“Görəsən, məni nə ilə şərləyib tutacaqlar?..”–Azərbaycan ziyalıları(!) “37”-də belə düşünürdü...”
Ekskluziv
11730
06 Jan 2024 | 19:58

“Görəsən, məni nə ilə şərləyib tutacaqlar?..”–Azərbaycan ziyalıları(!) “37”-də belə düşünürdü...”

"Müşfiqlərin, Cavadların, Cavidlərin əsas günahı onların saf qəlbli, təmiz vicdanlı, dürüst, vətənpərvər, millətsevər, həm də vüqarlı, əyilməz bir insan olmaları, bəziləri sovet rejimini tərənnüm edən şeirlər, əsərlər yazsalar da, qəlbən o işğalçı hakimiyyətə nifrət etmələri idi..." 
 
“O vaxt Müşfiqi sevməyənlər çox idi və həmin vaxt qəzetlərdə yazılırdı ki, kimdir axı 21 yaşlı Mikayıl Müşfiq ki, sovet hökumətinə meydan oxuyur. Daha sonra bəzi şeirlərində səhv tutmağa başladılar...”
 
“Qorxu qayda oldu, adicə qayda
Qorxudan don biçdi əyninə illər.
Bu məmləkət boyda həbsxanada 
Dustaq olmadıqmı hamımız məgər?..”- Bəxtiyar Vahabzadə.
 
“Biri həyatına olan gerçək təhlükə qarşısında qorxaqlığından, o biri sadəcə, şəxsi karyerası naminə yuxarılara yaltaqlanmaq üçün, digəri Müşfiq, Cavid, Cavad kimilərin gerçək şöhrət qazanmasına paxıllıq etdiyindən və s. öz soydaşlarını şərləyir, damğalayır, xalqa, dövlətə xəyanətdə suçlayırdılar...”
 
“Həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfiqi öz yanına çağırıb demişdi ki, artıq biz Hüseyn Cavidi itiririk, onu həbs eliyəcəklər, sən onun əleyhinə bir-iki yazı yaz, səni repressiyadan qurtara bilərik. O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir: “Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”...”
 
Bu gün sovet repressiyası qurbanlarından biri – gözəl və nakam şairimiz Mikayıl Müşfiqin anım günüdür... 6 yanvar 1938-ci ildə gənc şair tamamilə günahsız yerə  sovet cəlladları tərəfindən güllələnmişdir... 
 
86 il öncənin bu günlərində yalnız Müşfiq deyil, on minlərlə Azərbaycan ailələrində şər-şəbədələrlə, üzədurmalarla, saxta ittihamlarla haqsız həbslər baş verir, xalqımızın vuran ürəkləri, düşünən beyinləri açıq-aşkar məhv edilirdi...
 
Mikayıl Müşfiq - cəmi 29 il ömür sürmüş – ancaq Azərbaycan ruhunun neçə minillik yükünü daşımış, bənzərsiz şeirlərində yaşatmış və yaşadan şair... Onun, eləcə də Hüseyn Cavidin, Əhməd Cavadın, Salman Mümtazın, Almaz Yıldırımın, Yusif Vəzir Çəmənzəminli, Böyükağa Talıblı, Hacıbaba Nəzərlinin və s. taleyi həm də cildini dəyişə-dəyişə əsrdən-əsrə dövran sürən Rusiya imperiyasının Azərbaycan “sevgisi”nin bariz nümunəsi, “nicatımız Rusiyadadır”, “günəşimiz Şimaldan doğur” deyənlər və onların ardınca gedənlər üçün bir ibrət dərsi idi... 
 
“NKVD” cəza maşını Müşfiqi və digər ziyalılarımızı “sosializm quruculuğunun, sovet siyasətinin əleyhdarı”, “xalq düşməni  və s. damğalarıyla repressiya edirdi.  Ancaq repressiya qurbanı olmuş şair, yazıçı və alimlərimizin həyat və yaradıcılığını izləyəndə görürsən ki, onların nə yaradıcılığında, nə də ictimai fəaliyyətlərində sovet dövlətinə qarşı yönəlmiş ciddi bir məqam da yoxdur. Əksinə, məsələn, Müşfiqin də, Cavadın da yaradıcılığında sosializm quruculuğunu tərənnüm edən neçə-neçə şeir və poemalara rast gəlirsən... 
 
Bəs onda nə idi onların günahı?..
 
Araşdırmaçı jurnalist Dilqəm Əhməd 2017-ci il iyunun 5-də dərc olunmuş “Müşfiqdən Cavidə qarşı çıxmaq təklifinə cavab: "Baltalaram..."...” başlıqlı məqaələsində yazır:
 
“Müşfiqin “günah”ı nə idi?.. Müşfiqin əsərlərini oxuyanlar bilir. Bugün bizim çox sevdiyimiz sevgi şeirləri ilə yanaşı onun sovet hökumətini tərənnüm edən çoxlu şeirləri var. Çünki Müşfiq yeni dönəmin şairi idi, müəllim idi, hakim təbliğata uyğun olaraq yaradıcılığına yön verirdi. Necə ki, Dilbər Axundzadə “Müşfiqli günlərim”də Müşfiqin bu cümlələrini qeyd edir:
 
“Dilbər, bu gün yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz mənə elə toxundu ki…axı burjua sözü deyəndə bizim gənclərin təsəvvürünə zəhmətdən qaçan, insanlıqdan kənar, xalqı, cəmiyyəti, vətənini sevməyən adamlar gəlir. Özün de, mən elə sifətlərə layiqəmmi?”
 
Elə isə onu repressiyaya, üstəlik, sürgünə deyil, güllələnməyə aparan səbəb nə idi?
 
“Müşfiqin şeirlərində sovet hökumətini tərənnüm edən şeirlər var. Amma “Ana”, “Yenə o bağ olaydı”, “Həyat sevgisi” kimi şeirlər daha məşhur idi. Müşfiqin repressiyaya məruz qalmağının ilk qığılcımları 1929-cu ildə onun “Oxu Tar” şeirini yazması ilə başladı. O vaxt tara qadağa qoyulmuşdu, konservatoriyada tədrisi dayandırılmışdı, keçmişin qalığı, imkanlarının az olduğunu iddia edirdilər. Əsas məqsəd Azərbaycan muğamına zərbə vurmaq idi. Amma Üzeyir bəy həmin vaxtlarda tarı nota aldı, onun necə alət olduğunu isbatladı. Mikayıl Müşfiq Süleyman Rüstəmin “Oxuma tar” şeirinə cavab olaraq yazdı. O vaxt tara “məhkəmə” qurmuşdular. Müşfiqin o şeiri zalda deməsi böyük əks səda doğurmuşdu. O vaxt Müşfiqi sevməyənlər çox idi və həmin vaxt qəzetlərdə yazılırdı ki, kimdir axı 21 yaşlı Mikayıl Müşfiq ki, sovet hökumətinə meydan oxuyur. Daha sonra bəzi şeirlərində səhv tutmağa başladılar.
 
Məsələn “Könlümün dedikləri” şeiri var. O şeirdə yazılır:
 
Mənim könlüm deyir ki, hələ bunlar nədir ki…
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər hələ qarşımızdadır!
 
Bu şeiri belə yozdular ki, Mikayıl Müşfiq Sovet hökumətini bəyənmir, böyük günlərin hələ qabaqda olduğunu deyir. Onun cinayət işində də var ki, Müşfiq deyir ki, Azərbaycanın öz “müstəqilliyi” yoxdur, Rusiyanın koloniyası kimi yaşayır.
 
Və ya “Duyğu yarpaqları” şeirində belə bir bənd var:
 
Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var...
 
Belə yozurdular ki, Mikayıl dünyanı böyük bir dəryaya, Azərbaycanı kiçik bir sandala(qayıq-S.L.) bənzədir, Azərbaycan azadlığa getmək istəyir, amma qara yel adlandırdığı Sovet hökuməti onu getməyə qoymur.
 
Bu kimi şeirlərini yozaraq onun həbsi üçün bəhanə verdilər. 5 iyunda Müşfiq 29 yaşını həbsxanada qeyd elədi. Dilbər xanımın xatirələrində var ki, Müşfiq hazırlaşırdı ki, hamamda üzünü təraş etsin, səhər ad gününə qonaqları gələcəkdi. Həmin gecədə Müşfiqi apardılar”.
 
 
Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfiqi öz yanına çağırıb demişdi ki, artıq biz Hüseyn Cavidi itiririk, onu həbs eliyəcəklər, sən onun əleyhinə bir-iki yazı yaz, səni repressiyadan qurtara bilərik. O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir: “Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.
 
Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı.
Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var...”
 
Bəs Hüseyn Cavidin günahı nə idi?..
 
Tanınmış  jurnalist Elmin Nuri 2018-ci ilin oktyabrında dərc edilmiş “Hüseyn Cavidin həbs olunduğu gecə: üzünə duran NASİR və ələ salan TƏLƏBƏSİ” adlı məqaləsində yazır:
 
“Yay vaxtıdır. Daha dəqiq desək, qanlı 1937-ci ilin 3 iyun gecəsidir. Amma işıqları sönən əksər evlərdə hakim olan səksəkə, qorxu heç kimi yatmağa qoymur. İnsanlar hər ayaq səsindən, hər maşın siqnalından diksinirlər. “Görəsən, bu dəfə kimi aparacaqlar” deyə düşünürlər. Qara “EMADİN” özünü Cavid əfəndi üçün gecikdirmir.
 
Elə həmin 3 iyun gecəsi balaca evin daxması döyülür. (Həmin ev hazırda Əlyazmalar institutunun yerləşdiyi binada Hüseyn Cavidin ev-muzeyi kimi qorunur). Əvvəlcə, Cavid əfəndi, sonra isə Müşkünaz xanım səksəkəli halda oyanır.
 
Qapını açan şair DTK zabiti Pavlovun idbar sifəti ilə qarşılaşır. Vəssəlam, bu da son... Artıq hər şey məlum idi. “Evinizdə axtarış aparmalıyıq” deyilir və içəri hərbi formada olan başqa bir neçə nəfər də daxil olur. Nə axtarış? Bu balaca, ikigözlü evdə nə olacaqdı ki, guya? Məram-məqsəd hamıya aydın idi. Cavid əfəndinin sümüyü səksənir. Bir-birini əvəz edən danlaq dolu iclasları, haqqında yazıları danosları gözünün önünə gətirir.
 
“Axtarın, axtarın, hər yeri axtarın” deyə qışqıran Pavlovun səsi onu yenidən bu dar otağa qaytarır. Pavlov və qulbeçələri guya nəyisə tapırlar: Cavid əfəndinin əlyazma və məktubları, yazı üçün mürəkkəbqabı, qələm, kağızlar, 8 manat 56 qəpik də pul. Vəssəlam, şüttəmam. Yalandan nəyisə yazır, guya protokollaşdırırlar. Artıq uzatmağın bir mənasının da olmadığını görüb Cavid əfəndiyə hazırlaşmağını və onlarla gəlməyini buyururlar. Yalnız indi eynəyini gözünə taxa-taxa, yuxulu halda otağa gələn oğlu Ərtoğrul nələrin baş verdiyini anlamır. Qızı Turan isə şirin-şirin yatır. Beləcə, böyük Cavid əfəndi bu otağı tərk edir...
 
Həbs olunan zaman evindən tapılan “külli miqdarda” məbləğ - 6 manat kağız, 18 ədəd gümüş pul, bir də kitablar tapılan şairin “günah”ını təsdiqləmək üçün əsaslı dəlillər az idi. Bu səbəbdən, əvvəllər də etdiləri bir “qəhrəmanlığı” etməli idilər – yəni, bir ziyalının üzünə mütləq başqa ziyalını duruzdurmalıydılar. Lazımı şəxs üçün çox da var-gəl etmirlər...”
 
Bəs Əhməd Cavadın suçu nə idi?..
 
Təranə Vahid  “Şair, ölüm dalğası və azadlıq” (6 iyun 2012) məqaləsində yazır:
 
“...1937-ci il. Dövrün qara yelləri başlayır. Mətbuat səhifələrində Əhməd Cavada qarşı mənhus iftira kampaniyası gedərək genişlənir. “Kommunist” qəzetinin 12 mart 1937-ci il sayında Seyfulla Şamilovun yazıçıları tənqid edən “Ədəbiyyatda bolşevizm ideyalılığı uğrunda” adlı məqaləsindən: “Burada hər kəsdən əvvəl Əhməd Cavad haqqında danışmalıyıq. Əhməd Cavad Azərbaycan xalqının ən qatı düşməni olan “Müsavat” hökumətinin sevimli və dərvişlik edən şairi olmuşdur. Bu adam, ümumiyyətlə, bir yazıçı olaraq xalqımız tərəfindən lazımınca oxunmadığına, sevilmədiyinə, daha doğrusu, tanınmadığına baxmayaraq, xalq düşmənlərinin agitasiyası işində az vəzifə daşımamışdır. Əhməd Cavad özünün belə bir mənhus keçmişi ilə revolusiyadan sonra yenə də ədəbiyyatımızda iştirak etməkdən məhrum edilməmişdir”...
 
Həmin məqalədən üç ay sonra, 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Həmin dövrdə qəzetlərdə çıxan materialların yalnız sərlövhələrini xatırlamaq kifayətdir: “Sonadək ifşa etməli”, “Sıralarımızı təmizləyin”, “Amansız olmalı”, “Səhvlərimiz haqqında”. Bu yazıların müəllifləri sovet hökumətindən kifayət qədər bəhrələnən yazıçı və tənqidçilər idi...
 
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.
  
Bu da taleyin bir ironiyası: vaxtilə Əhməd Cavadla bir kənddə müəllim işləyən Mircəfər Bağırov sonralar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olur. Əhməd Cavadın repressiyaya məruz qalmasında onun xüsusi rolu olduğu güman edilir.
 
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır...”
 
Biz yalnız  sovet repressiyasının 3 qurbanının başına gətirilənlərdən qısaca danışdıq... Amma bu vəhşətin girdabına düşənlər on minlər, yüz minlər idi...
 
Belə nəticəyə gəlmək olur ki, Müşfiqlərin, Cavadların, Cavidlərin əsas günahı onların saf qəlbli, təmiz vicdanlı, dürüst, vətənpərvər, millətsevər, həm də vüqarlı, əyilməz bir insan olmaları, bəziləri sovet rejimini tərənnüm edən şeirlər, əsərlər yazsalar da, qəlbən o işğalçı hakimiyyətə nifrət etmələri idi. Onların çoxu Azərbaycan Xalq Cümhuriyyətinin bərpası arzusuyla yaşadıqlarına görə həbs edilir, sürgün edilir, işgəncələrə məruz qalır, güllələnirdilər...
 
O zaman bütün SSRİ məkanında, xüsusən də Azərbaycan kimi türk-müsəlman ölkələrinə insanlar nəinki hakim sovet rejimindən, həm də bir-birindən qorxur, şübhələnirdilər... Danışıqda və ya yazıda  bir yanlış söz, bir yanlış ifadəyə, yəni “siyasi səhvə” görə adamlar həbsə atıla, sürgün edilə, güllələnə bilərdi... Hamı suyu üfürə-üfürə içir, əksəriyyət öz milçəyini qoruyaraq bolşevik-kommunistlər tərəfindən verilən əmrə baş əyir, haqsızlıqlara göz yumur, hətta güzəranlarını yaxşılaşdırmaq üçün xalqın cəlladı olan o hökumətin cinayətkar rəhbərlərini, məmurlarını tərifləyir, adi kolxozçular, sağıcılar, fəhlələr iclaslarda, şairlər, yazıçılar, alimlər isə öz əsərlərində onları mədh edirdilər...  
 
Düzdü, Azərbaycan cəmiyyətinin qaymaqlarına qarşı repressiyada o zaman yerli hökimətin başında, hüquq-mühafizə orqanlarında yerləşmiş erməni mənşəlilərin də xeyli rolu olmuşdu. Fəqət, ayrı-ayrı insanların öncə təsvir etdiyimiz nəfsani xislətləri də,  xalqın say-seçmə oğullarının repressiya maşınının ağzına atılmasında gerçək bir mexanizmə çevrilmişdi. Biri həyatına olan gerçək təhlükə qarşısında qorxaqlığından, o biri sadəcə, şəxsi karyerası naminə yuxarılara yaltaqlanmaq üçün, digəri Müşfiq, Cavid, Cavad kimilərin gerçək şöhrət qazanmasına paxıllıq etdiyindən və s. öz soydaşlarını şərləyir, damğalayır, xalqa, dövlətə xəyanətdə suçlayırdılar... Hətta adi bir kəndlinin, kolxozçunun da digərindən xoşu gəlməyəndə fürsətdən istifadə edərək onu şərləyib tutdururdu, üzünə dururdu... Köhnə kişilərdən eşitmişəm ki, 40-ci illərdə, hələ Stalin, Bağırov hakimiyyətdə olarkən bir kəndli o birini şərləyibmiş ki, guya kolxozun bir girvənkə(400 qram) taxılını oğurlayıb. Zavallını dərhal Sibirə sürgün ediblər... 
 
Beləcə insanlar, xüsusən də bir balaca üzdə olan, başqa cür düşünən, hər hansı haqsızlığa qarşı sözünü deyə bilən ziyalılar, onların ailələri hər gecə səksəkə içində yatıb-dururdular. Hər kəs düşünürdü ki, görəsən, məni, yaxud, ərimi, oğlumu, qardaşımı nə ilə şərləyib həbs edəcəklər... 
 
Beləcə xalqımıza qarşı bu azğın repressiya, qətliam prosesi açıq şəkildə düz  50-ci illərin əvvəlinədək davam etdi...
 
Sovet repressiyalarından danışanda rəhmətlik Bəxtiyar Vahabzadənin şəxsən bəndənizə danışdığı və “İki qorxu” adlı poemasında təsvir etdiyi təxminən 1950-ci illərin əvvəlində baş vermiş bir hadisə də yadıma düşür.  Şair görkəmli bəstəkar, “Cücələrim” mahnısının müəllifi, “fəhlələrdən yox, cücələrdən yazdığına görə” repressiyaya məruz qalan Qəmbər Hüseynli ilə bir-biri ilə görüş zamanı Stalin haqqında dedikləri  bir neçə fikrə görə bir-birindən şübhələnərək hər ikisinin gecə səhərədək yatmamalarından bəhs edir. Təsəvvür edin ki, bir-biri ilə dost olan şair bəstəkardan, bəstəkar isə şairdən şübhələnir. Dost dostdan şübhələnir ki, birdən Stalin haqqında dediklərini hökumət orqanlarına çatdırır. Gecə səhərədək həyətdən hər maşın səsi gələn kimi oyanırlar...
 
 
Ustad Bəxtiyar sözügedən poemasında repressiya illərinin ab-havasını çox aydın təsvir edir:
 
“Qorxu qayda oldu, adicə qayda
Qorxudan don biçdi əyninə illər.
Bu məmləkət boyda həbsxanada 
Dustaq olmadıqmı hamımız məgər?..
 
*** ***
 
O vaxt susardılar xeyirdə, şərdə 
İdrakı, vicdanı əzərdi şübhə.
O zaman evlərdə, idarələrdə
Qara kabus kimi gəzərdi şübhə...
 
Yaman yeyin idi şübhənin atı, 
Hamımız qul idik, o, bəydi ancaq.
Birinin birinə münasibəti
Şübhəydi, 
şübhəydi,
şübhəydi ancaq!
 
Odur ki qorxardıq bir-birimizdən,
Qorxu saçılardı gözlərimizdən.
 
Düzlüyü, mərdliyi döşlədi qorxu,
Bir əsər qalmadı vüqarımızdan.
Elə canımıza işlədi qorxu,
Axdı qan yerinə damarımızdan.
 
Səhrada göyərən bir qanqal təki
Bizim içimizdə kök atdı qorxu.
Yalanla həqiqət arasındakı
Halal sərhədləri dağıtdı qorxu...
 
Boğub həqiqəti yalan öyündü,
Əsil mənasını itirdi söz də.
Yalan üzümüzdə gülüşə döndü,
Həqiqət ağladı ürəyimizdə...”
 
Allah bir daha  Azərbaycan xalqına, Azərbaycan ziyalılarına belə ağır, dəhşətli repressiya günləri yaşatmasın...
 
İmperiyaların bütün basqılarına, təzyiqlərinə rəğmən Azərbaycan, türk-İslam dünyası var olacaq dünya durunca...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər