“Türkiyə-Ermənistan sərhədlərinin açılması da 7 iyun seçkilərinin nəticələrindən asılıdır...”-MÜSAHİBƏ
Ekskluziv
114
15:05, Bu gün

“Türkiyə-Ermənistan sərhədlərinin açılması da 7 iyun seçkilərinin nəticələrindən asılıdır...”-MÜSAHİBƏ

“Avropa Siyasi Birliyinin növbəti sammitinin Ermənistanda keçirilməsi də Paşinyanın iqtidarına dəstək olub. Belə dəstək Rusiyanın təsirini müəyyən dərəcədə azaldır...”
 
Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası uzun illər regional və beynəlxalq siyasətin diqqət mərkəzində olub. Son zamanlar Azərbaycan-Ermənistan münasibətlərində müəyyən irəliləyişlər və ABŞ-ın təşəbbüsü ilə Zəngəzur yolunun açılması bu prosesi sürətləndirib. Beynəlxalq məsələlər üzrə analitik, siyasi elmlər üzrə fəlsəfə doktoru Teymur Qasımlı Moderator.az-a müsahibəsində bu mövzuda ən real perspektivləri dəyərləndirib.
 
– Teymur bəy, məlum olduğu kimi, artıq Türkiyə ilə Ermənistan üçüncü ölkə vətəndaşlarının sərhədlərdən buraxılması haqda razılığa gəlib. Sizcə, yaxın illərdə, əgər Azərbaycan-Ermənistan sülh sazişi də imzalansa, Türkiyə-Ermənistan sərhədlərinin açılması və diplomatik münasibətlərin bərpası mümkün olacaqmı?
 
– Əvvəla, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə tarixi rakursdan nəzər salanda bu açıq görünür. Həm Osmanlı dövründə, həm də müasir Türkiyə Cümhuriyyəti dövründə belə olub. Türkiyə Ermənistanın müstəqillik əldə etməsindən sonra, Turqut Özalın prezidentliyi dövründə, onu tanıyan ilk dövlətlərdən biri olub. Sonradan o vaxtkı Rusiyaya bağlı Ermənistan iqtidarının qondarma 1915-ci “soyqırımı” ilə bağlı tələbləri kəskin şəkildə dilə gətirməsi, eyni zamanda Azərbaycan torpaqlarının işğalı Türkiyə dövlətinin Ermənistanla sərhədlərini bağlamasına gətirib çıxardı.
 
Bütün bunlara rəğmən, 1998 və 2000-ci illərin əvvəllərində müəyyən siyasətçi qruplar və QHT-lər vasitəsilə Türkiyə və Ermənistan arasında Avropada və digər bölgələrdə görüşlər keçirilmişdi. Türkiyənin bəzi tanınmış partiya liderləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasını dəstəkləmiş və bununla bağlı addımlar atmışdı. Hətta Azərbaycandakı bir qrup siyasətçilərlə də mühüm görüşlər keçirirdilər.
 
Rəcəb Tayyib Ərdoğan iqtidarı isə istər 2009-cu ildə, istərsə də son illərdə Türkiyə-Ermənistan sərhədlərinin açılması və münasibətlərin qurulmasını həmişə diqqət mərkəzində saxlayıb. Qərb və ABŞ tərəfindən də bununla bağlı təzyiqlər olub.
 
Amma 2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki cəhdlər uğursuz oldu. Bunun əsas səbəblərindən biri Azərbaycan dövləti və xalqının bu məsələyə çox kəskin şəkildə qarşı çıxması və sərt mövqe bildirməsi idi. Çünki o zaman torpaqlarımız işğal altında idi.
 
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ABŞ-ın Bayden administrasiyası Türkiyə qarşısında Ermənistanla sərhədlərin açılması və münasibətlərin bərpasını ciddi şərt kimi irəli sürdü və Rəcəb Tayyib Ərdoğan iqtidarı buna uyğun addımlar atdı. Nikol Paşinyan iqtidarı da bunu müsbət qarşıladı və hər iki tərəfdən mümkün fəaliyyət bu günədək davam edir. Türkiyə tanınmış diplomat Sərdar Kılıçı bu məsələdə xüsusi nümayəndə kimi təyin edib və o, sözügedən məsələnin həlli üçün əlindən gələni edir. Nəticədə münasibətlərin normallaşması üçün xeyli addımlar atılıb.
 
Onu da qeyd edim ki, üçüncü dövlətlərin vətəndaşlarının sərhədlərdən keçməsinə dair razılıq xeyli əvvəl əldə olunub. Avropa siyasi ailəsinin İrəvanda keçirilən toplantısına Türkiyə Respublikasının vitse-prezidentinin qatılması da maraqlı oldu və bu prosesə təkan verdi. Orada müəyyən sənədlər imzalandı və bu, müsbət addımdır.
 
Azərbaycan torpaqlarının işğaldan azad olunması və Amerikanın təşəbbüsü ilə “TRİPP” layihəsi çərçivəsində Zəngəzur yolunun açılması istiqamətində görülən işlər Türkiyə-Ermənistan sərhədlərinin açılması, diplomatik və ticarət əlaqələrinin bərpası prosesini sürətləndirir. Eyni zamanda bu məsələnin həlli əsasən Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından asılıdır.
 
Ermənistan iqtidarı həm Azərbaycan, həm də Türkiyə tərəfinə söz verib ki, ölkənin Konstitusiyasındakı torpaq iddialarının çıxarılmasıyla bağlı referendum keçiriləcək və məsələ həllini tapacaq. Məhz referendumdan sonra Türkiyə ilə bağlı məsələlər də rəsmi şəkildə həllini tapa bilər.
 
Bu günə qədər Türkiyə-Ermənistan arasında üçüncü dövlətlər vasitəsilə ticarət əlaqələri olub. Ermənistan vətəndaşları Türkiyəyə gələrək işləyir, yaşayır və ticarət fəaliyyəti göstərir; bu proses davam edir. Türkiyədə yerli ermənilərdən ibarət böyük erməni toplumu və diasporu mövcuddur. Ona görə də əlaqələr və müəyyən proseslər bu gün də mövcuddur və sabah da davam edəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması 7 iyun parlament seçkilərindən sonra daha sürətlənə bilər.
 
Ancaq xalqlar arasında inamın bərpası, qarşılıqlı açıq, təhlükəsiz gediş-gəlişin tezliklə mümkün olub-olmaması hələ zaman məsələsidir. Ermənistan dövləti bunu istəyirsə, istədiyi an addım ata bilər, amma burada Azərbaycan dövlətinin milli maraqları və dünya güclərinin, o cümlədən Türkiyə dövlətinin maraqları nəzərə alınmalıdır. 7 iyun seçkilərindən sonra prosesləri izləmək lazımdır.
 
Türkiyə-Ermənistan sərhədlərinin açılması və münasibətlərin qurulması həm Azərbaycan, həm də Türkiyənin milli maraqlarına əsaslanmalıdır. Bu prosesin açarı 7 iyun seçkiləridir.
 
– Yəqin ki, Rusiya və bəzi digər ölkələr bu prosesə mane olmağa çalışacaqlar?
 
– 2009-cu ildə Rusiya Federasiyası Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında ikili rol oynayıb; həm dəstək verib, həm də verməyib. Məsələn, o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlu deyirdi ki, Lavrov sanki prosesi dəstəkləyirdi, amma bunun mümkün olmayacağını qeyd edirdi.
 
İndiki Rusiya-Ukrayna müharibəsi şəraitində Putin iqtidarının ağır duruma düşməsi Ermənistan hakimiyyətində Rusiyadan uzaqlaşma prosesini sürətləndirmək səylərini artırıb. Avropa Siyasi Birliyinin növbəti sammitinin Ermənistanda keçirilməsi də Paşinyanın iqtidarına dəstək olub. Belə dəstək Rusiyanın təsirini müəyyən dərəcədə azaldır.
 
Bununla belə, Rusiyanın Ermənistanda müəyyən təsirləri mövcuddur. Odur ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı hansısa fəaliyyət göstərə bilər. İranın təsir imkanları isə azdır, çünki tranzit və logistika baxımından bölgədə rolu zəifləyib. Artıq Ermənistan Azərbaycan vasitəsilə blokadadan çıxmaq üzrədir. Qlobal güclərin maraqları da prosesin sürətlənməsinə yönəlib; Azərbaycan, Türkiyə və Ermənistan hazırkı münasibətləri davam etdirdikcə Rusiya və İranın mane cəhdləri nəticəsiz qalacaq.
 
– Çox güman ki, İsrail də Türkiyə-Ermənistan münasibətlərinin bərpasını istəməz. Elədirmi?
 
– İsrail ilə Ermənistan arasında münasibətlər də tarixən müəyyən səviyyədə normal olub. Paşinyan iqtidarı gəldikdən sonra da İsrail ilə münasibətləri qurmaq və inkişaf etdirmək istəyib. 2020-ci Vətən müharibəsindən sonra Ermənistan-İsrail münasibətləri normallaşma prosesinə daxil olub.
 
Əlbəttə ki, İsrail öz maraqları baxımından Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəməz. Lakin bu, milli maraqlar çərçivəsində Ermənistan-İsrail münasibətlərinin qurulmasına mane olmur. Paşinyan iqtidarı bunu istəyir. Hesab edirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləmək gücü yoxdur, çünki bölgədə əsas qlobal güc ABŞ-dır və proses onun maraqları çərçivəsindədir.
 
Digər tərəfdən, Azərbaycan-İsrail münasibətləri möhkəmdir və yaxşı səviyyədədir. Azərbaycan bu münasibətlərdən istifadə edərək Türkiyə-Ermənistan münasibətlərinin bərpasına İsrail tərəfindən hər hansı əngəl cəhdinin qarşısını ala bilər. Amma bütövlükdə İsrailin istəyi-istəməməsinə baxmayaraq proses artıq fərqli məcraya yönəlib.
 
– Bəs ABŞ-ın Zəngəzurdakı TRİPP layihəsi Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində hansı rolu oynayacaq?
 
– Öncə qeyd etdiyim kimi, Amerikanın təşəbbüsü ilə “TRİPP” layihəsi çərçivəsində Zəngəzur yolunun açılması Türkiyə-Ermənistan sərhədlərinin açılmasını, diplomatik və ticarət əlaqələrinin bərpası prosesini sürətləndirir. Bu münasibətlərin normallaşmasının açarlarından biri məhz Zəngəzur yoludur. Lakin əsas məsələ 7 iyun seçkilərində Paşinyan və komandasının qələbəsindən asılıdır. Bu, sərhədlərin açılması və münasibətlərin bərpası üçün həlledici amil olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər