“Azərbaycana qarşı hər hansı iddia ilə çıxış etmək sülh və barışa zərbədir”– siyasətçi
Ekskluziv
450
22:04, Bu gün

“Azərbaycana qarşı hər hansı iddia ilə çıxış etmək sülh və barışa zərbədir”– siyasətçi

Son dövrlərdə beynəlxalq siyasi mühitdə Azərbaycanla bağlı müzakirələr daha çox müxtəlif maraqların toqquşduğu bir platformaya çevrilib. Xüsusilə Avropa İttifaqı institutları çərçivəsində qəbul edilən mövqelər və səsləndirilən fikirlər bəzən fərqli siyasi yanaşmaların təsiri altında formalaşır. Bu isə regionla bağlı proseslərin daha həssas və çoxşaxəli xarakter daşıdığını göstərir.

Maraqlıdır,Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri fonunda, Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsindən sonra yaranmış gərginliyin diplomatik yollarla yumşaldılması və Azərbaycan–Aİ münasibətlərinin strateji əməkdaşlıq müstəvisində qorunması nə dərəcədə realdır? Bu prosesdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və regional nəqliyyat layihələrinin təsiri hansı səviyyədə həlledici amil kimi çıxış edə bilər?

Moderator.az-ın suallarını Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, Ümid Partiyasının rəhbəri, siyasətçi İqbal Ağazadə cavablandırıb.

İqbal Ağazadə bildirib ki, Kaya Kallasın Bakı səfərindən əvvəl səsləndirdiyi bir bəyanat var idi ki, Avropa Parlamenti demokratik bir qurumdur və orada bütün qərarlar səsvermə mexanizmi ilə qəbul edilir:

"Bu isə o deməkdir ki, Kaya Kallas bu məsələdə fərdi şəkildə məsuliyyət daşımır və qərarın kollektiv xarakter daşıdığına görə məsuliyyət Avropa Parlamentinin öz üzərinə düşür. Parlament isə müxtəlif ölkələrdən seçilən nümayəndələrdən formalaşan bir qurumdur. Buna görə də Azərbaycan üçün enerji təhlükəsizliyi məsələləri də daxil olmaqla, həm Avropa İttifaqı, həm də digər ölkələrlə münasibətlər nə qədər yaxşı olsa belə, bu istiqamətdə daha çevik və fərqli yanaşmalarla işləmək zərurəti yaranır. Əks halda, düşündüyümüz qədər sadə şəkildə bu münasibətlərin davamlı şəkildə qorunması asan olmayacaq.

Çünki həm seçkilər nəticəsində formalaşan siyasi partiya spektri çox rəngarəngdir, həm də həmin parlament tərkibində Azərbaycana müsbət yanaşmayan, Cənubi Qafqazda Ermənistanın üstün mövqedə olmasını arzulayan və erməni diasporunun lobbi təsirinin mövcud olduğu deputatlar da yer alır.
Məhz buna görə də bu istiqamətdə daha fərqli və məqsədyönlü şəkildə fəaliyyət göstərmək vacibdir. Eyni zamanda, diplomatiyamız bu ölkələrlə düzgün və sistemli şəkildə işləyərsə, yeni formalaşan münasibətlər sistemində Azərbaycana qarşı daha obyektiv yanaşmanın yaranması mümkündür".

Siyasətçi vurğulayıb ki, ümumilikdə isə qeyd etmək lazımdır ki, dünyada etnik-milli münaqişələrdən tutmuş dövlətlərarası münasibətlərə qədər bir çox problemlərin həllində hüquqi yanaşma çox nadir hallarda üstünlük təşkil edir:

"Əslində, dünyada separatizm, müharibələr və qarşıdurmaların yaranmasını şərtləndirən əsas amillər də məhz bu siyasi yanaşmalardır.
Əgər proseslər yalnız hüquqi çərçivədə və vahid standartlar əsasında tənzimlənmiş olsaydı, ölkələr bu cür qarşıdurmalardan çəkinərdilər. Lakin təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq münasibətlərdə standartlar vahid deyil, siyasi maraqlara uyğun şəkildə dəyişkən tətbiq olunur. Hər bir dövlət öz maraqlarına uyğun yanaşma formalaşdırır və bu da qaçılmaz şəkildə ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Nəticə etibarilə, ölkələrin maraqları çox vaxt bir-biri ilə toqquşur və fərqli istiqamətlərdə pozulur.

Azərbaycanın da son 30 il ərzində maraqları ciddi şəkildə pozulub. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın tanınmış rəsmi sərhədləri daxilində ərazi bütövlüyümüzü şübhə altına alan yanaşmalar da mövcud olub. İşğalla bağlı qəbul edilmiş 4 qətnamə olsa da, həmin sənədlər icra olunmayıb.
Bu qətnamələrin yerinə yetirilməməsi fonunda Azərbaycan nəhayət özü addım ataraq həmin qərarların icrasını təmin edib.

Sabiq deputat qeyd edib ki, Azərbaycan isə heç bir mərhələdə qeyri-qanuni fəaliyyət göstərməyib. Nə 2020-ci ildə, nə də 2023-cü ildə Azərbaycana qarşı hər hansı iddia ilə çıxış etmək tamamilə absurd yanaşmadır. Azərbaycana qarşı belə iddiaların irəli sürülməsi sülh və barış prosesinə mane olmaq, eyni zamanda məsələlərə birtərəfli prizmadan yanaşaraq yalnız müəyyən ölkələrin maraqlarını önə çəkmək deməkdir. Bu isə nə obyektivlikdir, nə də hüquqi yanaşma prinsiplərinə uyğundur. Ermənistan–Azərbaycan danışıqlarında Avropa Parlamentinin irəli sürdüyü məsələlər əgər gündəmdə deyilsə və ya sülh müqaviləsinin imzalanmasına real maneə yaratmırsa, yaxud rəsmi şərtlər sırasında yer almırsa, bu halda Avropa Parlamentinin əlavə şərtlər irəli sürməsi olduqca düşündürücüdür.

Bu isə onu göstərir ki, proseslərdə kənar təsirlər və maraqlar mövcuddur. Belə yanaşmalar sülhün mahiyyətindən uzaqlaşaraq ayrı-ayrı ölkələrin maraqlarının təmin edilməsinə və ya təzyiq vasitəsi kimi istifadə olunmasına xidmət edir. Buna görə də Azərbaycan diplomatiyası bu reallıqlara uyğun şəkildə daha fəal və çevik işləməli, öz haqlı mövqeyini həm parlamentarilərin, həm də müxtəlif ölkələrin nümayəndələrinin diqqətinə daha aydın şəkildə çatdırmalıdır.Hər bir ölkə ilə düzgün kommunikasiya qurmaq, onları Azərbaycanın mövqeyinə yaxınlaşdırmaq və tərəfdaşlığa çevirmək bacarığı bu mərhələdə xüsusi əhəmiyyət daşıyır.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər