Dünya
143
15:20, Bu gün

"Tramp İrana yeni zərbə variantını nəzərdən keçirir" - "CBS News"

"ABŞ və İran arasında danışıqlar çıxılmaz vəziyyətə düşür, İsrail isə prosesdən kənarda qalmasından narahatdır..."

ABŞ prezidenti Donald Tramp administrasiyası İrana qarşı yeni hərbi əməliyyat variantını nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Ağ Ev müharibəyə hazırlaşır

Məlumata görə, Vaşinqtonda hərbi və kəşfiyyat strukturları artıq mümkün zərbələrə hazırlığa başlayıb. Mənbələr bildirir ki, təhlükəsizlik qurumlarında əməkdaşların istirahət günləri ləğv edilib, xaricdəki ABŞ obyektləri üçün fövqəladə hazırlıq planları yenilənir.

Ağ Evdə Tehranın qalan hərbi obyektlərinə qarşı "sürətli və güclü" əməliyyat ssenarisi müzakirə olunur. Vaşinqtonun əsas narahatlığı Hörmüz boğazındakı vəziyyətdir. ABŞ hesab edir ki, İran həm qlobal neft marşrutuna nəzarət etməyə çalışır, həm də nüvə proqramından geri çəkilmək istəmir.

Danışıqlar dalana dirənib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran və Vaşinqton hələ razılaşmaya yaxınlaşmayıb. Onun sözlərinə görə, əsas problem müharibənin dayandırılması və yüksək zənginləşdirilmiş uran məsələsidir. Tehrana Pakistan ordusunun komandanı Asim Munir və Qətər nümayəndələrinin səfəri də vəziyyəti dəyişməyib.

İran tərəfi ABŞ-ı "məntiqsiz tələblərlə" danışıqları pozmaqda ittiham edir. "The Wall Street Journal" yazır ki, tərəflər arasında sənəd layihələrinin mübadiləsi davam etsə də, real nəticə yoxdur. Amerikalı rəsmilər danışıqları "əziyyətli proses" adlandırır.

İsrail danışıqlardan kənarda qalır

"The New York Times"ın məlumatına görə, ABŞ administrasiyası İsraili İranla aparılan danışıqlardan faktiki olaraq uzaqlaşdırıb. İsrail rəsmiləri bildirirlər ki, onlar Vaşinqton və Tehran arasındakı təmasların detalları barədə məlumatı əsasən regiondakı diplomatik əlaqələr vasitəsilə öyrənirlər.

Məqalədə qeyd olunur ki, ABŞ və İsrailin prioritetləri xüsusilə Hörmüz boğazı bağlandıqdan sonra fərqlənməyə başlayıb. Neft qiymətlərinin artması Tramp administrasiyasını daha çox atəşkəs və razılaşma variantına yaxınlaşdırıb.

İsraildə əsas narahatlıq isə odur ki, mümkün razılaşmada İranın raket proqramı ümumiyyətlə müzakirə edilməyə bilər. Təl-Əviv hesab edir ki, belə ssenari 2015-ci il nüvə sazişinin təkrarlanmasına çevrilə bilər və Tehran yenidən milyardlarla dollar əldə edərək bölgədəki təsirini gücləndirər.

Yaxın Şərq yeni müharibə təhlükəsi ilə üz-üzədir

Məlumata görə, Tramp son günlər daha sərt mövqe nümayiş etdirir və danışıqlar nəticə verməsə, İrana qarşı yeni hücum ehtimalını istisna etmir. Ağ Ev rəsmiləri prezidentin bütün variantları masada saxladığını bildirir.

Ekspertlər xəbərdarlıq edir ki, yeni hücum Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər. Bu isə neft qiymətlərində kəskin artım, qlobal iqtisadi risklər və beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələr yarada bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər