“Putinin son açıqlamaları da göstərir ki, o, reallıq hissini itirib. Faktiki olaraq, heç bir təsir imkanları olmadığı halda Ermənistana mesaj göndərir…”
“Moskvadakı 9 may paradı zamanı işğalçı Rusiya diktatoru Vladimir Putinin Ermənistanla, Cənubi Qafqazla bağlı söylədikləri (dolayısıyla hədə-qorxu gəlməsi) fonunda Paşinyan hakimiyyətinin və ümumiyyətlə, Cənubi Qafqazın gələcəyini necə görürsüz?”
Bu sualla müraciət etdiyimiz AzVP sədri Akif Nağı cavab olaraq Moderator.az üçün aşağıdakı fikir və mülahizələri səsləndirib:
“Rusiyanın, Putinin real vəziyyəti son 9 May paradından sonra aydın görünür. Heç bir yaxın müttəfiqi yoxdur. Müəyyən şərtlər daxilində, bəzi amillərin təsiri altında Rusiya liderinin çox xahişlərindən sonra yalnız Belarus, Qazaxıstan və Özbəkistan kimi ölkələrin rəhbərləri həmin tədbirə qatıldılar. Putinin ciddi xarici tərəfdaşlarından da iştirak edən olmadı. “BRIKS” təşkilatından isə demək olar ki, heç kim iştirak etmədi, Şanxay Əməkdaşlıq Təşkilatı da orada təmsil olunmadı. Çinlə yaxın münasibətlər barədə danışılırdı, amma Çin də heç bir səviyyədə təmsil olunmadı. Bir sözlə, Putin və bütövlükdə Rusiyanın rəhbərliyi faktiki olaraq dünyada gedən proseslərdən tam təcrid olunmuş vəziyyətdədir. Özlərini elə göstərməyə çalışırlar ki, guya heç bir qorxulu şey baş vermir. Amma durumları göz qabağındadır…
Ukrayna cəbhəsində də Rusiyanın vəziyyəti yaxşı deyil və getdikcə pisləşir. Digər istiqamətlərdə, xüsusilə Yaxın Şərqdə də ciddi təsir imkanları qalmayıb...
Bu gün Moldovada da proseslər Rusiyanın istədiyi istiqamətdə getmir. Artıq bu ölkə də Avropaya inteqrasiya yolunda irəliləyir. Cənubi Qafqaza gəldikdə, nə qədər qeyri-məntiqi görünsə də, əvvəllər Qərbpərəstliyi ilə seçilən Gürcüstanda Rusiyanın mövqeyi möhkəmlənir. Yəni orada ziddiyyətli durum yaranıb. Amma hesab edirım ki, bu da uzun müddət davam etməyəcək və Rusiya böyük ehtimalla Gürcüstanda tam möhkəmlənə bilməyəcək.
Azərbaycan isə tam şəkildə mövqeyini ortaya qoyub. Heç bir məsələdə Rusiyaya güzəştə getmədi. Rusiyalı ekspertlər də artıq Kremlin Azərbaycana təsir imkanlarının qalmadığını etiraf edirlər…
Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya yolunu tutmasına rəğmən Ermənistan Rusiya üçün son ümid yeridir. Orada Rusiya var gücü ilə öz təsir imkanlarını qorumağa və bərpa etməyə çalışır, amma faktiki olaraq dəyişiklik edə bilmir. Moskva oradakı Rusiya bazasına, kilsəyə və revanşist siyasi dairələrə güvənir. Ancaq Ermənistan rəhbərliyi kifayət qədər uğurlu manevrlər edir; Rusiyanın qıcıqlandırmasına baxmayaraq, Avropa ilə əlaqələrini qoruyur. Avropa Siyasi Birliyinin Ermənistanda yüksək səviyyəli son zirvə toplantısı və əksər Avropa ölkələrinin iştirakı bu reallığı göstərir. Bütün bunlar fonunda Putinin son açıqlamaları da göstərir ki, o, reallıq hissini itirib. Faktiki olaraq, heç bir təsir imkanları olmadığı halda Ermənistana mesaj göndərir, məsləhət verir ki, seçim etsinlər, referendum keçirsinlər. Halbuki hansısa referendum keçirmək hər bir ölkənin öz daxili işidir. Rusiya liderinin bu davranışı dövlətlərarası münasibətlərdə taktsız və etikadan kənar bir addımdır. Və “ya bizimlə olun, ya da…” mesajı bir növ Stalin yanaşmasıdır…
Bütün bunlar göstərir ki, Rusiyanın Ermənistanda və ümumiyyətlə, Cənubi Qafqazda əvvəlki təsir imkanlarını bərpa etmək perspektivi yoxdur. Əvvəla, maliyyə və iqtisadi imkanları məhduddur. İkincisi, hərbi və siyasi gücü də kifayət etmir. Digər bir siyasi diktat aləti də yoxdur. Bu səbəbdən Rusiya üçün ağıllı siyasət regiondakı proseslərin axın və məntiqini düzgün başa düşmək və diktat mövqeyindən geri çəkilərək həmin prosesə qoşulmaq olardı. Suveren ölkələrə qarşı bu cür diktat, hədə-qorxu mövqeyində qaldıqca, Rusiya yalnız öz vəziyyətini çətinləşdirəcək…
Xülasə, hazırda Cənubi Qafqaz ölkələri öz müstəqil siyasətlərini müəyyənləşdirir. Azərbaycan regionun lider ölkəsidir. Və Gürcüstan da onunla siyasətini uyğunlaşdırır. Ermənistan da açıq şəkildə bu xətt üzrə irəliləyir və deyərdim ki, öz üzünü Qərbdən daha çox Azərbaycan və Türkiyə ittifaqına, onun strategiyasına doğru yönəldibdir, bu ittifaqın cızdığı yol xəritəsi ilə gedir. Rusiyanın Ermənistandakı təsir imkanları isə öncə dediyimiz kimi həddindən artıq zəifdir. İndi Kremlin, Putinin əsas tərəfdarı olan Köçəryan seçkiqabağı müəyyən görüş və kampaniyalar keçirir. Lakin bunlarla Ermənistandakı seçkilərin nəticələrinə təsir etmək artıq mümkün deyil. Heç Moskvanın da müxalifətə ciddi dəstək vermək imkanı yoxdur. Hər hansı təxribata getməyə çalışa bilərlər, məsələn, hərbi çevrilişə cəhd göstərə bilərlər. Amma o variant da artıq real deyil. Həm də Ukrayna bataqlığında çabalayan Rusiya özü üçün ikinci cəbhə açmaq istəməz. Əgər ağılları başlarından çıxıb nəsə etsələr, bu da nəticə verməz. Çünki bu gün artıq hər kəs anlayır ki, regiondakı vəziyyət faktiki olaraq Azərbaycan və Türkiyənin nəzarətindədir…
Rusiyanın regiona müdaxiləsi faktiki olaraq Azərbaycan və Türkiyəyə qarşı hərəkət olardı və nəticəsi uğursuzluqla nəticələnərdi. Buna görə də Cənubi Qafqaz ölkələrinin inkişaf yolu artıq müəyyənləşib və Azərbaycan və Türkiyənin strategiyasına uyğun irəliləyir. Regiondakı bütün oyunçular Azərbaycan və Türkiyənin gücünü, türk dünyasının təsirini və dəyanətini nəzərə alırlar...
Rusiyanın regiondakı yeganə müttəfiqi kimi qalan İran da məlum səbəblərdən artıq proseslərə ciddi təsir edə bilmir. Eyni zamanda Qərb- ABŞ və Avropa regionda sabitliyi qorumaq üçün Azərbaycan və Türkiyəni əsas tərəfdaş kimi görür. Bu da göstərir ki, perspektivdə Cənubi Qafqaz Azərbaycan və Türkiyənin istədiyi istiqamət üzrə inkişaf edəcək...”
Təqdim etdi:
Sultan Laçın