Ekskluziv
492
15:30, Bu gün

"Ya razılaşma, ya da sarsıdıcı zərbə": İranla atəşkəs "tükdən asılıdır" - Tramp

 
Vaşinqton və Tehran arasında danışıqlar dalana dirənib, Ağ Ev isə İranın nüvə proqramının tam dayandırılmasını tələb edir...
 
ABŞ prezidenti Donald Tramp İranla əldə olunan kövrək atəşkəsin təhlükə altında olduğunu bəyan edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
Məlumata görə, Tramp Tehranın Vaşinqtonun təklifinə göndərdiyi cavabı "tamamilə qəbuledilməz" adlandıraraq bildirib ki, danışıqlar faktiki olaraq dalana dirənib. Onun sözlərinə görə, Fars körfəzində bir aydan artıqdır davam edən nisbi sakitlik artıq "tükdən asılı vəziyyətdədir". Tramp jurnalistlərə açıqlamasında bunu ağır xəstənin vəziyyəti ilə müqayisə edib: "Həkim deyir ki, yaxınınızın yaşamaq şansı cəmi bir faizdir".
 
"Ya razılaşma, ya da sarsıdıcı zərbə"
 
Tramp Pekinə yola düşməzdən əvvəl də İran mövzusuna toxunaraq bəyan edib ki, ABŞ bu qarşıdurmada "ya razılaşma əldə edəcək, ya da İran darmadağın olacaq". O, Çin lideri Si Tszinpinlə görüşdə İran məsələsini müzakirə edəcəyini desə də, Pekinin yardımını həlledici hesab etmədiyini vurğulayıb.
 
ABŞ prezidentinin sözlərinə görə, onu narahat edən yeganə məsələ İranın nüvə silahına sahib olmamasıdır: "Məni iqtisadi amillər yox, yalnız bu məsələ düşündürür". Bu səfərdə Trampı ABŞ-ın ən iri şirkətlərinin rəhbərləri də müşayiət edir. Nümayəndə heyətində "Tesla" rəhbəri İlon Mask, "Nvidia"nın baş direktoru Censen Huanq, "Apple" rəhbəri Tim Kuk və digər iri biznes fiqurları yer alıb.
 
Tehran geri çəkilmir
 
Tehran isə Vaşinqtonun tələblərini birtərəfli yanaşma kimi qiymətləndirir. İran parlamentinin sədri Məhəmməd Qalibaf ölkənin silahlı qüvvələrinin "istənilən təcavüzkara dərs verməyə hazır olduğunu" bildirib.
 
İran tərəfi ABŞ-dan sanksiyaların ləğvini, dondurulmuş aktivlərin qaytarılmasını və Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınmasını tələb edir. Ekspertlər isə xəbərdarlıq edir ki, boğaz ətrafındakı gərginlik qlobal enerji və ərzaq böhranını daha da dərinləşdirə bilər.
 
Bu arada Benyamin Netanyahu İranın nüvə obyektləri məhv edilməyincə münaqişənin bitməyəcəyini deyib. İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" arasında atəşkəsə baxmayaraq, Livanın cənubunda qarşılıqlı hücumlar davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər