həyata keçirdiyi möhtəşəm işlər. O, eyni zamanda həm də çoxuşaqlı anadır.
Ölkəmizdə minlərlə qadın həm mətbəxdə ev xanımıdırlar, həm də sosial həyatda, aktiv ictimai işlərdə, dövlət qulluğunda yetərincə uğurla təmsil olunur.
O ki qaldı Mirşahinin bu gün millətə, biz - xalqa ultimativ müracətinə, demək istəyirəm ki, siz təkcə Günay Agamalının adının qarşısında "Ana" və "Qadın!" yazmayın. Azərbaycan qadını bu gün Cəmiyyətimizin 51 %-ni təşkil edir. Onlar həm gözəl Ana, həm öz mətbəxində bacarıqlı qadın, həm də yüksək kürsülərdən sözünü deyən Azərbaycan Qadınlarıdırlar!
Mirşahin bəy, bizim Vətənimizə, cəmiyyətimizə vurğuladığın o borc dəftərləri yaraşmır! İnsanları o dəftərlərə möhtac qoyan bəzi məmurlardan, az qala hər gün qiyməti yüksələn ərzaqlardan, apteklərdəki astronomik qiymətlərdən yazasan bəlkə?..
Açıq-aşkar kasıb təbəqəyə ultimatum verirsiz. Utanmadan, əhali artımımızın qarşısını almağa yönəlik kütləvi çağırış edirsiniz. Düşünürəm ki, aidiyyatı orqanlar Mirşahinin bu mövqeyini dərindən incələməli, sifarişi hansı xarici kəşfiyyat orqanlarından aldığını üzə çıxarmalı və araşdırma başlatmalıdırlar. Çünki yürütdüyü fikirlər millətimizə birbaşa təhqirdir və dövlətin demoqrafik artım siyasətini baltalamağa xidmət edir...
Qeyd edim ki, artıq iki ildir, Azərbaycanın demoqrafik artımında ciddi azalmalar müşahidə olunur. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin sayı cəmi 32 109 nəfər artaraq 0,3 faiz təşkil edib. Bu isə ciddi azalmadır və getdikcə, mənfi trendin artdığını görürük. Zaman keçdikcə, əhalimiz qocalır və demoqrafik artımımız da azalmağa məhkumdur. Dünyanın başqa ölkələrinin milləti faciəyə sürükləyən bu prosesin qarşısını almaq üçün hər ailədən ən azı 3 uşaq dünyaya gətirməyi tələb etdiyi halda, bizim “mirzələrimiz” doğurğanlığımızı aşağılayır və onları “qısırlaşdırmağa” çalışır. Təbii ki, bu, yalnız Azərbaycanın düşmənlərinin əməli ola bilər...
Mirşahin Ağayev, mən üzümü sizə tutub soruşuram: özünüz 3 dəfə ailə qurmusunuz. Əminsinizmi, övladlarınız sevgidən doğulublar? Əgər, borc dəftərində də adınız yoxdursa, halaldır sizə! Amma, siz Allah, millətə hədə-qorxu gəlməyin. Əks halda bu sual çox ağılları qurcalayacaq: əcəba, siz kimdən və nəyin acığını çıxırsınız?..
O ki qaldı millət vəkilinin absurd, məsuliyyətsiz, biraz da komik danışığına, Günay xanım unutmasın ki, biz xalq olaraq heç vaxt tənbəl olmamışıq! Fədakar qadın və kişilər, Qəhrəmanlar yetişdirib Vətənə qurban verən minlərlə Şəhid, Qazi ailələrindən utanın. Niyəsini özünüz düşünüb, taparsınız, bir də səhərin ala-qaranlığında yollarımızı, küçələrimizi süpürüb, parıldadan fədakar, zəhmətkeş Azərbaycan qadınlarından soruşarsınız...”