“Azərbaycan Xankəndində “seçki” keçiriləcək binanı legitim hədəf elan edə bilər...”
5605
07 Sep 2023 | 14:24

“Azərbaycan Xankəndində “seçki” keçiriləcək binanı legitim hədəf elan edə bilər...”

“Yuxarı Qarabağda erməni silahlı birləşmələrinin təmizlənməsi üçün keçiriləcək əməliyyatı mütləq BMTTŞ-nin məlum 4 qətnaməsi ilə əlaqələndirməyimiz, zənnimcə, daha doğru olar...”
 
“Mən daha əvvəl də bildirmişəm ki, Yuxarı Qarabağın ermənilər yaşayan hissəsində növbəti qondarma “prezident” seçkisinin baş tutmaması üçün əlimizdən gələni etməliyik. Və Araik Arutyunyanın Xankəndində “seçilmiş” sonuncu “prezident” olmasından ötrü bütün resurslarımızı səfərbər etməliyik”
Bu fikri Moderator.az-a açıqlamasında “Rusiya, onun “sülhməramlı”ları və Yuxarı Qarabağın hayklar yaşayan hissəsində sentyabrın 9-na nəzərdə tutulan növbəti qondarma “seçki”yə hazırlaşan separatçı revanşistlər Azərbaycanı hər vasitə ilə, o cümlədən Ağdam-Xocalı-Xankəndi yolunu açmamaqla  təxribata çəkirlər. Bütün bunların axırı hara aparır?” sualını cavablandıran hərbi ekspert Ədalət Verdiyev ifadə edib.
 
“Hər bir halda həmin qondarma seçkilərin tarixi və yeri Azərbaycan üçün sirr deyil.  Düşünürəm ki, bu haqda siyasətçi və politoloqlarımız artıq öz xəbərdarlıqlarını etməlidirlər. Və zərurət yaranarsa, Azərbaycan Xankəndində o üzdəniraq “seçki”lərin keçiriləcəyi “parlament” binasını belə, “seçki” günü üçün legitim hədəf elan edə bilər”,- deyə davamında həmsöhbətimiz bildirib.
 
“Ümumilikdə isə ermənilərin bizə qarşı törətdiyi təxribatlar yalnız bu qondarma “seçki”lərlə əlaqədar deyil. Eyni zamanda daha əvvəl bir sıra məsələlərin də həll olunmaması, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Qarabağdan qanunsuz silahlıları çıxarmaması, Azərbaycana qarşı atıcı silahlardan istifadə edilməsi, həm bizim, həm də Avropanın mülki aviasiya vasitələrinə radio-elektron hücumların həyata keçirilməsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməmiş qalan hissəsinin, yəni erməni silahlı birləşmələrinin Azərbaycan Respublikası ərazilərindən tam şəkildə çıxarılmasını təmin edən hissəsinin icrası üçün müvafiq addımlar atmasına əsas verir. Başqa sözlə, Yuxarı Qarabağda erməni silahlı birləşmələrinin təmizlənməsi üçün keçiriləcək əməliyyatı mütləq BMT TŞ-nin məlum 4 qətnaməsi ilə əlaqələndirməyimiz, zənnimcə, daha doğru olar...
 
Ağdam-Xankəndi yoluna gəlincə isə, bu yolun açılması artıq bir zərurətdir. Və Azərbaycan öz ərazisi olan Ağdamdan özünün digər ərazisi - Xankəndinə humanitar yük göndərməyənə qədər heç bir ölkənin bircə kibrit çöpü də belə, Ermənistanla sərhəddən Yuxarı Qarabağa buraxılmayacaq. Buna Ermənistan, Fransa və “humanitar yardım” məzhəkəsində iştirak edən digər dövlətlər və güclər də tam əmin olmalıdırlar”,- deyə hərbi ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər