Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Şuşa bəyannaməsi ilə bu əlaqələr müttəfiqlik səviyyəsinə qaldırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın möhkəmlənməsini və qarşılıqlı hərbi yardımı nəzərdə tutur.
Ölkələrimiz arasında hərbi əməkdaşlığın bu günkü səviyyəsini üç vacib amil müəyyənləşdirir: Birincisi, NATO ilə əməkdaşlıq sənədləridir. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələrdir. Bakıda imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilədə nəzərdə tutulan müddəalar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir. Üçüncüsü, Türkiyənin milli regional maraqları , həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Xüsusi vurğulamaq istərdim ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın gemişləndirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.
Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və möhkəm təməllərə əsaslanan müxtəlif sahələrdə əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu mənada “Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən sənəddir. Müqavilə iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığına da müsbət töhfələr verir.
Bakı şəhərində 2017-ci il oktyabrın 31-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş tərəflərin səlahiyyətli orqanları və ya müdafiə sənayesi müəssisə və təşkilatları arasında qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin əsaslarını əhatə edir.
Ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqda hərbi təchizat və silah sahəsində elmi və texniki yeniliklərdən istifadə edilir. Tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarının inkişaf etdirilməsi təmin edilir.
Hər iki ölkənin hərbi texniki qurumları, müdafiə sənayesi təşkilatları və təmir-bərpa müəssisələri arasında əməkdaşlıq edir, eyni zamanda, tərəflərin təşkilatçılığı və iştirakı ilə müdafiə sənayesi sərgisi və simpoziumları təşkil olunur.
Türkiyə Azərbaycanın Avroatlantik məkana inteqrasiyası çərçivəsində fəaliyyətini dəstəkləyir. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlığının olduğu və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbçi təhsil alıb. Türkiyə Silahlı Qüvvələri Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsinə töhfə verir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərdə müşahidəçi qismində dəvət olunur, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir.
Dost və qardaş ölkə Azərbaycan ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlıq hazırda yüksək səviyyədədir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq müvafiq şirkətlər arasında, beynəlxalq müqavilələr çərçivəsində reallaşır. 2000-ci il sentyabrın 20-də Türkiyə və Azərbaycn arasında imzalanmış “Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə əməkdaşlığın hüquqi təməlini təşkil edir.
ASELSAN tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təmin edilməsi məqsədilə 1998-ci ildə Azərbaycanda “ASELSAN-Bakı” şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, mülki məhsulların satışı və digər xidmətlər göstərir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən ASELSAN istehsalı olan müxtəlif elektro-optik sistemlər, rabitə vasitələri və radarlar istifadə olunur.
1990-cı illərdən bəri Azərbaycan Ordusunda istifadə olunan ASELSAN hərbi rabitə sistemləri və Roketsan istehsalı olan çoxlüləli raket qurğusu (MLRA) sistemlərinin son zamanlar fərqli imkanlarla genişləndiyini müşahidə etdik. Bura önündə Silahlı İnsansız Hava Araçları (SİHA), Coğrafi Analiz Sistemləri, Taktik Sahə Mübarizə Sistemləri, Komanda İdarəetmə Proqramı, Hədəfsiz İnsansız Hava Araçları (İHA), Elektron Hərbi Qorunma Sistemləri və bir çox platforma modernizasiya proqramları daxildir.
Türk müdafiə sənayesinin nəinki Azərbaycana məhsul satdığı, həm də yüksək əlavə dəyər və davamlı qabiliyyətlər təmin etmək üçün birgə istehsal və inkişaf layihələrinə üstünlük verdiyi müşahidə olunur. Bunun ən yaxşı nümunələri gəmiqayırma zavodunun modernləşdirilməsi, donanmanın gəmiqayırma layihəsi və birgə radio istehsalı layihələridir.
Türkiyədə son illərdə müasir müdafiə sənayesi bazası yaradılıb. Bu çərçivədə aviasiya, zirehli texnika, müdafiə elektronikası, raket sistemləri və ümumi silah sənayesi sahələrində ən son texnologiyaya sahib NATO standartlarına uyğun olan sistemlər istehsal edilir. Bundan başqa, Türkiyədə dost və qardaş ölkələrin tələbatına uyğun olaraq hərbi geyim hazırlanır. Eyni zamanda, Türkiyə ilə bir sıra layihələr – atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrinin, onların ehtiyat hissələrinin idxalı, maskalanma torlarının istehsalı üçün xammalın alınmasına dair müqavilələr imzalanıb.
Ölkələrimiz arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Azərbaycanda sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və bu istiqamətdə Türkiyənin göstərə biləcəyi dəstək də mühüm hesab edilir.
Türkiyə müdafiə sənayesinin ən böyük, dünyanın isə 60 böyük müdafiə sənayesi şirkəti arasında yer alan ASELSAN Azərbaycanla qarşıdakı dövrdə əlaqələri genişləndirməyi planlaşdırır. Hazırda Azərbaycan Silahlı Qüvvələri və müdafiə sənayesi ilə əməkdaşlıq edən ASELSAN yeni layihələr üzərində çalışır.
Azərbaycan müdafiə sənayesi ilə ASELSAN şirkəti arasında tədqiqat və inkişaf üçün birgə elmi və mühəndislik layihələri diqqəti çəkir. Türkiyənin “Baykar Defense” şirkətinin və “T3 Vəqfi”- nin Azərbaycanda həyata keçirməyi planlaşdırdığı elm və sənaye sahəsindəki əməkdaşlığın iki ölkə arasındakı müdafiə sənayesi infrastrukturuna və ticarətinə də müsbət təsir edəcəyi düşünülür.