“ABŞ-ın Hörmüz boğazında birbaşa genişmiqyaslı hərbi əməliyyatlardan geri çəkilərək iqtisadi və dəniz blokadasını davam etdirməsi taktiki gedişdir. Hesab edirəm ki, bu, məhdud təzyiq mexanizmi və maksimum siyasi nəticə əldə etməyə hesablanmış strategiyadır. Burada əsas məqsəd İranı tammiqyaslı müharibəyə cəlb etmədən iqtisadi və siyasi baxımdan zəiflətməkdir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Çingiz Şahbazi səsləndirib.

Politoloq əlavə edib ki, ABŞ-da hesab edirlər ki, bu addım İranın nüvə proqramını və regional təsir imkanlarını zəiflədəcək, eyni zamanda Tehranı danışıqlara məcbur edəcək:
“Bu, həmçinin İranın Hörmüz üzərindəki ‘hökmranlığına’ son qoymaq üçün ən məqbul variant hesab olunur. Məqsədlərdən biri də Çinin İran neftinə çıxış imkanlarını məhdudlaşdırmaqdır. Əslində isə bütün bunlar Körfəz ölkələrinə və enerji bazarlarına təsir göstərmək, həmçinin ABŞ-ın bölgədə əsas təhlükəsizlik aktoru olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Bu addımlar ümumilikdə ABŞ-ın Yaxın Şərq siyasətinə uyğun hesab oluna bilər.
Çünki Hörmüzdə mümkün müharibə qlobal neft böhranına səbəb ola bilər.
Bu baxımdan ABŞ-ın müttəfiqləri Vaşinqtona tam dəstək vermək istəmirlər. Avropadakı müttəfiqlərlə yanaşı, Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələri də tam logistika dəstəyi göstərməkdən imtina ediblər.
Bütün bunlar Tramp administrasiyasını çətin vəziyyətə salırdı. Hətta ABŞ daxilində, hakimiyyətin özündə belə, Hörmüzdə müharibənin riskli olduğunu düşünən və buna etiraz edən kifayət qədər şəxslər var. İranın asimmetrik cavab imkanları isə yüksək səviyyədədir. ABŞ bütün bunları nəzərə alaraq anlayır ki, İran iqtisadiyyatı ciddi şəkildə neft ixracından asılıdır və İran neftinin böyük hissəsi Hörmüz vasitəsilə daşınır. Vaşinqton həmin axını məhdudlaşdırmaqla Tehranı maliyyə baxımından sıxışdırmağa çalışır”.
Çingiz Şahbaz vurğulayıb ki, bu marşrut İran üçün həyati əhəmiyyət daşıyan ən zəif nöqtələrdən biridir:
“Əgər İran öz neftini xarici bazarlara çıxara və sata bilməsə, qısa müddət ərzində ölkənin valyuta ehtiyatları kəskin şəkildə azalacaq. Bu isə inflyasiyanın artmasına və daxildə sosial narazılığın daha da güclənməsinə səbəb ola bilər. Eyni zamanda İran regional proksi şəbəkələrini maliyyələşdirməkdə də ciddi çətinliklərlə üzləşəcək. Bu baxımdan ABŞ Hörmüz boğazında birbaşa müharibəyə girməkdən imtina etməyə üstünlük verdi və blokada ilə iqtisadi təzyiq mexanizmləri vasitəsilə müharibəsiz məcburetmə metoduna keçdi.
Lakin bu strategiyanın uğurlu olub-olmayacağı hələ də qeyri-müəyyəndir. Çünki İranın əsas strategiyası da müqavimət göstərmək, qarşı tərəfi uzunmüddətli təzyiqlə yormaq və zəiflətməkdir. Bu səbəbdən qarşıdakı mərhələdə mübarizə tanklardan daha çox enerji bazarı, logistika və siyasi dözümlülük üzərində cəmlənəcək”.
Pərvin Şakirqızı