Sevgi, yaş fərqi və qalmaqallar arasında Bricit Makronun ictimaiyyətin diqqətindən düşməyən həyatı...
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron uzun illərdir ölkənin ən çox müzakirə olunan simalarından biridir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "People" nəşri yazıb.
Nəşr yazır ki, onun həyatı həm qeyri-adi sevgi hekayəsi, həm də müxtəlif söz-söhbətlər və qalmaqallarla müşayiət olunur. Birinci xanımın keçmişi və şəxsi həyatı ətrafında yaranan maraq zaman-zaman konspiroloji iddialara qədər gedib çıxır.
Müəlliməlikdən başlayan münasibət və çətin seçimlər
Bricit və Emmanuel Makronun tanışlığı onun müəllim işlədiyi Le Providence məktəbində baş verib. O zaman aralarında 25 yaş fərqi var idi: Bricit 39, Emmanuel isə 15 yaşında idi. Gənc Makronun ailəsi bu münasibəti qəbul etmədiyindən onu Parisə göndərir. Buna baxmayaraq, onların əlaqəsi kəsilmir və illərlə davam edir.
Həmin dövrdə Bricit evli idi və üç övlad böyüdürdü. O, uzun müddət şəxsi hissləri ilə ailə məsuliyyəti arasında seçim etmək məcburiyyətində qaldığını etiraf edir. Nəhayət, illər sonra həyatını dəyişərək Makronla münasibətini rəsmiləşdirir. Bu qərarın övladları üçün ağrılı olduğunu qəbul etsə də, başqa cür davrana bilmədiyini bildirir.
Evlilik, qalmaqallar və ictimai diqqət
Cütlük 2007-ci ildə evlənib və o vaxtdan bəri daim ictimai diqqət mərkəzindədir. Emmanuel Makron həyat yoldaşını özünün əsas dayağı kimi qiymətləndirir və onun səmimi münasibətinin siyasətdə balans yaratdığını deyir. Bricit isə münasibətlərini adi ailə kimi təsvir edir - fikir ayrılıqları, mübahisələr və barışıqların olduğunu gizlətmir.
Bununla yanaşı, onların münasibəti tez-tez mediada qalmaqallarla gündəmə gəlir. Müxtəlif jestlər, ictimai davranışlar və xüsusilə Bricit Makronun keçmişi ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olur.
Qərb mediasında və sosial şəbəkələrdə onunla bağlı müxtəlif versiyalar səslənsə də, bu iddiaların əksəriyyəti təsdiqlənməyib və mübahisəli olaraq qalır. Bütün bunlara baxmayaraq, Bricit Makron həm Fransa daxilində, həm də beynəlxalq səviyyədə ən çox diqqət çəkən birinci xanımlardan biri olaraq qalır.