“Yay aylarında vəziyyətin necə olacağını heç kəs deyə bilməz”
Son günlər Kürdə suyun azalması, çayın yatağının bir qədər geri çəkilməsi, bir sözlər, quraqlığın yaranması insanlarda narahatlıq yaradıb. Ölkənin şirin su tələbatının əsas hissəsini təşkil edən Kürdə şirin su həddinin getdikcə azalması ciddi problemlərə gətirib çıxara bilər.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Moderator.az-a açıqlamasında məsələ ilə bağlı vacib detallara toxunub:
“Susuz həyat ola bilməz. Kür çayı yoxdursa, əhalinin suyla təminatı, əkin sahələrinin sulanması, su elektrik stansiyalarının işlədilməsi mümkün, olmayacaq. Kür-Araz ovalığındakı əkin sahələri Kürün suyuyla sulanır. Oraları sulamaq üçün kifayət qədər yeraltı sularımız yoxdur. Mingəçevir və Şirvanda elektrik stansiyalarını soyutmaq üçü milyonlarla kubmetr su lazımdır. Su olmadığı halda onların fəaliyyəti dayandırılır. Ölkədə işıq olmamağı nə deməkdir?! Bu ən böyük problemdir. Ölkədə su yoxdursa, suyu hardan gətirməliyik? Bu təbiətə də ziyan vurur bitki və heyvanat aləmi zərər çəkəcək. Şəxsi həyətində heyvan saxlayanlar yerdən su qazıb heyvanlarını suyla təmin edə bilər. Vəhşi heyvanların belə bir şansı yoxdur. Kim yerin altından su çıxardıb verəcək onlara?”
“Bizdə əsas problem suyun olmaması deyil”
Z.Eminov problemin kökündə sudan istifadə qaydasında görür:
“Bizdə əsas problem suyun olmaması deyil, sudan istifadə məsələsi ilə bağlıdır. O qədər ərəb ölkələrinin, İsrailin heç bir su mənbəyi yoxdur. Bununla bərabər, onlarda su problemi də yoxdur. Müəyyən səbəblər var ki, bizdə ona görə belə problemlər yaranır.
Artıq mart ayından ölkədə içməli su problemi yaranıb. Yay aylarında vəziyyətin necə olacağını heç kəs deyə bilməz. Sudan istifadə məsələsinə nəzarət etmək lazımdır. Rəsmi məlumatlara görə, götürülən suyun 40-50%-i itir. İtkini azaltmaq lazımdır. Bu gün dünyanın heç bir yerində açıq suvarma məsələsi yoxdur. Bu 20 il bundan qabaq qurtarıb. Bizdə isə, torpaqların böyük əksəriyyəti açıq suvarma ilə sulan ır. Bu haqda fikirləşmək lazımdır”.
Rəna Nəbi