“Narazılıqlar olurdu ki, rejissor eyni aktyor-aktrisa üçün tamaşa götürür, onları cəlb edir”
“Amaliya xanım Bakı Bələdiyyə teatrında gözəl kollektiv yaratmışdı. Teatrı ilk yaradanda məni rejissor olaraq dəvət etmişdi. Lakin Akademik Milli Dram teatrında çalışdığım üçün vaxt yox idi ki, ora gedib gəlməyə. Çünki AZDRAMA-da bir tamaşa bitən kimi digərinin məşqlərinə başlayırdıq. Amaliya xanım vəfat edəndən sonra qızı Aynur Muxtarova məni dəvət etdi və mən də böyük məmnuniyyətlə getdim. Mən özümə borc bildim ki, gedim. Çünki Amaliya xanımın teatrı yaşamalı idim. Biz onu yaşatmalı idik. Bu gün də çalışırıq ki, bu teatrın şöhrətini qoruyub saxlayaq”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyib. O daha sonra bildirib ki, hər bir rejissorun sevimli akyorları olur.
“Yaradıcılıqda bu olur. Bir truppada 80-100 nəfər aktyor var, hamısı bir rejissorun sevimli aktyoru ola bilməz axı. 1980-ci ildə Akademik Milli Dram teatrına gələndə mənim öz sevdiyim, məni tez anlayan, başa düşən aktyor-aktrisalar oldu. Hər bir rejissorun öz stili var. Heç bir rejissor o biri rejissorlara bənzəmir. Bu fərdi sənətdir. Elə sənətçilər var idi ki, onları tamaşadan tamaşaya sevdim. Fuad Poladov, Həsən Turabov, Bəsti Cəfərova, Amaliya Pənahova, İlham Əsgərov, Əjdər Həmidov və s. aktyorlar tamaşalarımda əsas rollarda çıxış ediblər. Həmişə tamaşa götürəndə çalışırdım ki, bu aktyorlar tamaşalarımda olsun. Əlbəttə ki, narazılıqlar olurdu ki, rejissor eyni aktyor-aktrisa üçün tamaşa götürür, onları cəlb edir. Mənə elə gəlir ki, bu təbiidir. Burada qınanılası bir iş yoxdur” deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, aktyorların tələbkarlığını bəzi rejissorlar kapriz adlandırır.
“Aktyorları duymaq lazımdır. Mən böyük sənətkarlarla çalışmışam, amma onlarda belə bir kaprizlərə rast gəlməmişəm. Sadəcə olaraq onlar müəyyən fikirləri deyəndə çalışırdılar ki, rejissor o fikrə sadiq qalsın, həyata keçirə bilsin. Mən bunları bilirdim və çalışırdım ki, aktyorlarıma başa salım ki, siz deyən kimi də bunu etmək olar, amma gəlin mən deyənə baxaq. Çox vaxt mən deyən fikir onların xoşuna gəlirdi. 40 il Akademik Milli Dram teatrında çalışmışam və heç bir sənətkarla konfliktim olmayıb” deyə xalq artisti bildirib.
Rejissor sənət dostu Bəsti Cəfərovadan da danışıb.
“Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi ilə əlaqədar olaraq tamaşa hazırlanmalı idi. Bəsti xanım o vaxtkı direktorumuza demişdi ki, mən istəyirəm yubiley tamaşamı Mərahim Fərzəlibəyov hazırlasın. Onun istəyi ilə və mən də Bəsti xanımı bir aktrisa kimi qəbul etdiyim üçün bu təkliflə razılaşdım. “Qılınc və Qələm” əsərinin motivləri əsasında “Qətibə İnanc” tamaşasını hazırladım. Aktyor və rejissor məhəbbəti, sevgisi həmişə olub və bu gün də var” deyə sənətkar bildirib.