“Rusiya gec-tez anlayacaq ki, dövr dəyişib” – deputat
Ekskluziv
760
15:43, Bu gün

“Rusiya gec-tez anlayacaq ki, dövr dəyişib” – deputat

Son günlər Rusiya dövlət mediasında və diplomatik nümayəndəlik səviyyəsində müşahidə olunan bəzi addımlar Bakı–Moskva münasibətlərində yeni müzakirə dalğası yaradıb. Xüsusilə “Birinci kanal”da yayımlanan proqramda Cənubi Qafqaz xəritəsinin təqdimatı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlış vizual təsvirin yer alması və ardınca İrəvanda keçirilən rəsmi tədbirdə keçmiş separatçı struktura bağlı şəxsin iştirak etməsi diqqət mərkəzinə çevrilib. Bu hadisələr Azərbaycanda rəsmi və ictimai səviyyədə narazılıqla qarşılanıb. 

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi bu cür yanaşmaları ölkənin suverenliyi və mövcud siyasi reallıqlara zidd addım kimi dəyərləndirərək, müvafiq tərəflərdən aydınlıq gətirilməsini gözlədiyini bildirib. 

Maraqlıdır, Rusiya dövlət televiziyasında “Dağlıq Qarabağ”ın ayrıca ərazi kimi göstərilməsi və ardınca Rusiyanın İrəvandakı səfirliyinin keçmiş separatçı qurum təmsilçisini tədbirə dəvət etməsi fonunda yaranan ardıcıl hadisələr Moskva–Bakı münasibətlərində təsadüfi diplomatik və media səhvləri kimi qiymətləndirilə bilərmi, yoxsa bu, Rusiya tərəfindən regionla bağlı siyasi mesajların sistemli şəkildə verildiyini göstərir?

Bu proseslər Azərbaycan–Rusiya “strateji tərəfdaşlıq” gündəliyinə necə təsir edə bilər və Bakı bu cür hallara qarşı hansı siyasi və diplomatik mexanizmləri daha effektiv hesab etməlidir?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin üzvü Qüdrət Həsənquliyev açıqlama verib. 

Deputat bildirib ki, Azərbaycanla Rusiya 2022-ci ilin 22 fevralında Moskvada müttəfiqlik münasibətlərinə dair saziş imzalayıb:

"Rusiya həmin sazişlə üzərinə öhdəlik götürüb ki,Rusiya ərazisində Azərbaycan əleyhinə separatizm fəaliyyətinə yol verməyəcək.Təəssüf ki,Rusiya öz beynəlxalq öhdəliklərinə, qanunların aliliyinə siyasi məqsədəuyğunluq nöqteyi nəzərindən yanaşır. Rusiyada yaxşı başa düşürlər ki, Azrbaycan erməni separatizmi məsələsini birdəfəlik həll edib.

Bu cür davranış sadəcə Ermənistanda seçkiqabağı revanşist qüvvələri ruhlandırmaq üçündür. Rusiya bunu Paşinyan Qərbyönümlü siyasət yürütdüyündən və Qərbə inteqrasiya istiqamətində müəyyən addımlar atdığı üçün edir. Düşünürəm biz bu kimi əməlləri pisləməklə yanaşı daha təmkinli olmalıyıq.

Rusiya gec-tez fərqində olacaq ki,dövr dəyişib və bölgədə olmaq yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqla mümkündür. Rusiya miqrantlara sayğı ilə yanaşmalı, sülhə və regionun inkişafına töhfə verməlidir.Doğru yol budur".

Pərvin Şakirqızı 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər