"Türkiyə–Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə olan Sərdar Kılıçın Ermənistanda etdiyi “özümü sanki öz evimdəymiş kimi hiss edirəm” açıqlaması diplomatik dil baxımından qiymətləndirildikdə, əsasən etimadı artıran və yumşaq mesaj kimi oxuna bilər. Normallaşma proseslərində diplomatlar xüsusilə cəmiyyətlər arasındakı psixoloji baryerləri azaltmaq üçün bu cür simvolik və isti ifadələrdən istifadə edirlər. Buna görə də bu açıqlamanın diplomatik nəzakət çərçivəsində olduğu və diplomatik baxımdan güclü bir mesaj daşıdığı şübhəsizdir.
Lakin məsələ yalnız diplomatik dil baxımından qiymətləndirilə bilməz".
Bu fikirləri Moderator.az-a açıqlamasında türkiyəli siyasi şərhçi İsmayıl Cingöz bildirib.

Siyasi şərhçi qeyd edib ki,Türkiyədə və Azərbaycan ictimaiyyətində, xüsusilə Qarabağ müharibəsindən sonra yaranmış həssaslıqlar və Ermənistanda zaman-zaman baş verən Türkiyə əleyhinə nümayişlər səbəbilə bu cür ifadələr bəzi dairələr tərəfindən həddindən artıq emosional qəbul edilə bilər:
"Xüsusilə Ermənistanın paytaxtı İrəvanda Türkiyə bayrağının yandırılması kimi qalmaqallı hadisələrdən qısa müddət sonra verilən belə isti mesajlar ictimaiyyətin bir hissəsi tərəfindən birtərəfli xoş niyyət kimi şərh edilə bilər və çox güman ki, belə də olacaq.
Bu vəziyyət normallaşma prosesində müxtəlif şərhlərə təsir edə bilər. Xüsusilə həm diplomatik, həm də ictimai səviyyədə qiymətləndirilməli olan bir hadisədir. Diplomatik baxımdan bu açıqlama Türkiyənin prosesi dayandırmaq istəmədiyini və Türkiyə–Ermənistan, Ermənistan–Azərbaycan normallaşma proseslərində kommunikasiya kanallarını açıq saxlamaq istədiyini göstərməsi baxımından əhəmiyyətlidir".
İsmayıl Cingöz vurğulayıb ki, yanaşma ticarət və nəqliyyat layihələri kimi əsas istiqamətlərdə müsbət atmosfer yaradır:
"İctimai səviyyədə isə vəziyyət bir qədər fərqlidir. Əgər Ermənistan tərəfindən türk əleyhinə simvolik addımlar davam edərkən Türkiyə tərəfi daim yumşaq mesajlar verərsə, bu, Türkiyədə prosesin siyasi baxımdan daha kövrək hala gəlməsinə səbəb ola bilər. Buna görə də müxalifət və millətçi çevrələr bunu qarşılıqsız güzəşt kimi şərh edə bilərlər. Bu baxımdan məsələ çox həssas və kövrəkdir.
Ümumi mənzərədə isə Türkiyənin yanaşması qısa müddətli emosional reaksiyalardan daha çox uzunmüddətli regional strategiyaya üstünlük verdiyini göstərir. Türkiyə Ermənistanla nəzarətli normallaşmanı Cənubi Qafqazda nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və regional balans baxımından vacib hesab etdiyini nümayiş etdirir. Buna görə də zaman-zaman ictimai müzakirələrə səbəb olan bu cür diplomatik ifadələr gərginliyi azaltmaq məqsədi daşıdığı üçün əhəmiyyətlidir.
Ermənistan tərəfdə Türkiyə-Ermənistan və Ermənistan–Azərbaycan arasında davamlı sülhə doğru gedən və normallaşan münasibətləri pozmaq istəyən çevrələrin olduğu unudulmamalıdır. Xüsusilə erməni diasporası, erməni kilsəsi və müxalifətinin normallaşma prosesini zəiflətmək istədiyi də qeyd olunur. Bununla yanaşı, Azərbaycan–Ermənistan sülh prosesi və Türkiyənin Ermənistanla normallaşma prosesi bəzi ölkələr tərəfindən də yaxından izlənilir.
Bu səbəbdən beynəlxalq münasibətlərdə emosiyalardan daha çox real siyasət (realpolitik) yanaşması əsas götürülür. Türkiyə kimi böyük bir dövlətin də bu prosesi müsbət mesajlar və yumşaldıcı diplomatik addımlarla idarə etməyə çalışdığı anlaşılır. Yəni Türkiyə bayrağına qarşı edilən hörmətsizlik əlbəttə ki, qəbulolunmazdır, lakin sülh və normallaşma prosesində olan bir ölkədə bu cür provokativ hadisələrin ola biləcəyi də nəzərə alınmalıdır".
Pərvin Şakirqızı